16:26
18 İyun 2020

"Bizim üçün ən çətin dövr başlayır" - Qurban Qurbanov

“Azarkeşlərimizin hər birini təbrik edirəm. Onlar, bəlkə də, bizdən çox bu çempionluğu gözləyirdilər".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Koronavirus pandemiyası səbəbindən Premyer Liqada 2020/21 mövsümünün erkən başa çatdırılmasına münasibət bildirən çalışdırıcı komandasının çempion elan olunması barədə klubun mətbuat xidmətinə fikirlərini bölüşüb: "Mövsümün əvvəlində qarşımıza çempionluq hədəfi qoymuşduq. Baxmayaraq ki, Premyer Liqanın yekunlaşmasına bir neçə tur qalmış çempionat dayandırıldı. İkinci pillə ilə aramızda 8 xal fərq var idi və çempion olmaq şansımız çox idi. Buna uyğun da AFFA İcraiyyə Komitəsi çempionatın dayandırılmasına və qalibi müəyyənləşdirməyə qərar verdi”.

Qurbanov çempionluq münasibətilə futbolçularını təbrik edib: “Ardıcıl 7 il çempion olmaq çox yaxşı göstəricidir. Neçə ildir bu komandadayam, klub rəhbərliyi, futbolçularla və işçilərlə tək fikrimiz düzgün iş qurmaqdır. Bunu da klubda hər kəs dərk edirdi, bu stabillikdə hamının əməyi var. Bu çempionluğu qeyd etmək hamının haqqı idi, hamını təbrik edirəm. Dəfələrlə demişəm ki, hər bir uğur əldə etdikdən sonra bizim məsuliyyətimiz daha da çoxalır. Bu çempionluğun özəl bir yeri var, ardıcıl 7-ci dəfə Azərbaycanda çempion olduq. Baxmayaraq ki, ağır dövrdür, çətinliklər çoxdur. Biz də öz işimizi dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində, həm də öz peşəkarlığımızla görməyə çalışırıq”.

Ağdam klubunun baş məşqçisi qarşıdakı zamandan düzgün istifadə etməyə çalışacaqlarını əlavə edib: “Düzdür, sıxıntılarımız olacaq, komanda uzun müddətdir rəsmi oyunlara çıxmır. Avqustun 17-də Çempionlar Liqasının təsnifat mərhələləri başlayır. O vaxta qədər düzgün plan qurmalıyıq. Çempionat başa çatsa da, bizim üçün ən çətin dövr başlayır. Həm transfer dönəmi başlayır, həm də rəsmi oyunlarsız Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşmağa daha çox vaxt sərf eləmək lazım olacaq. Bu pandemiya bütün dünyada yayılıb. Hər bir halda çalışacağıq ki, düşdüyümüz situasiyanı qəbul edib bu vəziyyətdə düzgün hazırlaşaq və mövqe tutaq”.

Dİgər xəbərlər