5331
writer1

Hikmət Babaoğlu

Məqalə sayı : 1

11:52 13 May 2020

“Bağışla sən məni, ay ana kəndim… " - Hikmət Babaoğlu yazır

Kəndə teatr gəlib…..

Teatr gəliiiib…. teatr gəliiiibbb…. axşam klubda tamaşa göstərəcəkləəər….

- Nə teatrı.... hansı tamaşanı göstərəcəklər..?

- İrəvan Dram Teatrı.... tamaşa da pulsuzdur...!

 Heç 5 dəqiqə keçməmiş artıq həmyaşıdlarımla kənd klubunun ətrafında toplaşmışdıq. Hamımız həyəcan içində xəbərin doğru olub-olmadığını öyrənməyə çalışırdıq. Çox keçmədən kənd yerlərində nadir hallarda görünən “İkarus” markalı avtobus düz klubun qabağında dayandı. Ora-bura vurnuxur, avtobusdan düşən “artist”lərə diqqətlə tamaşa edir, heç bir şeyi gözdən qaçırmamağa çalışırdıq. Axı zarafat deyildi mən və həmyaşıdlarım ömrümüzdə birinci dəfə professional teatr tamaşasına baxacaqdıq.

Avtobusdan ilk olaraq çox uca boylu, iri cüssəli bir nəfər aşağı endi. Təmkin və qürurla qısaca ətrafa nəzər salaraq onu qarşılamağa gələn yeli partiya təşkilatının sədrinə doğru yönəldi. Ardınca isə “artistlər” aşağı endi. Səmimi xoşgəldindən sonra klubun qonaqlar üçün ayrılmış otaqlarına döğru hərəkət etdilər.

Biz uşaqlar diqqətlə onları izləyir, kimin kim olduğunu ayırd etməyə çalışırdıq. Elə bu dəmdə qonaqları qarşılayanların içində olan məktəb direktorumuz yanındakı şəxsə, “yaxşı - yaxşı bu dəqiqə”, deyib bizə tərəf dönərək – “ay uşaqlar kimdə varsa tez iki litrə süd tapıb gətirin” dedi. Müğənnimizin boğazı üçün lazımdır. İldırım sürətilə ətrafa dağıldıq. Axı südü kim birinci tapıb gətirsə bir “sağ ol” qazanacaq, hələ üstəlik ola bilsin ki, elə birbaşa qonağın özü ilə görüşə biləcəkdi. Qısa müddət sonra dağıldığımız kimi də yenidən bir araya gəldik. Heç birimiz süd tapa bilməmişdik. Çünki səhər sağılan süd kənd yerində dərhal emal edilir, yağa, qaymağa pendirə, şora çevirlirdi ki, axşama qalıb xarab olmasın. Axşam südü isə yalnız sürü və naxır çöldən qayıtdıqdan sonra olurdu. O vaxta qədər isə qonaqlar gözləyə bilməzdi, çünki bir azdan tamaşa başlamalı, daha sonra isə konsert proqramı olmalı idi.

Yalnız bircə çıxış yolu var idi, o da qonşu kənddə yerləşən süd emalı zavoduna gedib oradan süd tapıb gətirmək. Vaxt itirmədən kəndimizin “cəsurları” sırasında yer alan dostum və mən irəli atıldıq. Qısa müddətə süd əldə edib geri döndük. Günün qəhrəmanları kimi tamaşa başlamamış teatr kollektivinin hazırlaşdığı otağa girmək haqqı qazandıq. İçəridə bir tərəfdə dekorasiya qurulur, bir tərəfdə aktyorlar qrim edilir, bir tərəfdə müxtəlif müsiqi alətləri usta barmaqlar tərəfindən köklənirdi. Əlimizdə süd kovası məktəb direktorumuza tərəf irəlilədik. Direktorumuz avtobusdan enən zaman mənim diqqətimi çəkən uca boylu qonağa müraciətən “bəli Hidayət müəllim, bəli” deyirdi. Sonralar öyrəndim ki, bu ötkəm adam İrəvan Dram Teatrının direktoru şair dramaturq, ictimai-siyasi xadim, hazırda Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olan Hidayət Orucov imiş. Həmin gün həyatımda ilk dəfə professional səhnədə teatr izləmiş oldum. Əlbəttə orada gördüklərim mənim uşaqlıq zehnimə həmişəlik qazındı. Elə o gündən sonra da nə böyük dramaturqumuz Cəfər Cabbarlının adını daşıyan İrəvan Dram Teatrını, nə onun kollektivini, nə də teatrın direktorunu unutdum. Çünki bu mənim böyük mədəniyyətlə, professional teatrla ilk tanşlığım idi. (2018-ci ildə Qərğısıztanda keçirilən “Köçəri Oyunlar”ında iştirak etmək üçün İssıkkula getmişdim. Orada bu xatirələrimi hörmətli səfirimiz Hidayət Orucovla bölüşdüm. Hər ikimiz kövrəldik, uzun uzadı söhbət etdik.) İllər keçdi el - obamız erməni faşistləri tərəfindən didərgin edildi. İrəvan Dram Teatrı da “mühacirət” etməli oldu.

Böyük dövlət xadimi Heydər Əliyev Qərbi Azərbaycanımızın, o torpaqlarda qalan böyük mədəniyyətimizin Azərbaycana təşrif gətirmiş kiçik bir parçası kimi İrəvan Dram Teatırını dağılmağa qoymadı. Ona Azərbaycanda ikinci həyat verdi. Çünki bu teatr xalqımızın İrəvanda yaratdığı mədəniyyətin bir nümunəsi idi və vaxtilə elə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdı. Azərbaycan Prezidenti cənab İlham Əliyev də məhz milli mədəniyyətimizn “mühacir” yadigarını yaşatmaq üçün İrəvan Dram Teatrının tikintisinə 11 milyon manat vəsait ayırdı. Bu pulun böyük bir hissəsi Mədəniyyət Nazirliyi, onun Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi tərəfindən mənimsənildi. Bu mədəni irsimizə, mədəniyyət tariximizə və nəhayət xalqımızın yaratdığı bu mədəniyyəti qorumağa çalışan Prezdentimizə qarşı xəyanət idi. Doğrusu mən bunu həm də özümə qarşı arxadan vurulan zərbə kimi qəbul edirəm. Heç vaxt ağlıma gəlməzdi ki, İrəvan Dram Teatrının adı bir gün nə vaxtsa belə rəzil bir hərəkətlə birlikdə çəkilə bilər! Bağışla məni İrəvan Dram Teatrı , Bağışla məni doğma kəndim! İlk dəfə səndə eşitdiyim bu müqəddəs adı səni qorumalı olanlar öz pis əməlləri ilə birgə səsləndirdilər. Ancaq sən yaşayacaqsan və bir gün mütləq yenə yarandığın, doğulduğun doğma İrəvanımızda fəaliyyətə başlayacaqsan... Yenə Qərbi Azərbaycanımızın yaylaları boyu dağların qoynuna inci kimi səpələnmiş obalarımıza, kəndlərimizə səyyar teatr tamaşaları hazırlayıb gətirəcəksən ....Yenə də yolunu gözləyən kənd uşaqları səni ilk dəfə görəndə həyəcanlanacaqlar, sənin “artist”lərin üçün süd tapmaq təlaşına düşəcəklər... Yenə də təmkinli, vüqarlı, ötkəm bir dramaturq sənə rəhbərlik edəcək... bu mütləq olacaq ...mütləq...! Mən buna inanıram... Hələliksə məni bağışla.... bizi bağışla.... hamımızı bağışla... Bir gün hamımızın birlikdə səni doğma yuvana qaytara bilməmiz üçün bizi bağışla!