4948
writer1

Səbuhi Məmmədli

Məqalə sayı : 212

16:12 27 Aprel 2020

Avropadan bir addım öndə

Az qaldı. Artıq bu gündən karantin rejimi, necə deyərlər yumşaldı. Azərbaycan ərazisində bəzi iş və xidmət sahələrinin fəaliyyəti bərpa edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi strateji baxış, habelə COVID-19 ilə əlaqəli risklərin qiymətləndirilməsi və təhlili nəticəsində Azərbaycan pandemiya bəlasının fəsadlarından minimal itkilərlə çıxmaqdadır.

Virusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün dövlət başçısının rəhbərliyi ilə Azərbaycan hökumətinin həyata keçirdiyi operativ və qabaqlayıcı tədbirlərin dünyanın ən inkişaf etmiş ölkələri üçün nümunəyə çevrilməsi sirr deyil. Bu yazının məqsədi də elə budur.

Amma əvvəlcə bir məqama diqqət edək.

Söhbət Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərovun Azərbaycan Televiziyasına verdiyi açıqlamadan gedir. Sitat: “Belçikada vəziyyət gərgin olaraq qalır. Əhalinin say nisbətinə görə, ölənlərin sayında Belçika dünyada birinci yerdədir".

Hə, dünyanın inkişaf etmiş dövlətlərindən olan Belçikada durum doğrudan da faciəvidir. Və biz Belçikanı da nahaq yada salmadıq təbii. Söhbət ondan gedir ki, əhalisi təxminən Azərbaycanınkı qədər olan bu ölkədə 45 minə yaxın yoluxma faktı qeydə alınıb, 6700-dən çox insan isə dünyasını dəyişib.

Elə əhali sayına görə yanaşsaq, Avropanın Azərbaycan qədər əhalisi olan əksər dövlətlərində vəziyyət bizdən qat-qat pisdir.

Məsələn, Portuqaliya. Bu ölkədə, aprelin 25-ə olan məlumata görə, 23392 yoluxma halı olub, 880 nəfər vəfat edib.

Avropanın mərkəzində yerləşən Çexiyada da durum Azərbaycandan fərqli pisdir. Yenə aprelin 25-ə olan məlumata görə, bu ölkədə koronavirusa yoluxanların sayı 7273, ölənlərin sayı isə 215 nəfərdir.

Qoca qitənin turizm məkanlarından sayılan Yunanıstanda vəziyyət yuxarıda adını çəkdiyimiz iki ölkəyə nisbətən qismən yaxşıdır. Hökumət üzvü Harri Teoxarisin bildirdiyinə görə, hazırda bu ölkədə virusa yoluxanların sayı iki min nəfəri keçib, ölənlərin sayı isə 120 nəfərdir.

Con Hopkins Universitetinin məlumatına görə, Macarıstanda 2300 yoluxma halı var, 239 nəfər ölüb.

“The Local” nəşrinin yazdığına görə, İsveçdə ölənlərin sayı 2021 nəfərdir. Koronavirusa yoluxanların sayı 17 minə yaxınlaşır.

Avropanın ən inkişaf etmiş dövlətlərindən olan Avstriyada isə vəziyyət belədir: 15 225 yoluxma, 542 ölüm.

Hə, yuxarıda göstərdiklərimiz əhalisi təxminən Azərbaycan boyda olan ölkələrdə koronavirusla bağlı faktlardır. Siyahını uzatmaq da olardı bəlkə. Amma nə ehtiyac. Hər şey göz önündə. Elə bu rəqəmlərə diqqət yetirin bəsdir:  Azərbaycan - 1 678 yoluxan,  22  ölən, 1 162 sağalan.

 

Hə, etiraf edək ki, bu gün dünyanın gündəmi koronavirusa qarşı mübarizədir. Azərbaycan isə bu mübarizənin önündədir. Və Azərbaycan özü bir nümunədir. Pandemiya bitəcək, dünya əvvəlki durumuna qayıdacaq. Neçə-neçə araşdırmalar ediləcək, təhlillər aparılacaq. Və əminəm ki, bu araşdırma və təhlillərdə Azərbaycanın pandemiya qarşı mübarizəsi bir uğur hekayəsi kimi danışılacaq. Bu uğurun banisi kimi isə mütləq onun – Azərbaycan prezidentinin adı çəkiləcək.