5503
writer1

Səhər Əhməd

Məqalə sayı : 18

12:59 22 Aprel 2020

Həqiqətin üzünə tüpürmək

- Yaxşı bir saatlığa tutaq ki, mən dəli olmuşam, bəs MirBağır ağa ki alim adamdır, o niyə bəs ölülərin dirilməyinə inanır? Elədə o da dəlidi?

- Yox, Mirbağır ağa dəli deyil, ancaq eşşəkdi.

- Kəs səsini namərbut! Bəs teleqrafçı Heydər ağa niyə inanır? Elədə o da dəli olub?

- Yox, dəli olmayıb. O da o səbəbə inanır ki, qulaqları çox uzundu.

- Elədə dünyada səndən savayı hamı dəlidi, hamı eşşəkdi, bircə sən ağıllısan…

Bu dialoq Mirzə Cəlilin “Ölülər” əsərindən mənim ən çox sevdiyim hissədi. İroniyanın ən yüksək zirvəsi. Yaramızın ən dərin yeri…

Əsəri ilk dəfə oxuyanda uşaqlığıma salıb düşünürdüm ki, bəlkə, İskəndər atasına hər şeyi daha səbrlə, daha ətraflı başa salsaydı, hər şey başqa cür olardı. İllər keçdikcə anladım ki, bəzi şeyləri sarkazmın ən kobud forması ilə ifadə etməkdən başqa yol yoxdu, buna insanın sadəcə səbri çatmır, əsəbləri dözmür.

Onda uşaq ağlımla bir də onu düşünürdüm ki, bəlkə İskəndərin sözləri, yəni, həqiqət çox qəddardı deyə adamlar ondan qaçıb Şeyx Nəsrullahın uydurmasına - ölü diriltmək məsələsinə inanmaq istəyir, axı burda ümid var. Lakin əsərin sonunda müəllif oxucunun əlindən o son gümanını da alır, həmin adamlar öz ölülərini diriltmək istəmirlər. Deməli, mahiyyət nəsə işıq axtarmaq deyil, sadəcə mübhəmliyə, fantaziyaya sevgidi. Şayiə daha cazibəlidi, daha eyforikdi, öz ağlını, məntiqini işlətmək istəməyən tənbəllər üçün hazır nağıllara inanmaq daha rahatdı.

Və Kefli İskəndər, dolayısıyla Mirzə Cəlil bu əsərdə yalnız bir yerdə yanılır.

“Gələcək nəsillər bu kitabı vərəqləyib, bu səhifəni oxuyanda deyəcəklər, tfu sizin üzünüzə”.

Demədilər, ustad, sənin o gələcək dediyin nəsillər gəlib, amma onlar da həqiqətin, yəni Kefli iskəndərin üzünə tüpürməklə məşğuldur.

Artım həndəsi silsilə ilə olur deyə, Kefli İskəndər get-gedə daha çox azlıqda qalır. İnkişaf da Şeyx Nəsrullahın xeyrinədi. İndi ölüdirildənlər Xorasandan teleqram vurmur, vatsappda səs yayır, saytlarda dezo paylaşır.

Mən Şeyx Nəsrullahları da, onlara inanan cahil Hacı Həsənləri də anlayıram. Amma o klassik sual məni də rahat buraxmır:

- Bəs teleqrafçı Heydər ağa niyə inanır? Elədə o da dəli olub?