17101
writer1

Samirə Əşrəf

Məqalə sayı : 50

13:12 16 İyun 2020

Bəhram Bağırzadənin nəfəsi

İnsan yaşlandıqca keçmiş onun üçün daha doğma təsir bağışlayır. Keçmişdə baş verən hər şey bizim üçün unudulmaza və təkrarolunmazlığa çevrilir.

Ötən günlərin qiymətli olması isə ora daxil olan yaşantıların zənginliyinə, bu yaşantılara səbəb olan insanların kimliyinə bağlıdır.

Bizim uşaqlığımız müharibənin ən qaynar vaxtına, ölkənin ən kəşməkeşli dövrlərinə tuş gəldi. Yenicə özümüzü dərk etməyə başlayırdıq ki, müharibə başımızın üstünü kəsdirdi. Ömrümüzün bir neçə ilini təhsilsiz, evsiz, dolanışıqsız keçirməyə məhkum olduq. Belə məqamlarda uzaqdan da olsa, gülüşə, xoş sözə, həyatın təbəssümlə bizə toxunmasına ciddi ehtiyacımız vardı.

Bəhram Bağırzadə ilə ilk tanışlığımız da həmin təbəssümsüz, boz-bulanıq illərdə baş tutmuşdu.

Etiraf edək ki, 90-cı illərin əvvəllərindən tamaşaçı kütləsi tərəfindən sevilməyə başlayan “Şən və Hazırcavablar Klubu”nun konsertləri, hazırladıqları səhnəciklər o dövrün çətinlikləri içində çapalayan insanlar üçün nəfəslik rolunu oynayırdı.

Bəhram özü isə həmin nəfəsliyin böyük bir hissəsini əhatə edirdi.

Yaşadığımız yataqxananın birotaqlı mənzilində gülmək üçün bəhanəmiz Bəhram Bağırzadənin, Murad Dadaşovun, Cabir və Tahir qardaşlarının hazırladıqları səhnəciklər idi.

İllər keçdi, biz böyüdük, bizim zəmanənin qəhrəmanları isə yavaş-yavaş yaşlandılar.

Günlərin bir günü mən sürətlə ötüb keçən illəri qovalaya-qovalaya ən çətin günlərdə üzümüzü güldürən adamla, Bəhram Bağırzadə ilə üz-üzə əyləşdim.

Müsahibimin saçları ağarmış, özü kökəlmiş, səsi isə qalınlaşmışdı. 26 yaşından 46 yaşına qədər gəlib çıxmış Bəhramla söhbət edəndə hiss etdim ki, bir az yox, xeyli yaşlanıb.

Bəhram Bağırzadə rahat göründüyü qədər də narahat adamdır. Ətrafında baş verən bir çox şeylər onu məyus edib təsirləndirir.

O, maraqlı insanlarla saatlarla söhbət etməyi, xeyirxah işlər görməyi, sənət naminə hər bir yaradıcı əməlin altına əlini qoymağı, bir də uşaqları çox sevir.

Uşaqlar üçün xeyli rəngli kitablar çap etdirmiş və onları qarşısına çıxan hər bir uşağa, uşaqları olan valideynlərə bağışlamağı özünə borc bilmişdi.

Bəhram Bağırzadə bu günə qədər iştirak etdiyi bütün layihələrdə trendə çevrilməyi bacaran tək-tük sənət adamlarındandır.

Onun “Rəis, alınmadı?!” kimi onlarla replikası bu gün də insanlar arasında işlənir, adamlara xoş ovqat bəxş edir.

Bu gün gülən adam susub.

Onun üz-gözündəki təbəssüm qeybə çəkilib.

Xəstəliklə yaxa-boğaz olan Bəhram hal-hazırda ağır vəziyyətdədir.

Ümid edirik, Bəhram Bağırzadə, bizim zəmanənin qəhrəmanı yaşadığı bu ağır günlərdən tezliklə xilas olmağı və taleyinə yazılan, amma hələ yaşaya bilmədiyi ən xoş günləri yaşayacaq.