7042
writer1

Vasif İsmayıl

Məqalə sayı : 3

11:54 01 İyun 2020

Susuz dəyirman kimiyik - Vasif İsmayıl yazır

Siz necə düşünürsünüz - bilmirəm, amma cəmiyyətimizdəki apatiya məni çox narahat edir. İlk baxışdan ölü də deyilik. Camaat deyinir… kütləvi şəkildə deyinir. Bir cəmiyyət deyinirsə, demək sağdır, deyilmi?

Amma heç nə etmir. Qurucu təkliflər eşitmirik. Azərbaycanda son illərdə baş vermiş qabaqcıl layihələrin hamısı “yuxarıdan” edilib. Cəmiyyətin ortaya qoyub həyata keçməsinə nail olduğu bir layihə belə xatırlamıram.

Yoxsa biz cəmiyyət olaraq bacarıqsızıq?

İşin məğzi, əsl səbəb əslində fərqlidir və bunu mən öz həyat təcrübəmdən bilirəm.

Bildiyiniz kimi uroloqam. İstanbulda 11 illik təhsilimi başa vurduqdan sonra artıq 17 ildir Bakıda yaşayıram və çalışıram. Məndən əvvəl də Azərbaycanda ciddi urologiya məktəbi mövcud idi. İndi isə xaricdə oxuyub geri qayıtmış, eləcə də artıq burada yetişmiş uroloqlar hesabına xidmət keyfiyyəti xeyli yüksəldi. Urologiyada çox ciddi işlər görülür. Amma…

Son 17 ildə Azərbaycanda uroloqlar tərəfindən yazılmış heç bir fundamental əsər yoxdur. Doğrudur, 3 dərslik, bir neçə monoqrafiya yazılıb. Amma keyfiyyəti Tibb Universitetinin divarlarından uzağa çıxa bilmir. Hamısı kiminsə kitab rəfində küllənir.

Uroloqlar iclas keçirməyi sevmirlər. Bəzi elmi tədbirlər keçirilib əlbəttə. Bəziləri çox səs gətirdi, amma arxası gəlmir. Ənənə formalaşa bilmir. Böyük tədbirlər bir yana, həftəlik, aylıq, kvartal iclasları belə keçirilmir. Əvvəl var idi, amma indi heç kəsin vecinə deyil.

Xəstələr müalicə olunursa, məsələ nədədir deyə soruşacaqsınız.

Bəli, xəstələr müalicə edilir, onlarla hər şey qaydasındadır, amma elmi kriteriyalara görə Azərbaycanda urologiya sahəsi ölüdür.

Gəlin, bir də kardiologiya cəmiyyətinə baxaq. Müntəzəm olaraq xarici elmi jurnallarda yaxşı məqalələr dərc edilir. Hər həftə… bir daha təkrar edirəm, hər həftə hardasa kardioloqların yığıncaqları keçirilir. İldə 2 böyük elmi tədbir keçirilir. Hamısı da beynəlxalq iştirak ilə. Dünyadakı mötəbər tədbirlərdə bizim kardioloqlar müntəzəm olaraq dəvət alırlar, çıxış edirlər.

Elə bil kardioloqlarımız heç azərbaycanlı deyillər. Sanki kardioloqlarımız hamısı xaricdən gəlib.

Əslində kardioloq kontingentinin xüsusiyyətləri urologiya sahəsində olduğu kimidir. Aradakı fərq çox kiçikdir, amma böyük fərqlərə səbəb olur.

Kardioloqlarımız bundan artıq uzun illər əvvəl bir yerə yığışaraq öz cəmiyyətlərini təsis etdilər. O zaman nisbətən yaşlı kardioloqlar ilə cavanlar arasında ciddi münaqişə var idi. O təsis prosesində münaqişəni ortadan qaldıra bilmədilər. Lakin bir məsələdə, kiçik bir məsələdə anlaşa bildilər: kardiologiya cəmiyyətinə sədrlik seçkili olacaqdı və 2 ildən artıq çəkməyəcəkdi. Bir dəfə sədr olmuş kimsə ikinci dəfə namizəd ola bilmirdi.

Maraqlı hadisələr başladı bundan sonra. Cavan kardioloq sayı daha çox olduğu üçün seçkiləri dalbadal onlar qazanırdılar. Amma bir dəfə yaşlı nəsil seçkiləri uddu. İki ildən sonra cavanlar revanş götürdülər.

Seçki…

Seçki prosesi, yarış ruhu cəmiyyəti hərəkətləndirir. Hərəkət isə canlılıq deməkdir. Məhsuldarlıq deməkdir.

Urologiyada vəziyyət necədir?

Üç urologiya cəmiyyətimiz var. İkisinin yaşı 20 ilə yaxınlaşır. Başında isə seçkisiz, birmənalı avtoritetlər oturublar. Üçüncüsü isə nisbətən yenidir, amma orada da sədr dəyişməzdir.

Haqq naminə demək lazımdır ki, hər 3 cəmiyyət müntəzəm yığıncaqlar keçirməyə çalışdılar, amma arxası gəlmədi.

Susuz dəyirman kimi qaldılar - su tökəndə işləyir.

Yarış mühiti olmadığı üçün hər şey formal olur. Yavaş-yavaş da sönür cəmiyyət. Hər kəs öz işində, hər kəs öz neştəri ilə başbaşa.

Azərbaycanda ədalətli yarış mühiti çatışmazlığı var. Yarış yoxdur Azərbaycanda.

Susuz dəyirman kimiyik.