2674
writer1

Ayxan Ayvaz

Məqalə sayı : 26

11:05 13 Mart 2020

Mentaliteti məhv edən Cəmilə

Azərbaycan dilinin imkanlarının zəif olduğundan çox danışılır. Çoxları hesab edir ki, bu dildə şedevr yaratmaq az qala mümkün deyil. Nədənsə, dil məsələsi üzərində çox dartışılır, müzakirələr aparılır. Ancaq bunların hamısı onu göstərir ki, əslində mövzu heç də düzgün qoyulmayıb.

Bəzən elə məqamla üzləşirsən ki, millilik arxa plana keçir. İnsan kimi milli düşüncəyə sahib ola bilərsən və bu yaxşı haldır. Ancaq yaradıcı adam üçün rus da, alman da, ingilis də, fransız da eyni insan kimi görünür.

Azərbaycan ədəbiyyatının dünyaya çıxa bilməməsinin səbəbi Azərbaycan dili deyil. Azərbaycan ədəbiyyatının dünyaya çıxa bilməməsinin səbəbi, zənnimcə, Azərbaycandan kənara çıxa bilməməkdir, daha doğrusu hər zaman Azərbaycanlı kimi görünməkdir.

 

 

 

 

Razıyam, insan gərək milli olsun, elə yazar da. Ancaq Lev Tolsoyu götürək. O bəlkə milli deyildi? Hələ sizin düşündüyünüzdən də min qat milli təfəkkürlü yazıçı idi. Ancaq onun milliyi bir xətlə ölçürmürdü. Onun milliyi bəşəri duyğularla hesablanmışdı. Əslində onu dahi edən də məhz bu amildir.

Bizim yazıçıların bəlkə də axsayan tərəfləri milliliyi bir istiqamətdə görməkdir. Axı, ədəbiyyat sadəcə milliyətlə ölçülmür. Düzdü, gərək ədəbiyyatımız milli köklər üstündə qurulsun, fundament bu səbəbə əsaslansın. Ancaq budaqlanma, inkişaf dünyəvi, bəşəri olmalıdır.

Çingiz Aytmatov, məsələn, rus dilində yazırdı, amma milli düşüncə tərzini qırğız-türk elatından olduğunu təsdiqləyəcək kimlik rolu oynayan əsərləri vardı. Gəlin görək, o əsərlər yalnız öz içinəmi qapalıydı. Xeyr. “Cəmilə” povestində mentaliteti yıxıb dağıdan, məhv edən bir qadının obrazı var idi. O qadın sevgisini tapması nəticəsində öz adət-ənənlərini, dədə-babadan qalma milli düşüncə tərzini bir çırpıda kənara atdı. Çoxları onun səhv addım atamasını qınasalar da, Cəmilə əslində düşdüyü cəmiyyətə qarşı mübarizə apardı və çıxış nöqtəsini onları yıxmaqda gördü. Onlarla razılaşmadı, onları məğlub etdi. Onun sevgisi cəmiyyətə olan qələbəsi idi.

Ədəbiyyat gərək budaqlanma etapında haradasa insan faktını əsas götürməlidir.

Millilikdə dirənib qalmamalıdır. Yoxsa bu sadəcə olaraq sünilik və mənasızlıq yarada bilər.

Oysa ən böyük millilik, milli düşüncə tərzi insandır.

Gərək insan duyğusuna, sevgisinə, düşüncəsinə sayğı göstərək və ədəbiyyatda da əsasən bunu işıqlandıraq.

Bütün məşhur yazıçılar özündən, öz həyatından yazıblar. Bu danılmaz faktdır. Bir yazıçının da dediyi kimi, öz həyatını qələmə ala bilməyənlər istedadsızlardı.

Özünlə qarşı-qarşıya durmağı bacarmalısan. Bu yaradıcı adamlarn xarakterik cəhətidir. Özünü yazdığında çevrəni, mühitini, cəmiyyətini, dövlətini, xalqını, millətini yazmış olursan.

Ancaq yazıçının düşüncəsi bir yönə istiqamətlənməməlidir. Yuxarıdakı misalları elə-belə gətirmədim. Diqqətli oxucu nə dediyimi anlayacaq.

Yaradıcı adamı xırda məsələlər düşündürmür. O, daha dərin, daha geniş əhatələrə can atır. Hər yazdığımız yazıda daha güclü görsənmək istəyi var. Mən etiraf edirəm: bu dəqiqə böyür-başımda olan bütün yaradıcı adamlardan daha irəli getməyə çalışacam. Heç kim inciməsin, təvazökarlığın yeri deyil. Bir gün gələcək, o zaman hər kəs öz yerini tapacaq. Buna əminəm!