11689
writer1

Samirə Əşrəf

Məqalə sayı : 50

13:12 10 İyun 2020

Evlərin damında domino oynayan karantin kişiləri

 

Hər bir xalqın öz adət-ənənəsi, qayda-qanunu və buna uyğunlaşdırılmış yaşayış tərzi var. İnkişaf etmiş ölkələrdə bir çox insanlar həm işləyirlər, həm pul qazanırlar, həm də bütün bunların fonunda bala-bala istirahətlərini edirlər.

Onlar bizim kimi gündə beş dəfə qazan asmır, dizlərini yerə atıb evin hər künc-bucağını yeri gəldi-gəlmədi “uborka” eləmir. Buna görə, dörd-divar arasında ilişib qalmırlar. Onlar bizlərdən fərqli olaraq istirahət imkanlarından maksimum istifadə edərək həyatdan və təbiətdən zövq almağa çalışırlar. Bir balaca yaşıllıq tapan kimi kütləvi şəkildə səhər, günorta axşam ora axışırlar.

Bizim istirahət anlayışımız isə şənbə və bazar günü ilə assosiasiya olunur.

Çoxunuz mənimlə razılaşarsınız ki, bu istirahət gününün adı var, özü isə yoxdur. Mənim kimi işləyən insanlar üçün şənbə və bazar günləri həm yır-yığış, həm ev problemlərinin həlli günüdür.

Mən isə tək deyiləm.

Karantinə düşən istirahət günləri bu problemləri üstüaçıq saxladı. Hələ koronovirusla bağlı ilk açıqlamalarında psixoloqlar deyirdilər ki, karantinin yaratdığı psixoloji gərginliklər mütləq olacaq.

Şair demişkən, deyilənlər gəldi başa. Ötən həftə sonunun karantin günü elan olunması isə cəmiyyətin bəzi gizlinlərini üzə çıxardı. Əvvəlcə marketlərdə, mağazalarda yaranan həngamə, çörək davaları, daha sonra insanların evlərdə oturmaqdan sıxılıb küçələrə çıxma cəhdləri və bu cəhdlərin ardınca gələn cərimələr və digər xoşagəlməz hallar özünü göstərdi...

Yay kasıbın fəslidir. Kasıb qarışqa kimi yayda işləyib, qışda yeyir. Kimisi mürəbbəsini bişirir, kimisi yorğan-döşəyini yuyur, kimisi bazarlığını edir, bir sözlə kasıbçılığını eləyir. İstirahət edən də ailəsini, uşaqlarını başına yığıb gəzintiyə, dağa, bağa gedir. Bu günləri dörd divar arasında keçirmək xeyli çətindir. Üstəlik də ilin ən gözəl fəslində. Qadınlar buna necəsə alışa bilir, kişilər bu barədə səliqəsizdir. Onlar evdə oturmağa adət etməyiblər. Misalçün, ötən həftə elan olunan karantin günlərində eyvana çıxanda siqaret tüstüsündən göz yaşarırdı. Hər eyvandan bir kişi hünəri boylanırdı. Ertəsi gün isə onlar eyvanlardan binaların damına köçmüşdülər. Təsəvvür edin ki, doqquz mərtəbəli, on bir mərtəbəli binaların başında kişilər dövrələmə əyləşib domino, nərd oynayırdılar. Orda baş verəcək kiçicik bir qəza insan həyatının itirilməsi deməkdir həm də.

Hal-hazırda insanlarda kütləvi depressiya müşahidə olunur. Hər kəs əsəbi, gərgin, deyingəndir. Bu gün istifadə etdiyim hər iki marşrutda sürücülərlə sərnişinlər arasında dava düşüb, insanlar koronaviruslu karantin günlərinin günahını qarşısına çıxan ilk insanda axtarıb tapmağa və bütün hirsini onun üzərinə tökməyə hazır vəziyyətdədir. Günahkar isə tapılmır, yoxa çıxıb.

Artıq hər kəs özünü növbəti istirahət həm də karantin günlərinin sərtliyinə hazırlayır. Keçən həftənin beşinci günü işdən çıxandan sonra heç yerdən çorək tapmayan mən artıq bu həftə ən azından çörəklə bağlı ciddi tədbirlər görmək məcburiyyətindəyəm, heç olmasa, beş kilo un almağı, bir az meyvə-tərəvəz tədarük etməyi düşünürəm.

Nə də olsa, dieta saxlamaq həmişə mümkündür, amma istirahət günlərində karantin bir də ələ düşməz. Hər halda ümidimizi üzməyək və möhkəm olaq.

Ümid edək ki, bu bəlayla mübarizədə daha effektiv yollar tapılacaq.