4380
17:00
28 Mart 2020

Bu ölkədə koronavirusla mübarizədən imtina edildi - SƏBƏB

İsveç hökuməti koronavirusa yoluxanların sayı artmaqda davam etsə də, ciddi karantin rejimi tətbiq etməyəcək.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin baş epidemioloqu Andres Teqnellan qərarına görə, ölkə əhalisi koronavirusla xəstələnməlidir ki, isveçlilər virusa "kollektiv toxunulmazlığa" hazır olsunlar.

Məlumata görə, İsveçdə virusa yoluxanların sayı 2800 nəfəri keçib, 70 nəfər vəfat edib. Buna baxmayaraq, restoranlar və məktəblər həmişəki kimi açıqdır. Vətəndaşların hərəkəti sərt məhdudlaşdırma da yoxdur, onlara yalnız mümkün qədər evdə qalmaq və yaşlı insanlarla ünsiyyəti məhdudlaşdırmaq məsləhət görülür. 500 nəfərə qədər inasının iştirakı ilə kütləvi tədbirlərin keçirilməsi yalnız martın 27-dən qadağan edilib.

Avropa İttifaqının vətəndaşları İsveçə sərbəst gəlib-gedə bilərlər. Ölkəyə gələnlərdə koronavirus aşkarlanarsa, yalnız onlar karantinə göndərilir.

Məlumata görə, Teqnellanın fikrincə, təkcə “risk qrupu”ndakıları – yaşlı və xroniki xəstəlikləri olan insanları təcrid etmək lazımdır.

Onun fikrincə, əgər insanlar koronavirusa yoluxursa, virus gücünü itirəcək və təhlükəliliyi yox olacaq. Ancaq belə bir nəzəriyyə üçün heç bir dəlil yoxdur.

Epidemioloqun bu yanaşmasını İsveçin baş naziri Stefan Lyeven tənqid edib.

Onun sözlərinə görə, insanların həyatı və sağlamlığı təhlükə altındadır. Hakimiyyətin epidemiyaya qarşı siyasəti ilə bağlı sosial şəbəkələrdə də tənqidlər çoxalıb. Yerli sakinlərin çoxu hakimiyyəti koronavirusla mübarizə tədbirlərini sərtləşdirməyə çağırır.