8068
writer1

Vüsalə Mahirqızı

Məqalə sayı : 7

13:40 09 İyun 2020

“Dövlət bağışlayan, vətəndaş fədakar olanda gözəldi!” – Vüsalə Mahirqızı yazır

Pandemiyanın gətirdiyi yeni şərtlər ağır oldu. Hamının əsəbi gərginliyi yaranır, vətəndaşın da, siyasətçinin də, polisin də. Zatən bu prosesin əvvəlindən mütəxəssislərin proqnozları arasında bu da var idi. Uzun vədəli karantin prosesi insanların əsəbini gərəcək, ümumən, cəmiyyətlərdə aqressiyanı artacaq. Çünki hamımızın ənənəvi həyat tərzimiz dəyişib, məhdudiyyətlər insan üçün həmişə qəbuledilməz olur, hər birimizin alt şüurunda özümüzün, yaxınlarımızın həyati təhlükəsi, bu illətə yoluxma təhlükəsi var. Statusundan, işindən, maddi vəziyyətindən asılı olmayaraq, hamını "sabah necə olacaq" sualı düşündürür. Dünya bir naümidliyin içindədi, nəinki hər hansı bir ölkə.

Ona görə də bu dövrdə hər birimizdən maksimum səbir, təmkin, hövsələ, dözümlülük tələb olunur.

 

Dövlət nə edirsə, bu prosesdə vətəndaşını maksimum az itirmək, maksimum xəstəliklə uğurla mübarizə aparmaq üçün edir. Bu prosesdə ən çox əziyyət çəkən, sözün həqiqi mənasında gecəsi-gündüzü olmayan peşə sahiblərindən biri də polis olub. Prosesi son dərəcə yaxşı aparıblar. Qayda-qanunlar ona əməl edən 99 faiz kimi, ona əməl etməyən 1 faizə də aiddir. Hamı əməl etməlidir, nəinki polislə, heç kimlə sayğısız davranmaq olmaz, nəinki polisin, heç kimin başına zibil atmaq olmaz. Etirazın bu yolu cəmiyyəti, ölkəni uçuruma aparar. Ona görə də belə hərəkətə ən çox bu ölkədə hüquqi dövlət quruculuğunun uğurla başa çatmasını istəyənlər etiraz eləməlidilər. Hər yerdə polis qanunun, dövlətin sərt üzüdür.

Polisin sıralarında on minlərlə əməkdaş var. Və onların heç biri bu ölkəyə nəinki başqa planetdən, heç başqa ölkədən də gətirilməyib. Onlar da elə onlara zibil atanlarla eyni təhsil sistemində yetişiblər, oxşar təfəkkürlü ailə mühitində böyüyüblər. Balaca ölkəyik, axtarsan, ordakı polislərlə insident yaradan vətəndaşlar arasında neçə qohum, neçə ortaq tanış tapacaqsan. Deməyim o ki, polis də vəzifəsinə uyğun olmayan adekvat reaksiya verə bilir, necə ki, dünən bəzi epizodlarda təəssüf ki, bunun da şahidi olduq.

Məncə, sosial mediada da bu aqressiyanı, qarşılıqlı ittihamı bitirmək lazımdır. Dövlət böyük, güclü, bağışlayan, qanunu qoruyan olanda, vətəndaş dövləti naminə fədakar, anlayışlı və qanunsevər olanda gözəldi!