16:33
10 İyun 2020

“Həkimlərimiz kimi polislərimizə də hər bir vətəndaşın təşəkkür borcu var” – Azay Quliyev

“Hamıya məlumdur ki, pandemiya ilə mübarizə məqsədi ilə tətbiq edilən karantin rejiminin tələblərinin yerinə yetirilməsinə Daxili İşlər Nazirliyi nəzarət edir”.

Bunu Lent.az -a Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyib.

Onun sözlərinə görə, qlobal təhlükəyə çevrilən, yüz minlərlə insanın həyatına son qoymuş bu infeksiyaya yoluxma riskini göz önünə alan asayiş keşikçilərimiz vətəndaşların sağlam qalması üçün gücləndirilmiş və çətin iş rejimində çalışırlar: “Daxili İşlər Nazirliyinin bu gün yaydığı məlumatda da əksini tapdığı kimi vəzifəsinin icrası ilə bağlı hər gün minlərlə insanla ünsiyyətdə olan polislər arasında da koronavirusa yoluxanlar var. Ancaq bu bəlaya qarşı mübarizənin uğurla başa çatması yalnız aidiyyəti dövlət qurumlarının fəaliyyətindən asılı deyil, həm də hər bir vətəndaşın karantin rejiminə dəqiq əməl etməsindən, məsuliyyətli davranışından asılıdır”.

Azay Quliyev təəssüf hissi ilə qeyd edir ki, bəzi vətəndaşlarımız əməl edilməsi son dərəcə zəruri olan karantin rejimi tələblərinə nəinki laqeyd yanaşır, həmçinin, özlərinin, ailə üzvlərinin, ətrafındakı digər şəxslərin həyat və sağlamlığına real təhlükə yaratmaqlarının fərqinə varmırlar: “Nəticədə infeksiyanı nəzarətdə saxlamaq üçün bütün səylərimiz və əziyyətimiz təhdid altına düşür. Son bir həftədə xəstəliyə yoluxanların və ölənlərin statistikasında müşahidə edilən ciddi artım təbii həyacan və təlaş yaradır. Bu baxımdan karantin rejiminə əməl etməyən vətəndaşlarla bağlı polisin lazımı tədbirlər görməsi vacibdir və bunu hər kəs dəstəkləməlidir”.

Onun sözlərinə görə, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları tələblərə əməl etməyən vətəndaşlar barədə tədbir görməyə məcbur olub: “Bu zaman bir qrup şəxs polislərin üzərinə məişət əşyaları (tullantıları) atmış və nalayiq ifadələr işlədib. Həmin şəxslər DİN əməkdaşları tərəfindən saxlanılarkən polisin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib. Həmin qadından üzr istənilib, həmçinin, qeyri-qanuni davranışa və hərəkətlərə yol verən polis əməkdaşı dərhal DİN sıralarından kənarlaşdırılıb. DİN rəsmiləri vətəndaşa qarşı yol verilən qanun pozuntusu haqqında görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırıb və gələcəkdə bu kimi xoşagəlməz halların baş verməməsi üçün xüsusi tapşırıq və təlimatlar verib”.

Azay Quliyevin fikrincə, bu bir daha vətəndaşların sağlamlığı ilə yanaşı, hüquqlarının da qorunmasının Azərbaycan dövləti üçün prioritet olduğunu göstərir: “Bütün bunlara baxmayaraq polis əməkdaşlarına qarşı sosial şəbəkələrdə məqsədli şəkildə aparılan, xüsusi qaydada idarə olunduğu görülən bir qarayaxma, nüfuzdansalma, ləkələmə kampaniyasını müşahidə etməkdəyik. Dövlətimizə qarşı xoş niyyəti olmayan, hər zaman inkişafı və pozitivləri inkar edən, neqativləri şişirdilmiş formada təqdim etməkdə canfəşanlıq göstərənlərin ölkəmizdə ictimai asayişin qoruyucusu, sabitliyin keşikçisi olan polislərimizə qarşı həyata keçirməyə çalışdığı mənəvi terror qəbulolunmazdır və hamı tərəfindən pislənilməlidir. Hətta rəsmi qurumların və millət vəkillərinin açıqlamalarını (xüsusilə Əli Hüseynli və Fazil Mustafanın) bilərəkdən kontekstdən çıxararaq özlərinə sərf edən formada ictimai rəyi çaşdırmaq məqsədilə yayan bəzi saytlar və sosial şəbəkə istifadəçilərinin xəbis niyyətini görmək çox üzücüdür. Hesab edirəm ki, polisimizi ictimai qınaq adı altında yürüdülən qisas və nifrət kampaniyasından qorumaq dövlətçilik mövqeyində olan hər bir şəxsin borcudur. Bir sadə həqiqəti heç kim unutmamalıdır: Polis ön cəbhədə vuruşur və onun bizi qoruması bizim onu necə qorumamızdan çox asılı olacaq.

Sonda isə hesab edirəm ki, koronavirus bəlası ilə mübarizədə ilk gündən başlayaraq həkimlərimiz kimi fədakarlıq göstərən, ön cəbhədə yer alan polislərimizə də hər bir vətəndaşın təşəkkür borcu var”.

Dİgər xəbərlər