Online şahmat birinciliyi keçirilib
07 aprel 2020 14:48 (UTC +04:00)

Online şahmat birinciliyi keçirilib

Aprelin 5-6-sında “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə onlayn respublika birinciliyi baş tutub. Yarışlar 11 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə www.chess.com internet portalı üzərindən keçirilib. 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, birincilikdə iştirak üçün 7-17 yaşlı məktəblilər, o cümlədən nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin, şahmat klublarının 500-dən çox şahmatçısı qeydiyyatdan keçib. 

Oyunlar Youtube (https://www.youtube.com/watch?v=A23aaKNKpf4&t=5344s) üzərindən canlı olaraq şərh olunub. Yarışın əsasnaməsinə uyğun olaraq toplanılan xallara əsasən, müvafiq yaş qrupları üzrə (7, 9, 11, 13, 15, 17 yaşadək oğlanlar və qızlar) qaliblər müəyyənləşdirilib. Birincilikdə ümumi hesabda I yerə “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Müthət Gülümov, II yerə “Təhsil”in 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Şiroğlan Talıbov, III yerə “Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları” İctimai Birliyinin “Şahmat və Dama” Klubunun yetirməsi Cahandar Azadəliyev layiq görülüb. İlk üç yeri tutan şahmatçılar www.chess.com saytında bir  illik üzvlük imkanı (I yer-“brilyant” üzvlük, II yer- “platin” üzvlük, III yer-“qızıl” üzvlük) əldə edib. Hər yaş qrupu üzrə I, II, III yeri tutan oğlan və qız şahmatçılar diplomlarla təltif olunub. Diplomların elektron surəti qaliblərin elektron ünvanlarına göndərilib. 

Qeyd edək ki, onlayn formatda yarış  koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından məktəblilərin ev şəraitində vaxtlarını daha da səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün təşkil edilib. 

 

# 1115
avatar

Aygün İbrahimli

Oxşar yazılar