8122
writer1

İlqar Rəsul

Məqalə sayı : 3

14:22 04 İyun 2020

Oyuna qarşı oyun – İlqar Rəsul yazır

Əslində sərhəd bağlamaqla, qürbətdən qayıdanları göz altına almaqla ölkə daxilində virusun yayılmasını əngəlləmək o qədər də güvənilən üsul deyil. Bunu tək Azərbaycan deyil, bütün dünya bilir. Amma əlbəttə, sərhəd də bağlanmalıdır, necə deyərlər, şübhəlilər də göz altına alınmalıdır. Çünki bunlar da xilasa hesablanmış ümumi strategiyanın həlqələridir. 

 

İndi keçək küçələrdən qorunmağa.

 

Vəziyyət belədir ki, bu koronovirusun dünyada yayılmasında birbaşa maraqlı olan hansısa təşkilat, dəstə və ya insan qrupu var. Bəlkə də heç onlar insan deyillər, insan cildində kimlərdilərsə. Amma bu, artıq başqa söhbətin mövzudur. Qayıdaq ona ki, bu virusun dünyada yayılmasında və vaksinin tapılmamasında maraqlı olanlar var. Heç şübhəsiz, həmin qrupun iradəsindən kənarda kimsə vaksini tapsa, dərhal virus himayədarlarının sayəsində öz xarakterini dəyişib, vaksini qüvvədən salacaq. Niyə? Çünki virusu dövriyyəyə buraxanlar onu “vaxtından əvvəl” hansısa vaksinə təslim etmək üçün qurmayıblar bu oyunu. Demək, onlar çox güclüdürlər və görünən odur ki, qurduqları oyunu planetimizdə poza biləcək qüvvə hələ ki, yoxdur. 

 

Oyun demişkən, bizim artıq bir neçə aydır müşahidə etdiyimiz, pis-yaxşı qorunmağa çalışdığımız, bu oyunun başlanğıcı, primitiv mərhələsidir. Anlaşılan odur ki, əsas mərəkə hələ qabaqdadır. Bunu, oyunu quranların tez-tez dünyaya buraxdıqları “ikinci dalğa olacaq”, “üçüncü-beşinci dalğa da var”, “pandemiya beş il çəkəcək” kimi informasiyalar da təsdiqləyir. Heç şübhəsiz, həmin oyunçu qurumun emissarları hələ bu virus ortaya çıxmadan dünyanın bütün ölkələrində oturublar. Çamadanlarında da virus dolu bankalar. Göstəriş olan vaxt açırlar bankanı, yayırlar virusu. “Birinci dalğa” da belə olub, “ikinci, üçüncü, beşinci dalğa”lar da belə olacaq. Cədvəl üzrə hansı ölkədə nə qədər lazımdı, o qədər buraxırlar virusu cəmiyyətə. 

 

Məsələn, indi, hamımızın yenidən arxayınlaşıb səhlənkarlıq etdiyimiz dönəmdə, emissarlar şəhərlərdə gəzib, deyək ki, dolu keçən avtobusları müşahidə edirlər, gözlərinə yaxşı gələnə minib, virusu buraxıb növbəti dayanacaqda düşürlər. Vəssalam. Bir avtobus adam yoluxdu. Başqa heç nə lazım deyil. Gün ərzində həmin bir avtobus adam özləri də bilmədən əvvəl çöldə, sonra da evdə insanları yoluxdurmaqla məşğul olurlar. Amma məsələ tək onlarla da bitmir. Axı gün ərzində həmin o gözə yaxşı gəlmiş avtobus dəfələrlə dolub-boşalır. Üstəlik də şəhərin bir çox yerlərində. Təsəvvür etdiniz də nə baş verir?  

 

Amma bir iş var. Biz ağıllı, məsuliyyətli olsaq, “gözəgörünməzlərin” bankanın ağzını açdıqları həmin avtobuslarda belə virusa yoluxmaya bilərək. Necə? Çox sadə. Koronavirusa qarşı qoyulan qaydalara əməl etməklə. Tək avtobusda yox, əlbəttə ki. Ondan düşəndən sonra qoruna bilərik məsuliyyətli olmaqla. Bununla evimizdəkiləri də qorumuş olarıq. Amma bu da hər şeyi həll etmir. Çünki evimizdəkilər də qaydalara əməl etməlidirlər. Evdən bicə nəfər bunu etməsə, qalanların ümumi cəmiyyətə qarşı məsuliyyətli davranışı öz əhəmiyyətini itirir, faydasızlıq baş verir. Hər kəsin öz ailəsində pandemiyaya qarşı məsuliyyətli olması cəmiyyətin məsələyə məsuliyyətini də yarada və gücləndirə bilər. Əgər biz pandemiya dövründə “Ölkəmiz böyük ev, cəmiyyətimiz böyük ailədir” yanaşmasını həyatımıza tətbiq etsək, həmin o oyunçuların qurduğu oyun xeyli uğursuzluğa düçar olar. 

Bir məsələni də vurğulayım ki, mənim tez-tez “oyun” deməyim heç kimi çaşdırmamalıdır. Bu, onlar üçün oyun, əyləncədir, bizim üçün ciddi fəlakətdir. Ona görə də virusun mövcudluğuna inanmayanlara, “belə bir şey yoxdur” deyənlərə və ümumiyyətlə, hamıya müraciət edirəm. 

 

Bunu bir çıxış yolu təklifi də saya bilərsiniz:                           

 

Olsun, lap koronovirus yoxdur və onu kimsə uydurub. Onda biz, hərəmiz öz koronavirus əhvalatımızı niyə uydurmayaq ki. Bəlkə elə ən böyük həqiqətimiz uydurduğumuz olacaq. Axı bilmirik qarşıda bizi nə gözləyir. Bəlkə elə bu, hazırda yaşadığımız yeni dövrdə ən gözəl günlərimizdir. Bəlkə oyunçuların bəşəriyyətə hücumunun öz “müqəddəs missiyası” olduğu kimi, bu hücumlara qarşı tətbiq olunan qaydaların da öz müqəddəs missiyası var? 

 

Gəlin elə düşünək ki, bu hücum əslində bizi məhv etmək üçün yox, birləşdirmək üçündür. Hətta bunun əksidirsə belə, biz onu özümüzə sərf edən, işimizi asanlaşdıran, mübarizəmizə şirinlik qatan tərəfə yozaq.

   

Elə hesab edək ki, bizi bir yerə yığıb ömrümüzün bir dönəmini sırf yaxınlarla birlikdə keçirməyə vaxt veriblər. Kim vermişdi indiyəcən bizə bu imkanı və vaxtı? Heç kim əlbəttə. 

 

Düşünün, insanlar. Bəlkə kimsə sizi bir birinizlə tanış edir. Axı həyatımızda hər şey həmişə biz düşündüyümüz kimi olmasa da, təxminən nəyin necə olacağını-yaxşı, ya pis (işimiz alınacaq, ya alınmayacaq, gedənimiz ya gələcək, ya gəlməyəcək, xəstəmiz ya sağalacaq, ya sağalmayacaq) olacağını düşünürdük. Amma bunu, belə bir şeyi ağlımıza gətirmirdik. Təsəvvür etmirdik. Biz insanların ömrü boyu ilan görməyənlərində də ilandan qorxmaq var. Niyə? Çünki gen yaddaşımızda var ilanın təyinatı. Amma bu, belə bir əhvalat, “dövlətin icazəsi, tövsiyəsi olmadan çölə-bayıra çıxma, evdə qal” heç gen yaddaşında da yoxdur. Nədirsə, təzədir bu vəziyyət yəni. Əgər təzədirsə, deməli, bu, yad bir oyundur. Yaddırsa, demək ki, bizim onu yaxşı və pis oynayacağımız da məlum deyil. Elədirsə, niyə pis oynayaq ki? Gəlin hesab edək ki, koronovirus bizim bir cəmiyyət olaraq ən yaxşı oynaya biləcəyimiz oyundur. Gəlin hesab edək ki, bu heç xəstəlik də deyil. Sağlamlıqdı? Həm də ağır daşlar qaldırmaq, qaçmaq, üzmək, velosiped sürmək, turnikdə dartınmaq və s. tələb etməyən, öz qaydaları, tələbləri olan bir sağlamlıq oyunu. Və gəlin “bu oyunun qaydalarına kim daha yaxşı əməl edər” uğrunda yarışaq...