3334
writer1

Samirə Əşrəf

Məqalə sayı : 34

10:40 18 Mart 2020

Rafael Dadaşovu bir qadından utandıran hadisə

Ötən ilin elə mart ayında Rafael Dadaşovla “Azdrama”nın çıxışındakı gözləmə otağında görüşdük. Ona zəng vuranda telefonu uzun-uzadı cavab verməmişdi. Səbirlə gözləmişdim. Nəhayət bir az yorğun, səbirsiz səsi eşidilmiş, mən də müsahibə götürmək məqsədimi açıqlamışdım.

Söhbətə dərhal razılaşmadı. Dedi, mən çox danışmışam, cavanları danışdır, daha əvvəlki kimi də teatra gedib-gələ bilmirəm.

Amma sonra razılıq verdi.

Burda bir haşiyə çıxmaq istəyirəm. Biz onunla bir dəfə də görüşmüşdük.

2014-cü ildə vaxt təyin edib teatra getdim. Otağında əyləşib gözləyirdi. O zaman “Üç klon” tamaşa təzə hazırlanmışdı. Mübahisəli tamaşa olmuşdu. İlk sualımı tam təsadüfən həmin tamaşa barədə verdim, xoşuna gəlmədi. Müsahibə verməkdən imtina etdi. Sualımın ona toxunacağı qəti şəkildə ağlıma gəlməzdi.

Bozlaşdıq. Çox küskün şəkildə onun otağından çıxdım.

Müsahibə götürə bilməməyim, məsələyə qeyri-peşəkar yanaşmağım mənə bərk toxunmuşdu. Aradan beş il keçəndən sonra bütün xırda hisslərin üstündən xətt çəkib növbəti cəhdi etdim.

Və müsahibəmiz baş tutdu. Bu dəfə ona ilk sualım rejissor Tofiq Kazımovla bağlı oldu. Çöhrəsi açıldı, həvəslə onu teatra qazandıran rejissordan danışdı. Keçmişi yada saldıqca siması da dəyişir, nəql etdiyi xatirələr onu həmin günlərə alıb aparırdı.

İki saat söhbət etdik. Teatrdan, kinodan, valideynlərindən, şəxsi həyatından və sənət müəllimlərindən...

Sonda anası ilə bağlı verdiyim sualdan kövrəldi. Dedi, məni kövrəltdin, kövrəlməkdən xoşum gəlmir.

Anasına həsr etdiyi şeiri çıxarıb oxudu.

Müsahibə boyu diqqətlə ona baxdım. Hiss edirdim ki, tarixi bir məqamın iştirakçısıyam. Dövrünün Alen Delonu hesab olunan Rafael Dadaşov yaşlanmış, səhhəti xeyli pisləşmiş və ifrat dərəcədə kökəlmişdi.

Müsahibəyə başlamazdan əvvəl isə bildirmişdi ki, otaqdakı stullarda əyləşə bilmirəm, narahatlıq yaradır, ona görə buranı seçdim ki, kreslosu genişdir.

Sağollaşıb çıxanda ayağa qalxmadı. Elə oturduğu yerdə qalmışdı. Adətən müsahib həmişə öz qonağını yola salır. Bu dəfə elə olmadı. Qapının ağzına çatanda arxadan dedi ki, siz gedin, mən bir azdan çıxacam.

Mühafizəçinin yanına çatanda qəfildən çevrilib geri baxdım. O, artıq yerindən qalxmış, qapıya yaxınlaşmışdı. Amma qapıdan keçməkdə xeyli çətinlik çəkirdi. Mühafizə xidmətində oturan oğlanlardan biri yaxınlaşıb ona köməklik etdi. Qoluna girib teatra yola saldı.

Dəhşətli dərəcədə mütəəssir oldum. Bu günə qədər həmin mənzərə gözlərimin qarşısından çəkilmir.

Rafael Dadaşov dövrünün ən yaraşıqlı, ən tələb olunan aktyorlarından biri idi. Qadınlar onun ətrafında həmişə pərvanə kimi fırlanmışdılar. Aradan nə qədər illər keçsə də, uşaqdan böyüyə hamı onu ifa etdiyi tamaşalardakı xarizmatik rolları ilə xatırlayır və ona məhz bu cür yanaşırdılar.

Belə yaraşıq sahibi insanın birdən-birə qocalması, zahiri yaraşığını itirməsi, görünür, onun öz qəlbinə də toxunmuşdu. Ona görə də qalxarkən, yeriyərkən çəkdiyi zəhməti, görüntüsündəki xoşagəlməzliyi kiminsə görməsini, xüsusən qızı yaşında olsa belə, bir qadının görməsini istəməmişdi...

Bir az ərköyün, bir az tələbkar, bütün dövrlərin ən maraqlı və istedadlı aktyoru dünyasını dəyişdi. Bizə qalan isə ifa etdiyi tamaşalarda, filmlərdə qalan gülümsər çöhrəsi oldu. Onu hər zaman xatırlamağımız üçün.

Ruhu şad olsun!