1019
09:38
19 Aprel 2020

"Əminəm ki, bu mübarizədə qalib gələcəyik" - Prezidentə yazırlar

Koronavirus pandemiyası dünyanın əksər inkişaf etmiş ölkələrinin səhiyyəsini çarəsiz qoydu. Virus ABŞ, İspaniya, İngiltərə, İtaliya, fransa kimi inkişaf etmiş qərb ölkələri və İran kimi iri dövlətlərin kabusuna çevrildi. Bir sözlə pandemiya sanki nəhəng ölkələrin baş bəlasına çevrilib.

Sevindirici haldır ki, koronavirus Azərbaycanda sadaladığımız ölkələrdəki kimi özünü göstərmədi. Axır vaxtlar isə sağalanların sayı yoluxanların sayını üstələyir. Məsələn, dünən virusa yoluxanların sayı sağalanların sayından iki dəfə az oldu. Bu isə əhali arasında dövlətə, onun səhiyyəsinə və koronavirusla mübarizə çərçivəsində görülən işlərə inamı artırdı. Azərbaycan dünyada ilk dövlətlərdən oldu ki, pandemiyanın gündəmə gəldiyi ilk günlərdən hərəkətə məhdudiyyət qoydu. Şəhərlər və rayonlarası gediş-gəlişə qadağa qoydu. Tədris dayandırıldı. Yalnız həyati əhəmiyyətli fəaliyyət sahələrinin əməkdaşlarını daşımaq üçün metro istisna olmaqla, ictimai nəqliyyat məhdud şəkildə işləyir.

Bütün bunlar da ölkə prezidentinin Azərbaycan insanının necə qayğısına qalmağının göstəricisidir. Dövlət başçısı pandemiya ilə əlaqədar istənilən çıxışında hər bir vətəndaşın sağlamlığının önəmli olduğunu və görülən tədbirlərin də yalnız bu məqsədi daşıdığını qeyd edib. Əhalinin sağlamlığı və sosial rifahının qorunması üçün atılan addımlara görə, ölkənin müxtəlif yerlərindən prezident İlham Əliyevə təşəkkür məktubları gəlir.

Lent.az həmin məktublardan bir neçəsini təqdim edir:

Tərtərdən Sosella Bayramova yazır:

-Möhtərəm cənab Prezidentimiz.

Son vaxtlar dünyada geniş yayılmış koronovirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Həmişə olduğu kimi, indiki çətin günlərdə də Siz kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut edirsiniz. Hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir.

Cənab Prezident, böyük bir bəla olan koronovirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə bir ana, nənə, cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşı kimi dərin minnətdarlığımı bildirirəm. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi qorusun.

Hacıqabuldan Vüsalə İbrahimova:

Möhtərəm cənab Prezident.

Bu gün ölkəmizdə aparılan inqilabi islahatların ən gözəl nəticələri hiss olunmaqdadır. Ümummilli lider Heydər Əliyev akademiyasının bir nömrəli və möhtəşəm məzunu kimi, Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyiniz ilə koronovirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVİD-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür.

Cənab Prezident, Hacıqabul şəhər sakinləri bütün bunlara görə Sizə təşəkkür edir. Sizə möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq.

Gəncədən Səbinə Qəhrəmanova:

Möhtərəm cənab Prezident.

Hazırda dünyada ən böyük problem olan koronovirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə gördüyünüz qabaqlayıcı tədbirlər, pandemiyanın təsirinin azaldılması üçün atılan addımlar alqışalayiqdir. Sizin də dediyiniz kimi, Azərbaycan xalqının rifahı hər şeydən üstündür. Həm özümüz üçün, həm də Vətənimiz naminə Sizin rəhbərliyinizlə dövlətin atdığı addımlara biz gəncəlilər ciddi əməl edirik. Sizin siyasətinizin ətrafında hər zaman birləşən xalqımız bu çətin günlərdən də uğurla keçəcək. Biz buna inanırıq, hörmətli cənab Prezident. Xalqımıza, ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə və ailənizə bu çətin günlərdə əvəzsiz olan cansağlığı arzu edirik.

Cəlilabaddan Xəzər Abbaszadə:

Möhtərəm cənab Prezident.

Sizə öz adımdan və Cəlilabad şəhər sakinləri adından dərin minnətdarlığımızı bildirmək istəyirəm.

Əziz Prezidentimiz, Sizin uzaqgörən siyasətiniz nəticəsində xalqımız koronavirus pandemiyasından ən az zərərlə qurtulmaq üzrədir. Həyata keçirilən bütün tədbirlər sübut edir ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan xalqı dayanır. Bu çətin günlərimizdə əhaliyə hərtərəfli dəstəyiniz Sizin humanistliyinizin baris nümunəsidir.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olaraq, biz tələbələrə göstərilən qayğıya görə də Sizə təşəkkür edirəm.

Allah Sizin kölgənizi xalqımızın üzərindən əskik etməsin.

Əminik ki, bundan sonra da Azərbaycanımızı Sizinlə bərabər xoş sədalı, işıqlı günlər gözləyir. Biz Sizinlə güclüyük.

Daşkəsəndən Asif və Xudat Məmmədovlar:

Hörmətli cənab Prezident.

Koronavirus infeksiyasının yayılmasına qarşı vaxtında atılan addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmizdə bu bəla ilə qətiyyətlə mübarizə aparılır və əminik ki, bu mübarizədə qalib gələcəyik.

Cənab Prezident, açılışında şəxsən iştirak etdiyiniz “Yeni klinika” tibb müəssisəsinin pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinizin bariz nümunəsidir.

Koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına görə gördüyünüz qabaqlayıcı tədbirləri dəstəkləyir və buna görə Sizə minnətdarlığımızı bildiririk.