3769
writer1

Ramilə Qurbanlı

Məqalə sayı : 563

18:12 09 Aprel 2020

Dərs

Bir ay bundan əvvəli xatırlayırsınız? Dünyamı bizi boğaza yığmışdı, bizmi dünyanı - bilmirəm. Bildiyim odur ki, hamı şikayətlənirdi. 
Səhər tez durub işə qaçmaqdan. Evə yalnız gec vaxtlarda, yorğun, yatmağa gəlməkdən. 
Toyların çoxluğundan, pulun azlığından. Nəqliyyatın sıxlığından, yolların tıxacından. Yol polislərinin yolları bağlamasından. Tez-tez olunan cərimələrdən. 

İnsanların bir-birinə aqressiyasından. Məktəblərdən, müəllimlərdən, həkimlərdən şikayətlənirdik. Təhsil bərbad, səhiyyə pis gündə deyirdik.  

Ölümlərin çoxalması, gəncləşməsi bizi narahat edirdi. Xərçəng artmışdı, şəkər, təzyiq həyat tərzinə çevrilmişdi. 
Qışda qar yağmır, yayda günəşdən qaçmağa yer axtarırdıq. Ağaclar da fəsilləri qarışdırmışdı. Bir sözlə, dünyanın düzəni pozulmuşdu. 
Heç kim də heç nə edə bilmirdi. Həyatımızın yüksək sürətlə getdiyini duyur, amma o çarxı əl atıb bir az yavaşlatmaq, nəfəs dərməyə imkan yaratması üçün saxlamaq iqtidarında deyil insan. Gücümüz çatmırdı o çarxın dövriyyəsindən çıxmağa. 
İndi oturmuşuq evdə, küçələr bomboşdur. Toy yox, yasa gedə bilmirik. İşi evdən idarə edirik. Təhsil də, səviyyə də funksiyasını yerinə yetirir, amma tamam başqa formada. 
Düşünməyə vaxtımız var, oxumağa, kinoya baxmağa, ailəmizlə birlikdə olmağa. Daha nəyə desən, vaxt çatdırmaq olar, qaçan yerimiz yoxdur.  
Düşünürük... nədir bu düşdüyümüz vəziyyət? Kimdir dünyanı yenidən yükləyən? 
Kimisi yadplanetliləri günahlandırır, kimi alimi, kimi dini. Hər kəs öz dünyagörüşü səviyyəsində hadisələrə rəy verir. 
Sabah necə olacağını heç kim bilmir, proqnoz verənsə çoxdur. 
Adama elə gəlir ki, dünyanı idarə edən gözəgörünməz qüvvə insanlığı imtahana çəkir. Təbiət qəzəblənib, onu zorlayan insanlıqdan qisas alır. 
Bəzən də elə bilirsən, o qüvvənin insanlara yazığı gəlib, korona adlı bəlanı göndərməklə sadəcə bizi silkələnib özümüzə gəlməyə səsləyir. Bizi nədənsə xilas etmək istəyir. Bu olmasaydı, müharibə olacaqdı deyirlər. Bəlkə, müharibə daha yaxşıdır - deyənlər var. Bəlkə...
Mütləq həqiqət yoxdur. Yalnız bəlkələr var. 
İnsanlıq zatən həmişə bəlkələrin ümidinə qalıb. Adamın ağlına sığmır ki, XXI əsrdə böyük-böyük, hegemon, qan-qan deyən dövlətlər bir virusun əlində aciz qalıb. Hanı bəs, aya, ulduza qalxan insan övladının möhtəşəm elmi? 
Bəlkə, elə elmin işidir? Bəlkə Tanrının? Yoxsa yadplanetlilərin? Bəlkə də siyasətin? Bəlkə iqtisadiyyatın? Bəlkə, psixoloji müharibədir? Yaxud kütləvi qırğın silahıdır? Bəlli deyil. 
Bəlli olan odur ki, insanlıq bundan da qurtulacaq. Bu da tarixə dönəcək... Çox viruslar, təbii fəlakətlər, müharibələr kimi.  Hər nədirsə insanlığa yaxşı dərs oldu. 
Virus öyrətdi ki, hərdən başını qaldırıb səmalara bax, onun saflığından gözəlliyindən zövq almağa çalış. Onu çirkləndirməyə yox. Sənə həyat verilib, onu yaşa doya-doya. Dənizdən, yaşıllıqdan, gecələr aydan, gündüzlər günəşdən xəbərin olsun. Ətrafındakı insanlara qayğı, diqqət göstər, sevgi ver, sevgi gör. Gəz dünyanı, kəşf et, öyrən onu. Başını aşağı salıb, bütün düşüncən yalnız pul qazanmaq olmasın. Bu gün o pula da əlini vuranda spirtləyirsən, insan övladı. Həyat yalnız pul, var-dövlət, şan-şöhrət arxasınca qaçmaq deyil, dayan, nəfəs dər, ətrafına bax – yaşa. Elə yaşa, həyatda izin qalsın...
Bakıda mədəniyyət ocaqlarından birinin tualetində oxuduğum bir elan çox güldürmüşdü məni: “İzini burda yox, həyatda qoy...”