5552
writer1

Ayxan Ayvaz

Məqalə sayı : 42

14:05 08 Aprel 2020

Korona bizə axirəti xatırlatdı

Korona bütün dünyanı eyniləşdirdi, hamı bir-birinə bənzədi, dinindən, milliyyətindən, irqindən asılı olmayaraq insanlar yaşamaq eşqinin yoxa çıxması qorxusunu birlikdə yaşadılar. Hələ də bu qorxu yaşayır və bizi durmadan izləyir.

Kənddə yaşayan bibim, xalam hər gün mənə səs atır, öz sevgilərini qabarıq şəkildə göstərirlər: “Ay Ayxan, qurban olum, əynini qalın elə, özünü soyuğa vermə”, “Ay Ayxan, sən canın, xəstələnmə”.

Onlar deyir ki, kənd koronanı axır-məhşər kimi simvollaşdırıb. Evdən çölə çıxmayan adamlar illərdir ömürlərini verdikləri evi dualarla doldurub. Korona bizə axirəti xatırlatdı sanki. Bu dünyanın da sonunun çatacağını, bütün dava-şavaların, umu-küsülərin mənasız, boş olduğunu anlatdı bizə Çindən gələn bu bəla.

Bizi daha da doğmalaşdırdı. Mən heç bilməzdim ki, adamlar bu qədər doğma olarmış. Bibim, xalam səhər tezdən “Sabahların xeyir, gözəl Ayxanım” deyərlərmiş. Korona bizim cümlələri sevgi ilə redaktə elədi. Deyirəm, ay mama (biz bibiyə elə deyirik), ay xala, bu qədər doğma olmayın, ağlaya bilərəm.

Mən heç bilmirdim ki, doğulanda sapsarı olmuşammış. Anamla atamın dünya başına yıxılıbmış, yaman qorxuya düşüblərmiş. Nənəm deyəndə ki, onu çimizdirmək lazımdı, heç kim inanmayıb. Şəhərdən həkim gətiriləndə yazıq qadının sözünə inanmadıqları üçün özlərini günahkar biliblər. Nənəm məni yuyub tər-təmiz eləyəndə bu çirklənmiş dünyaya baxıb ağlamışammış. Mənim ağlamağımın fonunda anamla atam, qohum-əqraba sevinc çığlıqları atıblar. Hardan bilərdim ki, bu həqiqəti korona günlərində öyrənəcəm.

Hər gün, iki gündən bir şəhərdəki dostlarla, ya da qardaş-bacımla görüntülü danışırıq. Sən demə, danışacaq o qədər mövzumuz varmış ki. İndi bilmişəm, qardaşımın dostsuzluqdan necə mutsuz olduğunu. Ona uzaqlardan, ekranın o başından əlimi uzadıb dost olmaq istədiyimi o an başa düşdüm. Bir də nə bilərdim ki, bacım mənim oğlumun olmağını bu qədər çox istəyərmiş. Nə biləydim, biz bir-birimizə bu qədər bağlıymışıq. Neyniyim axı? Mən yazıq. Sevgini biz tərəflərdə soyuq küləklər doğrayıb. Sən demə, elə deyilmiş. Sevgi bizim elə böyrümüzə sığınıb yatan uşaq imiş. Mışıl-mışıl yatırmış, biz onu oyandırmağa qıymırmışıq.

Qardaşımın qızı, Minnakı bu qədər sevdiyimi o görüntülü danışıqlarda necə dərindən hiss etdim. O uşağın bizim həyatımıza girdiyi günü xatırladım. İndi mənə “ənəmi” (yəni əmi) deməsini eşidəndə sevgidən gözlərimin qorası acıdı. Bütün uşaqları da Minnak kimi sevdiyimi hiss etdim. Dünyadakı bütün uşaqları qorumaq istədim.

Uşaqlar dedim, yadıma düşdü. Nərmin öz sinfi ilə görüntülü dərslər edir. O dərslərə baxanda bir şeyi anladım ki, öyrətmək necə gözəl hismiş. Bildiyin bir şeyi bölüşmək, onu başqasının malına çevirmək nə böyük xoşbəxtlikmiş. Sən demə, evin içində Nərmin o xoşbəxtliyi harasa ötürmək üçün çırpınırmış. Ona görə məktəblərin açılmasını gözləyirmiş.

Kaş dedim onda, kaş məktəblər açıla, hər şey qaydasına düşə, tozlanmış, yaddan çıxmış sevgimizi rəfdən götürüb gücümüz çatdığı qədər işıq paylayaq insanlara.

Onların dərdlərinə şərik olaq, sevinclərində yanında olaq.

Nə gözəl imiş birgəliyi ifadə edən cümlələr. “Mən” sözünü “Biz” etməyi öyrətdi korona. Bütün cümlələrdə insanlar birləşdi.

Təkcə doğmalarmı bu qədər doğmalaşdı. Doğma olmayan, yad adamlar da bizə o qədər yaxın gəldi ki. Uzaqda, heç adını tələffüz edə bilmədiyimiz bir şəhərdə koronaya tutulan adamlar üçün kədərləndik. Sosial məsafələrin istəndiyi, küçəyə çıxmağın qadağan olunduğu bu günlərdə anladıq ki, əslində evdə qalanda bir-birimizə daha yaxın imişik. Anladıq ki, uzaqlarda adamları sevmək daha asanmış.

Atam bir dəfə mənə ən böyük həqiqəti açmışdı: “İnsanları tanıyanda qorxma”.

Mən isə insanları sevdim. Tanımadan, bilmədən. Korona bizə insanları sevməyi öyrətdi. İnsanlığı, bərabərliyi, doğmalığı, mehribanlığı. Və bütün sevgiyə bənzər sözləri öyrətdi bizə. Nə gözəlmiş virusun qol-qanad açdığı bir zamanda nələrisə öyrənmək, sevgiləri birləşdirmək.

Evimizi tanıdıq korona günlərində. Yorğun-arğın gəldiyimiz, eləcə başımızı atıb yatdığımız, çörək kəsdiyimiz o evə daha yaxından baxdıq. Nə qədər görmədiyimiz şeyləri tapdıq onda. Sən demə, televizor varmış evimizdə. Açıb baxdıq. Sən demə, şirəsıxan aparatımız varmış, sıxıb meyvə şirəsi içdik. Sən demə, qapı çox cırıldayırmış, qollarımızı çırmalayıb aradan qaldırmağa girişdik.

Hamımız eqoluymuşuq, özümüzdən qat-qat razıymışıq, narsizmdən əziyyət çəkirmişik. Korona gələndə eqolarımız da utanıb bir qıraqda quyruğunu qısdı. Evin toz tutan, hörümçək bəzəyən yerlərində eqomuzun işığı söndü. Anladıq ki, dünya bapbalacadı, evimiz boydadır, biz çox kiçiyik, torpaqda tələsə-tələsə öz yuvasına yem daşıyan qarışqa kimi.

Öz hücrəmizə çəkildik, süfinin çiləyə çəkildiyi sayaq. Kimimiz rəsm çəkdik, kimimiz şeir yazdıq, kimimiz oxumadığımız kitabları əlimizə götürdük, kimimiz ağacları suladıq, kimimiz qızımızın saçını tumarladıq, kimimiz də göy üzünə tamaşa elədik uzun-uzun. Gördük ki, hiss etmədiyimiz çox şeylər varmış bu həyatda. Məsələn, o göy üzünün bu qədər füsünkar, bu qədər möhtəşəm olduğunu anlamamışdıq əvvəllər. Anlamamışdıq ki, yazmaq dünyanın ən gözəl hissi, qızımızın saçını tumarlamaq ən gözəl duyğudur, ağacları sulamaq varkən intihar etməyə dəyməzmiş.

Oxunmayan nə qədər kitab, baxılmayan nə qədər film varmış. Bu dünyanı Tanrıdan borc alıb gözəlləşdirən neçə-neçə yaradıcı adamı tanıdıq. Demə, həyata rəng qatan, onu bizə sevdirən səbəblər səhərlər şirin çay içmək qədər sadəymiş. Bəlkə neçə evdə səhər süfrə başı ailə ilə dolmurdu. Hamı qaçdı-qovdu, tez-tələsik, ayaqüstü nələrsə atışdırıb, yallah işə, universitetə, ya da darıxmağa gedirdi. Korona günləri bizə bütün ailəni tanımaq, onlarla şirin çayı bölmək sevincini yaşatdı. Hər yeməkdən sonra da “Allah sən bizi koronadan uzaq elə” dedik, bir-birimizin gözünün içə baxa-baxa, o gözlərdə ümid axtara-axtara.

Özümüzün lazımsız laqeydliyimiz yadımıza düşdü. Hamımız bir azca eqomuza sığınıb özümüzü dağın başına qoyurmuşuq, məgərsə. Halbuki “görüşək, bir dərdləşək” deyən o qədər adamı əlimizin tərsi ilə uzaqlaşdırmışdıq ki. O qədər yalan demişdik ki. “Görüşərik”, “Əlaqə saxlayarıq” və s. və i. a. Bu sözlərin həsrətini çəkəcəyimizi və o sözləri gerçəkləşdirə bilməyəcəyimizi heç vaxt təxmin belə edə bilməyəcəkdik...

İndi bütün dünya işğaldan sonrakı mənzərəyə oxşayır. Müharibədir sanki. Sadəcə güllə səsləri yoxdu. Bütün şəhərlərdə boşluqlar. Küləklərin azad olduğu küçələr.

Biz o küçələri, o şəhərləri təkbaşına buraxdıq. Sonra baxdıq ki, sən demə, şəhərlər insanlarsız necə gözəl görünürmüş. Sən demə, bizim hər dəfə haqqında pis danışdığımız, yaşamaq istəmədiyimiz şəhər heç vaxt əlimiz çatmayan qadınlar kimiymiş.

Sən demə, dünya şahanəymiş. Sən demə, yaşamaq gözəlmiş...

Bahar gəlir, ağaclar çiçəkləyir, mən kənddə ağaclara baxıram, hər gün yarpaqların böyüdüyünü görürəm və içimdə bir inam var ki, təbiət koronaya qalib gələcək, bizim yarımçıq qalmış sevgimizi böyüdəcək, böyüdəcək və sonra karantindən çölə çıxan insanlığı uşaqları dövrəyə alıb oyun oynadan kimi bir yerə yığacaq. Günəş həmişə təpədən vuracaq üstümüzə...