1024
01:10
18 May 2020

Fransada koronavirusdan ölənlərin sayı yenidən artıb


“Fransada koronavirusdan ölənlərin sayı 28 mini ötüb. Son sutkada 483 nəfər dünyasını dəyişib ki, bu, bir gün əvvələ nisbətən beş dəfə çoxdur”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransanın Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, martın 1-dən bəri koronavirusdan 28108 ölüm hadisəsi qeydə alınıb. Onlardan 17466 nəfəri xəstəxanalarda, 10662 nəfəri qocalar evlərində ölüb.

Məlumata görə, xəstəxanaya yerləşdirilənlərin sayı azalmaqda davam edir. Hazırda xəstəxanalarda 19361 nəfər müalicə olunur. Keçən həftə bu rəqəm 22569 idi. Son 24 saat ərzində xəstəxanaya 152 nəfər yerləşdirilib, reanimasiyaya isə 24 yeni xəstə qəbul edilib. Reanimasiyada 2087 nəfərin olduğu bildirilir - bir həftə əvvəl 2776 nəfər idi.

Xatırladaq ki, şənbə günü ölkədə ölənlərin ümumi sayı 27625 nəfər idi. Həmin gün cəmi 96 nəfər dünyasını dəyişmişdi.