2883
writer1

Ayxan Ayvaz

Məqalə sayı : 27

15:51 03 Aprel 2020

Kənddə karantin günləri

Xaçmazın Çarxı kəndi korona günlərində də elə həmişəki axarındadır. Pəncərədən kəndə baxıram: arabada ot daşıyanlar, bulaqdan su gətirənlər, qoyunu qabağına qatanlar...

Bir də velosipedli uşaqlar.

Özgə günlərdən bircə şeylə fərqlənir bu mənzərə: adamlar maska taxıb.

Kənd qorxulu filmlərin təkrarı kimidir. Günortadan sonra elə bil boşaldılır, kimsələr qalmır çöldə. Bircə itləri görmək olur. Heç onlar da gözə dəymir son vaxtlar...

Bizim iki pişik də həyətdə gəzişir, quş ovuna çıxır, hərdən də babanın həyətdə işləməyinə baxırlar.

Sərkər babanın gündəlik həyatı öz qaydasındadır: ağacları sulayır, nəsə əkib-becərir... Taxtadan düzəltdiyi gəmilərin sayını artırır, onları bir qıraqda səliqə ilə düzür. Gəmilər yüklüdür, - deyir, - səfərə çıxacaqlar. Bircə korona illəti bitsə, dənizlər onları uzaq-uzaq ölkələrə aparacaq.

Koronanın neçənci günüdür, artıq sayını unutmuşam.

Hər səhər olduğu kimi baba yenə evdə yoxdur.

Çağırıram:

- Baba!

- Hey!

Həyətdən səsi gəlir. Əlində şlanq ağacları sulayır. Yanında da pişiklər.

- Baba, çay içmisən?

- Çoxdan. İndi ağaclara baxıram.

Həyətə düşüb babaya kömək edirəm. Ağaclar çiçəkləməyə başlayıb. Baba deyir:

- Göydən üç alma düşmür. Bilirsən, niyə?

- Niyə?

- Koronaya görə.

Gülümsünürük.

Hər zamankı zarafatımı təkrarlayıram:

- Baba, qocalara çölə çıxmaq qadağandır! Nə işin var həyətdə?

Əlini yelləyir:

- Mən qoca-zad deyiləm!

Cavan vaxtı rəqslə məşğul olub, indi də bunu deyib qol qaldırır.

Onun musiqisiz oyununu çox sərt bir sualla dayandırıram:

- Baba, koronavirusdan qorxmursan?

- Nə? - təəccüblənir. - Nə deyirsən? Qorxmaq? Mən nələr görmüşəm e. Korona nədir? Bu küçədən dəvələr keçirdi e. O vaxtları da görmüşəm mən. Aclıq illəri idi. Pul yox idi. Camaat bir-birinə mal verib mal alırdı. Pulun işləmədiyi zamanlar idi...

Babadan nəsə soruşanda elə bil Marsel Prust yazmağa başlayır, hər suala 10 min işarəlik cavab verir.

- Baba, - onun başladığı romanı yarıda kəsirəm. – qorxmursan deyirsən, amma çəpərdən qırağa ayağını qoymursan.

Bic-bic gülürəm.

- Yenə başladın xoruzu gülüşə. Qaynadırsan. – özü də mənə qoşulur.

Və küçəyə çıxmamağının səbəbini də deyib təzədən şlanqı əlinə götürür:

- Mən qorxmuram e, sadəcə qanundan çıxmıram. Nə deyirlər, onu eləmək lazımdır!

O gün həyətdə samovar qalayırdıq. Babanın nəvəsi dükançıdır. Sifariş veririk, gətirir, çəpərin yanı görüş yerimizdir. Səxavətdir adı, bu kənddə bəlkə də ən savadlı gənc odur. Tibbi əlcək taxıb əlinə. Yəqin ondan başqa kənddə heç kim əllərini tibb elminə təslim etməz.

- Buyurun, bu da sizin sifarişlər. – Səxavət deyir.

Babaya baxır:

- Küçəyə çıxmaq olmaz sənə. Gir evə.

Baba ona yaxınlaşır:

- Məndən iki metr aralı dur, baba – Səxavət deyir və əlindəki sellafonu çəpərdəki payaya keçirir. – Burdan götürərsiniz.

- Səni bir gün vuracam. Koronadan tez tərpənəcəm özü də. – babanın həmişəki zarafatı.

Gallery

Pəncərədən Səxavətin marketi görünür və hər dəfə baba mənə zarafatla deyir ki, Səxavət marketdən çıxan kimi onu tüfənglə vuracam.

- Sənin vuran vaxtların getdi. – Səxavət tibbi əlcəkli əlini havada yellədib bizimlə sağollaşır.

Bu vaxt çəpərin yanında başqa bir qoca peyda olur.

Baba onu görən kimi zarafatını işə salır:

- A kişi, mən çəpərin bu yanında, öz həyətimdəyəm. Sənin o yanda nə işin var? Küçəyə çıxmaq olmaz axı.

Kişi ciddiyyətlə soruşur:

- Həyqi?

- Vallah.

- Ağsaqqal, - soruşuram. - neçə yaşın var?

- 66.

- Pah otannan, - babadır, - bir yaşa görə. Get evə, get.

Kişi üzündə təbəssüm yeyin-yeyin uzaqlaşır.

Velosipedli uşaqlar keçir bu dəm. Ağzılarında maska.

- Ay bala, gedin evə, korona yeyər sizi. – baba deyir.

Evlərdən anaların səsləri eşidilir:

- Rasim, gəl evə, nədir onun adı... korona düşər dalınca.

- Qaqaş, gəl, özünlə virus gətirmə. Tez elə.

Babaya deyirəm:

- Bəlkə pəncərələri bağlayaq, birdən virus dolar evə.

Baba ciddi-ciddi:

- Havada virus yoxdu, narahat olma.

Kənddə gediş-gəliş azalsa da hiss edirəm ki, adamlar koronadan elə də qorxmurlar. Bir-birinə gedib gələnlər, görüşəndə əl verənlər...

Əl vermək dedim... Bizə də babanın yaxınları tez-tez gəlir. O gedir, bu gəlir. Baba lap o məşhur məbədlər kimidir, hamı gəlib dərdini ona danışır.

Hər dəfə əl uzadanlara deyir:

- Sonra gedim əlimi yuyum gərək... - və hər iki tərəf qaqqanaq çəkir.

Koronalı günlərin birində babanın qohumlarından Mariya evə təşrif buyurdu. Mariya özü ayrıca bir hekayədir.

- Ay Sərkər, nağarırsız? Nə təhər yola gedirsiz korna... nədir bala onun adı? – məndən soruşur.

- Koronavirus.

- Necə olacaq e? - baba ona həyətdəki sarımsaqları, göy-göyərtini göstərir. - Ode... Səhərdən axşama bunlardan yeyirik. Bizdə nə korona olacaq?

Hərdən zarafatla deyirəm:

- Baba, sarımsağı bəlkə 20 manatdan sataq?

Ciddiləşir:

- Yox. Satsam 20 qəpikdən sataram. Ancaq bizə bəs eləyir.

Hələ korona söhbəti təzə-təzə yayılmışdı, rayona enmişdik, Xaçmaza.

Bizi rayonda ilk polis maşınları...

Yox, əvvəli danışım.

Kənddə bir maşın qabağımızda saxladı. Mindik. O biri kənddən idi adam, başında da təsəy. Yüz faiz dedim, məndən namaz qılıb-qılmadığımı soruşacaq. Rayona çataçatdaydıq. Ürəyimə daman oldu.

- Qardaş, namaz qılansan?

- Yox.

Və başladı məni əməlli-başlı danlamağa. Rayona iki-üç addım qala nə soruşsa yaxşıdır?

- İnsan bu dünyaya niyə gəlir?

- Ay qaqa, bapbalaca yol qalıb, mən indi sənə bu azacıq yolda bütün dünyanın alimlərinin, filosoflarının axtardığı sualın cavabını necə verim?

- Mən bilirəm amma. - dedi və həqiqətən də insanın dünyaya gəlməsinin səbəblərindən danışdı.

Düşəndə də dedi:

- Korona şeytan əməlidir. Namaz qıl, belə şeylərə inanma.

Elə bil korona pirdir, inanc yeridir.

Rayondaydıq. Dedik axı, polis maşınlarını gördüm. Hər küçədə vardılar. Və meqafondan səslər gəlirdi:

- Bir-birinizdən aralı gəzin!

Taksiləri uzaqlaşdırırdılar.

Camaat isə gülümsünür və daha çox yaxınlaşırdılar bir-birinə. Əsas da yeniyetmələr.

Maska taxan az idi. Biz isə altdan-üstdən qıfıllanmış, spirtlənmiş, maska taxmışdıq. Camaat bizə qəribə baxırdı.

Marketdən lazım olanları alıb qaçaraq vağzala getdik, maşına minib yollandıq kəndə.

Kəndin sükut sərilən yerlərindən keçdik. Qaranlıq ovu hiss eləyən aslan kimi yavaş-yavaş göyün üzünü örtməkdəydi.

- Bir illik şey-şüy almısınız ki... – baba dedi. – Yeməyi hazırlamışam.

Yeməkdən sonra babanın Facebook saatları başlayırdı və evin içində bizə rəylər yazıb göstərirdi: “Oxu, gör necə yazmışam”.

Saat 12-dir. İnsanlar yatmağa hazırlaşır. Mən pəncərədən kəndi dinləyirəm. Hər yerdən dua səsləri göylərə ucalır:

“Allah, sən bizi qoru!”