DİSTANT TƏHSİL və müasir dünya
31 mart 2020 14:11 (UTC +04:00)

DİSTANT TƏHSİL və müasir dünya

 

Bu günlərdə “Koronavirus” ildırım kimi çaxdı və onun yaratdığı şimşəyin gur işığı “distant təhsil”in üstünə düşdü. Mövzu o qədər aktuallaşdı ki, məsələni anlayan da, anlamayan da distant təhsildən bəzi çoxbilmişlər isə hətta “onlayn təhsildən” danışmağa, yazmağa başladı. Bu durum rus dilində işlənən bir zərbi-məsəli yadıma saldı: “Paka qrom ne qryanet, mujik ne perekrestitsya”. Doğrudan da, realıq budur: bəzi insanlar təhlükə ilə üzləşənə qədər hər şeyi, hətta Yaradanı da unudurlar.

 

Koronavirusa qədər Azərbaycanda distant təhsilə münasibət.

2004-cü ildən bu günə qədər distant təhsil almağa imkan verən mərkəz, universitet, institut və ya fakültə yaratmaqla bağlı aidiyyəti üzrə çoxsaylı qurumlara dəfələrlə müraciət etmişik. Təəssüf ki, müraciətimizə müsbət cavab verən olmayıb, bəzi qurumlar isə hansısa bir cavab və ya reaksiya verməyə ehtiyac duymayıb.

2004-2005-ci illərdə dalbadal Təhsil Nazirliyinə məktub yazıb, dövlət qurumu olan və distant təhsil verən mərkəz, universitet, institut və ya fakültə yaratmaq istədiyimizi və bu məsələdə bizə yardım göstərilməsini xahiş etdik. Cavab verildi ki, dövlət qurumu olaraq xüsusi distant təhsil müəssisəsi yaratmağa ehtiyac yoxdur. Özəl təhsil müəssisəsi yaratmaq üçünsə, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək və lisenziya almaq lazımdır.

2010-cu ildə AMEA-nın Prezidentinə müraciət edərək distant təhsil verən Azərbaycan dili mərkəzi və buna paralel olaraq distant təhsil verən universitet, institut və ya fakültə yaratmaq istədiyimizi və bu məsələdə bizə yardım göstərilməsini xahiş etdik. Cavab verildi ki, bu məsələ Təhsil Nazirliyinin səlahiyyətindədir və oraya müraciət etməyimiz məsləhətdir.

2012-ci ildə eyni məsələ ilə bağlı Elm fonduna müraciət etdik. Onlar da Təhsil Nazirliyinə müraciət etməyimiz məsləhət gördülər.

2013-18-ci illərdə şəxsən Baş Nazirə ünvanlanmaqla Nazirlər kabinetinə, şəxsən Təhsil Nazirinə ünvanlanmaqla Təhsil Nazirliyinə, Akademiyanın prezidiumuna, Elm fonduna, Təhsil fonduna yazılı şəkildə dəfələrlə müraciət etdik. Çox güman ki, bu yazılarımız həmin mötəbər qurumların önündə “qoruyucu məmurların quruduğu süzgəc”dən keçmədi. Belə ki, bu dəfə heç bir cavab ala bilmədik. Müasir Azərbaycanın ən böyük problemlərindən biri elə məhz budur: “qoruyucu məmurlardan ibarət süzgəc”. Bu süzgəcdən keçmək o qədər asan deyil. Ən azından biz keçə bilmədik. Görünür “SimSim”i açan sehrli sözü bilmirik və ya süzgəcdən keçən mayedə tam həll olmağı bacarmırıq.    

 

Distant təhsilin tarixi haqqında.

Müasir distant təhsil bəzi hallarda qiyabi təhsil ilə, bəzən isə videoyazılardan ibarət olan xüsusi kurslarla eyniləşdirilir. Əslində distant təhsil tarixən onların bazasında yaransa da və onlarla bəzi ortaq cəhətlərə malik olsa da, bu gün istər ənənəvi qiyabi təhsildən, istərsə də klassik videokurslardan əsaslı şəkildə fərqlənir.

Ənənəvi qiyabi təhsil öyrənmə və öyrətmə prosesini xüsusi bir zaman çərçivəsinə sığdırmaq yolu ilə həyat keçirilir. Bu baxımdan əyanı təhsildən əsaslı şəkildə fərqlənir. Qiyabi təhsildəki “xüsusi zaman faktoru” distant təhsilin yaranması istiqamətində atılan ilk addım hesab edilə bilər.  

Audio və video maqnitofonların kəşfi eyni dərslərin müxtəlif zaman və məkan daxilində yenidən dinlənilməsi və izlənməsinə şərait yaratdı. Konkret mövzular üzrə audio və video yazılardan istifadə etməklə reallaşan dərsləri, şərti olaraq, ilk distant dərslər hesab etmək olar. Daha sonra konkret bir mövzu üzrə video dərslər silsiləsi hazırlanaraq video kurslar yaradıldı. Bunlar da distant təhsilin formalaşmasına təkan verən əsas faktorlardır. Doğrudur, bu dərslərdə interaktivlik, bəzi hallarda sıfıra bərabərdir. Amma istənilən halda onlar müasir distant təhsilin yaranmasında əhəmiyyətli dərəcədə rol oynamışdır.

Bu günün distant təhsili – birbaşa təmas olmadan və uzaq məsafədən həyata keçirilən bir təhsil formasıdır. Bu təhsil formasının ənənəvi təhsildən əsas fərqi odur ki, burada xüsusi texniki imkan və texniki bilik tələb olunur. Distant təhsil vermək istəyən qurumun texniki bazasının (ən azı bir serverinin) və həmin bazaya uyğun hüquqi statusunun (ən azı şəxsi “domen”inin) olması zəruridir. Distant dərsin keçilməsi uçun müəyyən texniki imkanın (ən azı kompüter və internet şəbəkəsinin), eləcə də müəyyən səriştənin olması zəruridir. Distant təhsil alan şəxslərin də texniki imkanlarının (kompüter, ağıllı telefon və s.) və ilkin istifadəçi təcrübəsinin olması tələb edilir. Bunlardan hər hansı biri olmazsa, distant təhsil verilə və ya alına bilməz.     

Distant təhsilin reallaşması üçün təhsil verən və təhsil alan şəxslərin eyni zamanda və eyni məkanda olmasına ehtiyac yoxdur. Təhsil verən və alan şəxslər arasında minlərlə kilometr məsafə ola bilər. Yetər ki, onlar etibarlı resurs və vasitələrlə əlaqə yarda və ya bir-birinə bağlana bilsinlər. Hətta müəyyən hallarda təhsil alan və təhsil verən şəxslərin eyni bir zaman müstəvisində olması da vacib deyil. Bir qədər fantastik görünsə də, bu gün konkret bir mövzu üzrə dərs deyən müəllimin mühazirəsinin video yazısı eyni mövzunu 100 il sonra öyrənən şəxsə də təqdim edilə bilər. Nəzərə almaq lazımdır ki, mühazirə və seminardan ibarət olan dərslərin mühazirə qismi, bu gün belə, böyük interaktivlik tələb etmir. Bu dərslərdə sinxron müdaxilə tələb edən əsas məsələ odur ki, hər mövzunun sonunda dinləyicilərin suallarına cavab verilsin. Bunu həmin dərslər üçün müəyyən edilmiş vaxtın sonunda əyanı şəkildə təmin etmək mümkündür.

İlk dəfə distant təhsil forması təhsil verən quruma gəlmək imkanı olmayan şəxslər üçün yaradılmışdır. Bu kateqoriyaya fiziki qüsuru olan şəxslər, yəni əlillər və o cümlədən müvəqqəti olaraq sağlamlığını itirmiş şəxslər, yəni xəstələr; istənilən səbəbə görə olduğu məkandan ayrılması mümkün olmayan şəxslər, o cümlədən vacib iş adamları və mütəxəssislər, də azadlıqdan məhrum edilmiş şəxslər daxil idi.

Məqsədindən və əhatə etdiyi kontingentdən də göründüyü kimi, distant təhsil forması istər zaman, istərsə də məkan baxımından heç bir məhdudiyyət tanımayan xüsusi təhsil növü kimi nəzərdə tutulur. Bu gün Azərbaycanda tətbiqi o qədər də uğurlu olmayan Boloniya sistemini distant təhsil üsulu ilə təkmilləşdirmək mümkündür. Əslində, Boloniya sistemində dərsə davamiyyətə sərbəstlik verən başlıca amil məhz distant təhsil üsulundakı zaman əsnəkliyi kimi tövsif oluna bilər.

Başqa sözlə desək, Boloniya sistemində dərsə davamiyyət məsələsi təhsil alan şəxslərin öz məsuliyyətinə buraxılır. Təhsil alan şəxslərin bəzi dərslərdə (xüsusilə mühazirələrdə) fiziki olaraq iştirakı zəruri sayılmır. Həmin dərslər keçildiyi zaman təhsil alanlar onları eyni məkanda olmaqla, yaxud onlayn formada uzaqdan dinləyə bilərlər. Hətta daha sonrakı tarixlərdə bu dərslərin videoyazılarını izləməklə yolu ilə də müvafiq mövzunu mənimsəyə bilərlər. Qeyd edək ki, distant formada təhsil alan şəxslərin eyni fənn üzrə fərqli müəllimlər tərəfindən oxunan mühazirələr arasında seçim etmək imkanı da olmalıdır. Yəni, təhsil alan şəxslər eyni fənn üzrə hansı müəllimin mühazirəsini istəsələr, onu dinləyə bilərlər.

 

Onlayn dərs – ehtimallar və reallıqlar.

Bu günlərdə Azərbaycan Respublikasının bütün orta, orta ixtisas və ali məktəblərində onlayn dərslərin keçilməsi planlaşdırılır. İlk növbədə bunu qeyd edək ki, onlayn dərslərin keçilməsi distant təhsilin tətbiqi üsullarından sadəcə biridir. Bəzən ümumilikdə bu problemdən və eləcə də, onun tətbiqi üsullarından danışan şəxslər yanlışlıqla “distant təhsil” əvəzinə “onlayn təhsil”, yaxud da “onlayn dərs” əvəzinə “distant dərs” terminindən istifadə edirlər. Əslində bu, terminoloji yanlışlıq və ya metodoloji səviyyədə yol verilən bir xətadır. Müqayisə üçün belə deyə bilərik ki, “isim” əvəzinə “mübtəda”, yaxud da “təyin” əvəzinə “sifət” demək nə qədər yanlış və səhvdirsə, “distant təhsil” əvəzinə “onlayn təhsil” demək də o qədər yanlış və səhvdir. Bu səbəbdən də, əgər söhbət təhsil verən və təhsil alan şəxslərin müxtəlif məkanlarda olduğu təhsil üsulundan gedirsə, nəzərə almaq lazımdır ki, burada hansı termindən istifadə olunmasından asılı olmayaraq, birmənalı şəkildə distant təhsil nəzərdə tutulur.  

Şübhəsiz ki, mövcud şəraitdə distant təhsilin tətbiqi son dərəcə zəruri və vacibdir. Əslində distant təhsilə indi deyil, ən azı 10-20 il bundan əvvəl başlamaq lazım idi. Yəni bu sahədə bir böyük səhvə artıq yol verilib. İndi də distant təhsili sadəcə onlayn dərslərlə məhdudlaşdırmaq, bizcə, ikinci bir böyük xəta və yanlış ola bilər.

Distant təhsil sistemində sadəcə onlayn dərslərdən deyil, bir çox metod və üsullardan istifadə etmək mümkün və zəruridir. Nəzərə almaq lazımdır ki, distant təhsil çərçivəsində tətbiq edilən üsullar arasında onlayn dərs 1) interaktivlik baxımından kifayət qədər optimal üsullarından biri və hətta birincisidir, 2) elmi tutum baxımından digər üsullarla müqayisədə sadəcə məqbul və ya kafi sayıla bilər, 3) nəzərdə tutulan dərs materiallarını təhsil alan şəxslərə çatdırmaq imkanı və potensialı baxımından isə, ən zəif və ən etibarsız olan bir üsuldur.

Onlayn dərslə bağlı bu deyilənləri geniş şəkildə şərh etməyə ehtiyac olmasa da, bu sahə üzrə mütəxəssis olmayan şəxslər üçün onlayn dərslərin qeyd edilən 3 cəhəti ilə bağlı qısa izahatlar verməyi məqbul sayırıq.

 

1) Həqiqətən də distant təhsil çərçivəsində tətbiq edilən üsullar arasında onlayn dərs interaktivlik baxımından kifayət qədər optimaldır. Digər üsullardan fərqli olaraq onlayn dərslərdə təhsil alan şəxslərlə canlı təmas qurmaq, dərsin gedişi prosesində onların aktiv iştirakına şərait yaratmaq potensial olaraq mümkündür və sadəcə dərsi aparan şəxsin (müəllimin) səriştəsindən və ustalıq dərəcəsindən asılıdır.

Bunu da qeyd edək ki, onlayn dərslərdəki interaktivliyin səviyyəsi, bu dərs üsulunda iştirak edən təhsilalanların sayı ilə tərs mütənasibdir. Başqa sözlə desək, onlayn dərslərdə təhsil alan qismində iştirak edən şəxslərin sayı artdıqca bu dərs üsulunun interaktivlik səviyyəsi aşağı düşür. 20-40 dəqiqə davam edən onlayn dərslər təxminən 10-15 nəfərə qədər olan kiçik qruplarda aparılarsa, bu dərsin interaktivlik səviyyəsi kifayət qədər yüksək, təxminən 70% ola bilər. Onlayn dərs qruplarında təhsilalanların sayının artması interaktivlik səviyyəsinin eyni nisbətdə azalmasına səbəb olur, məsələn, 30 nəfərlik qrupda interaktivlik səviyyəsi təxminən 30% və daha aşağı olur.

 

2) Onlayn dərslər elmi tutum baxımından digər üsullarla müqayisədə sadəcə məqbul və ya kafi sayıla bilər. Belə ki, həqiqi mənada onlayn formada həyata keçirilən dərslərdə müasir audio və video resurslardan, kompüter texnologiyalarının geniş imkanlarından istifadə imkanı çox məhdud olur. Əksər dərslərin şərhi, bir qayda olaraq, müəllim, yazı taxtası və markerdən (qələmdən) ibarət olan “klassik üçlüyə” əsaslanır. Dərslərin elmi tutumunu və cəlbediciliyini yüksəltmək üçün mövzuların izahı prosesində əvvəlcədən hazırlanmış müxtəlif videoçarx və videosujetlərdən maksimum dərəcədə istifadə etmək, bizcə, daha faydalı ola bilər. Vdeomateriallara interaktivlik modu qazandırmaq üçün hər dərsin son 5-10 dəqiqəsini real vaxt rejimində canlı ünsiyyətə və qısa sual-cavaba ayırmaq mümkündür.

 

3) Onlayn dərs üsulu nəzərdə tutulan materialları təhsil alan şəxslərə çatdırmaq imkanı baxımından ən zəif və ən etibarsız üsuldur. Hər şeydən əvvəl subyektiv və texniki faktor məsələlərində mövcud olan və ya yaranan problemlər onlayn dərslərin keyfiyyətinə mənfi təsir edir. Həmin faktorların ən başda gələnləri sırası ilə bunlardır:

- təhsil verən (müəllim), istərsə də təhsil alan (tələbə) şəxslər distan və onlayn təhsilin əsas prinsip və normalarını kifayət qədər bilməsi, texnik vasitələrdən istifadə səriştəsinə malik olması;   

- təhsil verənin və alanın istifadəsində olan texniki vasitələrin (kompüter, ağıllı telefon və s.) keyfiyyəti və texniki imkanları;

- təhsil verənin və təhsil alanın yaşadığı məkanda mövcud olan sistem imkanları (internet və elektrik şəbəkəsindəki kəsilmə, oynama və s.);  

- distant təhsilə yeni başlanması səbəbi ilə real şəkildə meydana çıxan və təcrübəsizlikdən yaranan digər problemlər.

Bütün bunlara baxmayaraq distant təhsil hal-hazırda Azərbaycanın orta, orta ixtisas və ali məktəblərində tətbiq edilə biləcək yeganə təlim-tədris üsuludur. Doğrudur qeyd etdiyimiz və hətta indi ağlımıza da gəlməyən bir sıra başqa problemlər, təbii ki, olacaqdır. Amma bütün bunlar distant təhsildən imtina etmək üçün səbəb deyil və ola da bilməz. Çünki hal-hazırda mövcud olan real şəraitdə distant təhsildən başqa bir təhsil növünün tətbiqi, ümumiyyətlə, mümkün deyil. Başqa sözlə desək hal-hazırda distant təhsilin alternativi yoxdur. Bu səbəbdən distan təhsilin ən uyğun, optimal və effektiv metodlarından, yol və üsullarından istifadə etmək lazımdır.

Tam təcrid şəraitində distant təhsil.

Məlum olduğu kimi koronovirusa görə əksər dünya ölkələrində tam təcrid şəraiti, yəni “karantin” və hətta bəzi ölkələrdə “fövqəladə vəziyyət” elan edilmişdir.

Hər şeydən əvvəl bunu qeyd edək ki, tam təcrid şəraiti distant təhsildən başqa bütün digər təhsil növlərinin tətbiqini birmənalı şəkildə istisna edir. Başqa sözlə desək, belə bir şəraitdə tətbiq edilməsi mümkün olan yeganə təhsil növü məhz distant, yəni uzaq məsafədən (distansiyadan) alınan və ya verilən təhsildir. Bu təhsil növündə, əvvəldə də qeyd etdiyimiz kimi, təhsil verənin və təhsil alanın eyni bir məkanda, hətta eyni zaman kəsimində olmasına belə ehtiyac yoxdur.

Distant təhsil də, eynilə üz-üzə, yəni əyani təhsil kimi, konkret ixtisas üzrə mütəxəssis yetişdirmək üçün tədris edilməsi lazım gələn fənləri və bu fənlər üzrə mövzuları müəyyən etməklə və fənn proqramları hazırlamaqla başlayır. Adi və ya normal vəziyyətdə verilən əyanı təhsil ilə distan təhsil arasında olan başlıca fərq, sadəcə, təhsil proqramında nəzərdə tutulan tədris materiallarının təhsil alan şəxslərə çatdırılma formasında, üsulunda və ya şəklində müşahidə edilir.

Bu günlərdə Azərbaycan Respublikası ərazisində mövcud olan tam təcrid şəraitində planlaşdırılan və verilməsinə başlanan distant təhsil, həm adi vəziyyətdə verilən əyanı təhsildən, həm də adi vəziyyətdə verilən distan təhsildən bir çox cəhətləri ilə fərqlənir: birinci fərq təhsil proqramında nəzərdə tutulan tədris materiallarının hazırlanmasında, ikinci fərq bu materialların çatdırılmasında, üçüncü fərq bu vəziyyətdə verilən distant təhsilin qarşısında qoyulan vəzifələrdə, digər spesifik fərqlər isə, daha incə məsələlərdə müşahidə edilir. Bu deyilənlərə müəyyən qədər aydınlıq gətirməyə çalışaq.

 

1) İndiki tam təcrid şəraitində distant təhsilə aid tədris materialları digər metodistlərin və texniki heyətin heç bir iştirakı olmadan onları tədris edəcək müəllimlərin özü tərəfindən şəxsən hazırlanmalıdır. Bu günə qədər Azərbaycan ərazisində distant təhsil verən heç bir qurum (orta və ya ali məktəb) olmayıb. Bu səbəbdən də təhsil müəssisələrində bu istiqamətdə peşəkar təcrübəsi olan mütəxəssislər yoxdur və ya onların sayı yox deyəcək qədər azdır. Amma bütün bunlar distant təhsil formasından imtina etmək üçün əsas deyil və ola da bilməz.

Hər şeydən əvvəl ona görə ki, müasir şəraitdə Azərbaycanda və ya digər dünya ölkələrində distant təhsilin alternativi mövcud deyil. İkinci bir tərəfdən distant təhsillə bağlı heç bir təcrübəsi olmayan müəllim belə, ən azı mühazirə materiallarını, seminar suallarını və ya praktik dərslərə aid çalışmaları hazırlayaraq fərqli vasitələrlə təhsil alan şəxslərə göndərə bilər. Eləcə də istənilən müəllim yazı taxtası önündə və ya kürsüdə dayanaraq öz fənninə aid mövzuları izah edə bilər. Müəllimin dərslə bağlı bu izahları video kimi çəkilsə, onu, tam əminliklə, distant dərsin tədris materialı adlandırmaq mümkündür (əgər bu izahlar verilən zaman bunun feysbuk, yutub və ya vatsap vasitəsilə yayımı da təşkil edilsə, buna, çətinliklə də olsa belə, onlayn dərs də deyilə bilər).

Ən ideal variantda isə, kompüter texnologiyalarının imkanlarından da maksimim dərəcədə istifadə etməklə elmi mənbələrə istinad edən və əyani vasitələrə əsaslanan mükəmməl tədris materialları hazırlamaq məqsədəuyğun olacaqdır. Belə tədris materiallarının hazırlanması bir tərəfdən fənni tədris edən müəllimdən həmin fənnin bütün elmi incəliklərini bilməyi, ikinci bir tərəfdən isə, rəqəmsal ortamda müasir tələblərə cavab verən elektron və interaktiv tədris materialları hazırlamaq potensialı və qabiliyyəti tələb edir.  

 

2) İndiki tam təcrid şəraitində tədris materiallarının təhsil alan şəxslərə çatdırılması ilk növbədə təhsil verən qurumun təmin etdiyi şəraitdən və texniki imkandan, eləcə də müəllimin özünün malik olduğu imkanlardan birbaşa asılıdır. Bu gün mövcud olan real şəraitdə istər təhsil verən qurum, istərsə də müəllimin özü kifayət qədər geniş texniki imkanlara malik olmasa belə, bu vəziyyət distant təhsildən imtina üçün səbəb təşkil etməməlidir. Çünki, artıq qeyd etdiyimiz kimi, bu şəraitin nə qədər və ya nə vaxta qədər davam edəcəyini heç kim dəqiqliklə deyə  bilməz. Başqa sözlə desək, tədris materiallarının təhsil alan şəxslərə çatdırılması ilə bağlı heç bir problem, göstərilən heç bir obyektiv və ya subyektiv səbəb, yaxud gətirilən bəhanə distant təhsildən imtina üçün əsas olmamalıdır. Bu şəraitdə istər təhsil verən qurumlar, istərsə də müəllimlər müxtəlif yol və üsullarla tədris materiallarını təhsil alan şəxslərə çatdırmağa çalışmalıdır. Tam təcrid şəraitində tədris materiallarının təhsil alanlara çatdırılmasının bəzi yol və üsulları ən sadədən mürəkkəbə doğru olmaqla bunlar ola bilər:

- elektron məktub (e-mail);

- feysbukda və ya vatsapda yaradılan qruplar daxilində paylaşım;

- təhsil verən quruma və ya şəxsə məxsus saytda paylaşım;

- yutubda yaradılmış kanalda paylaşım;

- zoom və ya bənzər proqramlarda paylaşımlar, onlayn dərslər və s.

 

3) Müasir təhsilin əsas məqsədləri bunlardır: yetişməkdə olan nəsli müxtəlif elm sahələrinin əldə etdiyi uğurlarla tanış etmək (orta və ya orta ixtisas təhsili), bu və ya digər ixtisas üzrə geniş profilli kadrlar hazırlamaq (bakalavriatura), onları müəyyən istiqamətlər üzrə peşəkar mütəxəssislərə çevirmək (magistratura), onların mövcud potensiallarını inkişaf etdirmək yolu ilə konkret sahələr üzrə alim kimi yetişmələrinə imkan yaratmaq (doktorantura).

İndiki tam təcrid şəraitində verilən distant təhsilin qarşısında qoyulan vəzifələr də adi şəraitdə tətbiq edilən distant təhsilin və digər təhsil növlərinin qarşısında duran vəzifələrlə əsas etibarı ilə eyniyyət təşkil etməlidir və edir. Bununla belə bu günün distant təhsili onlardan bəzi cəhətləri ilə fərqlənir. Əvvəla ona görə ki, indiki şəraitində verilən distant təhsilin müvəqqəti bir proses olduğu və çox qısa müddət ərzində davam edəcəyi ehtimal olunur. Tam təcrid şəraitinin tezliklə başa çatacağı və bütün təhsil müəssisələrində ənənəvi təhsil formalarının bərpa olunacağı qəbul edilir.

 4) İndiki şəraitdə planlaşdırılan və verilən təhsilin adi hallarda verilən təhsildən spesifik fərqləri isə, daha incə məsələlərdə müşahidə olunur. Məsələn, təhsil üzrə bəzi mütəxəssislər belə hesab edir ki, indi tətbiq edilən distant təhsilin məqsədi elmi bilik verməkdən daha çox, psixoloji cəhətdən “təhsil prosesi davam etir” hissi yaratmaqdır. Həmin mütəxəssislərin (o cümlədən də Türkiyə Respublikasının Təhsil Naziri Ziya Səlcuğun) fikrincə, vəziyyət düzəldikdən sonra “telafi eğitimi” ilə, təhsil prosesindəki bu boşluq qısa müddət ərzində doldurulacaqdır.

Təxminən eyni fikirdə olan Rusiyalı mütəxəssislər isə belə hesab edirlər ki, tam təcrid şəraitinin davam etdiyi müddət ərzində şagird və tələbələri tətilə göndərmək lazımdır. Mövcud şəraitdə tək yaşayan yaşlılara və kimsəsizlərə yardım göstərilməsi ilə bağlı sosial layihələrin icrasında könüllülər ordusunun əsgəri kimi onlardan istifadə etmək daha məqsədəuyğundur. Hal-hazırda Rusiyada tanınmış aktyorlar, müğənnilər, siyasi xadimlər və digər şəxslər tərəfindən reklam edilən bu işə, tezliklə sosial layihə adı altında gənclərin xüsusilə də yuxarı sinif şagirdlərinin və tələbələrin cəlb edilməsi nəzərdə tutulur.  

Bizcə, nə qədər davam edəcəyi bəlli olmayan bu şəraitdə, belə bir sosial layihəyə yuxarı sinif şagirdlərinin, eləcə də tələbələrin tam gün ərzində cəlb olunması qəbuledilməzdir. Belə bir addımın atılması bir tərəfdən təhsilə sarsıdıcı zərbə vura bilər, ikinci bir tərəfdən isə, millətin gələcəyi və genefondu olan gənc nəsli potensial təhlükə ilə üz-üzə qoyar. Tamamilə təcrübəsiz olan və təhlükəli tərəfi aydın görünməyən bir çox məsələlərə “mənə bir şey olmaz” fəlsəfəsi ilə yanaşan gəncləri riskə atmaq qətiyyən doğru olmaz. Çünki bu xəstəlikdən sağalan şəxslərdə hansı patoloji qalıqların qaldığı heç kimə bəlli deyil.

Bu da bir həqiqətdir ki, tələbə və şagirdlər uzunmüddətli tətilə göndərilərsə, müəllimlərə həm indi, həm də gələcəkdə “telafi dersleri” üçün maaş vermək lazım gələcək. Bizcə, gələcəkdə müəllimlərə deyəcəkləri “telafi dersleri” üçün ikinci dəfə maaş vermək əvəzinə, həmin vəsait hesabına bu gün icra edilməsi lazım gələn sosial layihəyə daha təcrübəli insanlar cəlb etmək, bununla da mövcud şəraitdə yaranmış işsizliyi qismən də olsa azaltmaq mümkündür. Şagird və tələbələrinsə, ölkə ərazisində tətbiq edilən distant təhsil çərçivəsində keçilən dərslərdə iştirak etməsi, bizcə, daha düzgün olacaqdır.

 

Mayıl B.Əsgərov, filologiya üzrə elmlər doktoru,

AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və Psixolinqvistika şöbəsinin müdiri

# 1783
avatar

Oxşar yazılar