12:56
22 May 2020

Çiyələklərin dadsız olmasının səbəbi bu imiş - Ekspert

Çiyələyin bazarda bol olan vaxtıdır. Üstəlik, mövsümi məhsullar baxımından çeşidin çox olmadığnı nəzərə alarsaq, çiyələyin alıcısı çoxdur. Yeyirik, mürəbbə bişiririk. Uşaqlar da çox sevir, bu məhsulu. Məsələ ondadır ki, çiyələk bazara çıxar-çıxmaz söz-söhbət də başlayır. Məhsulun böyüklüyü, rənginin müxtəlifliyi, dadı ilə bağlı əhalidə şübhələr yaranır. Görəsən, dərmanla yetişdirilibmi, geni dəyişdirilən məhsuldurmu və s. kimi suallar yediyimizin dadını çıxarmağa mane olur.

Lent.az çiyələklə bağlı əhalini düşündürən məsələləri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli ilə müzakirə edib.

Azərbaycanda çiyələk daha çox nə zamandan becərilir?

N.Nəsirlinin sözlərinə görə, çiyələkçilik Azərbaycanın kənd təsərrüfatı strukturunda olmayıb. Endemik bitki olduğuna görə bizdə yetişdirilməyib: “2000-ci ildə kənd təsərrüfatı sahəsində məşğulluğun artırılması ilə bağlı yardım layihələri çərçivəsində Azərbaycana ilk dəfə Amerikadan çiyələk sortları gətirilib. O zaman, xüsusilə cənub bölgəsində, Şəmkirdə əhalinin məşğuluğunu təmin etmək üçün çiyələk növləri əhali arasında yayılıb. Sonrakı illərdə yaxşı gəlir gətirməsi nəticəsində digər rayonlarda da bu sahəyə maraq artıb. Bizdə əsasən Amerikadan gətirilmiş Viktoriya sortu yetişdirilir. Sonrakı dövrlərdə daha çox İspaniyadan müxtəliv sort çiyələklər gətirilməyə başlandı”.

Çiyələyin Azərbaycanın torpaq və iqlim şəraitinə uyğun olduğunu deyən N.Nəsirli bu gün bizim bazardan aldığımız çiyələyin seleksiyaya uğramış məhsul olduğunu vurğulayıb: “Müəyyən elmi işlər aparılıb, hibridləşdirilib. Nəticədə hər sort məhsulda görünüşün fərqliliyi ortaya çıxır.

Çiyələk Azərbaycanda iki texnologiya ilə - açıq və qapalı şəraitdə yetişdirilir”.

Çiyələk haqqında yaranan şübhələr

“Bazara müxtəlif forma və görünüşdə, diametrdə çiyələyin daxil olması məhsulun haqqında müzakirələri artırır”, - deyən müsahibimiz məhz bu amilin də insanlarda haqlı şübhələr yaratdığını açıqlayıb: “Çiyələklərin görünüşünün müxtəlifliyi “genetik modifikasiyaya məruz qalıbmı”, “dərman hesabına yetişdirilibmi” kimi sualları ortaya çıxarır. Çiyələyin böyük, rənginin parlaq olması, dad və göstəricilərinə görə fərqliliyi giləmeyvənin seleksiyaya uğraması ilə bağlıdır. Vaxtilə çöldə, meşədə yetişən çiyələkdən götürülərək calaq edilib. Beləcə, məhsul ata və ana xətlərini özündə daşıyır. Çiyələyə hansısa dərman vurulduğunu görməmişəm. Amma müxtəlif mineral və üzvü tərkibli gübrələrdən istifadə olunur. Bitkiçiliyin bütün sahələrində belədir. Bu, təbiidir. Mineral gübrə vermədən o məhsulu almaq mümkün deyil. Yalnız bir məqamı vurğulmaq lazımdır: Hər hektara düşən mineral gübrə norması var. Öz müşahidələrim əsasında deyim ki, bizim fermerlərimiz daha çox bilməyərəkdən mineral gübrəni normadan artıq verə bilirlər. Məsələn, hektara 180 kiloqram gübrə verilməlidir. Bəzən fermerlər bu göstəricini 250-300 kiloqramaa qaldırırlar. Hesab edirlər ki, gübrəni çox verəndə daha çox məhsul əldə edəcəklər”.

N.Nəsirlinin sözlərinə görə, gübrədən çox istifadə olunması ilk növbədə torpağın çirklənməsinə səbəb olur. Torpaq artıq olan mineralı mənimsəyə bilmir və nəticədə zəhərlənir: “Gübrənin çox verilməsinin ikinci təsiri məhsulun dad və keyfiyyətində özünü göstərir. Bəzən çiyələyi yeyəndə çox dadsız olduğunu görürük. Bu, həmin bitkiyə həddən artıq kimyəvi tərkibli gübrələrin verilməsi ilə bağlı olur. Bunu mövsümdə bostan məhsullarında, xüsusilə qapızda görürük. Bəzi zəhərlənmələr baş verir. Bununbəblərindən biri qarpıza həddən artıq nitrat, kalium tərkibli, yəni insan sağlamlığı üçün zərərli olan mineral tərkibli maddələrin çox verilməsi ilə bağlıdır. Bitkinin inkişafı üçün verilən gübrədən başqa, zərərvericilərə qarşı da kimyəvi tərkibli dərmanlar tətbiq olunur. Amma o dərmanların qüvvədə qalma müddəti azdır. 2 saatdan 14 günə kimi qalanlar var. Bundan sonra hava ilə reaksiyaya girib yoxa çıxır. Bu kimyəvi maddələrin məhsulun tərkibinə hopma şansı yoxdur.

Zəhərlənmələr niyə baş verir?

Ekspert deyir ki, kiminsə çiyələkdən və ya qarpızdan zəhərləndiyini sübut etmək istəyiriksə, məhsulu mütləq analiz etməliyik: “Müəyyən hissə götürülür və laborator analiz nəticəsində bitkiyə verilən kimyəvi tərkibli gübrənin çox olub-olmadığı müəyyənləşdirilir. Müasir cihazlar var. Bəzi apteklərdə də satılan həmin aparatlar vasitəsilə meyvə-tərəvəzin tərkibindəki azotu, digər mineral gübrlərin faizini ölçmək olur. Meyvəyə-tərəvəzə sancanda avtomatik nəticəni göstərir. Hər bir istehlakçı həmin cihazdan alıb məhsulun tərkibini elə bazarda yoxlaya bilər”.

N.Nəsirli onu da qeyd edib ki, ölkəyə gətirilən kimyəvi tərkibli gübrələr Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçirilir: “Dərmanları ayrı-ayrı adamlar deyil, böyük şirkətlər gətirir. Yoxlanıb, dövlət qeydiyyatına alındıqdan sonra səyyar satışa verilir. Fermerlərin sahəyə hansı dozada sərf etməsinə nəzarət məsələsinə gəlincə, nəzarət yoxdur və ola da bilməz. Çünki hər bir təsərrüfatın öz aqronomu var. Sadəcə olaraq, ixtisaslı aqronom çatışmazlığı var. Ucqar kəndlərdə azdır. Fermer də bəzən ətrafda kimlərdənsə soruşur və məlumatsız adamların tövsiyəsi ilə gübrələnməni həyata keçirə bilir”.

Ekspertin verdiyi məlumatlardan bu qənatə gəlmək olar ki, ən yaxşı vasitə meyvə-tərəvəzin elə satış yerindəcə yoxlanmasıdır. Belə olan halda hansısa fermerin məhsulunda kimyəvi tərkibli gübrələr artıq çıxarsa, həmin meyvə-tərəvəzdən imtina etməklə müəyyən müddətdən sonra daha orqanik məhsul becərilməsinə nail olmaq olar.

Dİgər xəbərlər