Paltar və telefon bazarında qıtlıq olacaq? - Bazardan Real Görüntülər
18 fevral 2020 15:01 (UTC +04:00)

Paltar və telefon bazarında qıtlıq olacaq? - Bazardan Real Görüntülər

Ölkənin elektronika və geyim bazarında qıtlıq yaranacağı barədə məlumatlar dolaşır.  Bunun da yaxın aylar ərzində bahalaşmaya gətirib çıxaracağı insanları təşvişə salır. Mövzu ətrafında Bakının bir neçə elektronika və geyim mağazalarında çəkiliş etdik.

Satıcılar bahalaşma və qıtlığın Çindən idxalın dayanması ilə bağlı olduğunu dedilər. Onların sözlərinə görə, artıq bir aya yaxındır ki, karqo şirkətləri bu ölkədən idxalı dayandırıb. Hazırda alverçilər Çin mallarını Sədərək və Binə ticarət mərkəzlərində yığılıb qalan ehtiyatdan əldə etdiklərini bildirdilər. Elektronika satışı ilə məşğul olanlar isə Çinə alternativ olaraq, Hindistan və Malayziyadan məhsul gəldiyini deyərək, bu sahədə qıtlıq olmayacağını dilə gətirdilər. Onlar hətta həmin gələn məhsulların daha ucuz və bol olduğunu da nəzərimizə çatdırdılar. Ancaq həmsöhbətlərimiz Çin istehsalı olan və oradan gələn bəzi telefonların artıq bahalaşdığını da qeyd etdilər.

Geyim bazarında isə vəziyyət nisbətən fərqlidir. Belə ki, satıcılar Azərbaycan bazarında ən çox Türkiyə məhsullarına ehtiyac olduğunu desələr də, yaxın aylarda Çindən idxalın bərpa olunmayacağı təqdirdə vəziyyətin bərbad olacağını bildirdilər. Hələ ki, qiymətlərdə bahalaşma olmadığını deyən satıcılar, Çin mallarının ən aşağı qiymətə təklif edildiyini də dilə gətirdilər.

İqtisadçı ekspert Pərviz Heydərov isə məsələ ilə bağlı Lent.az-a danışarkən Çindəki koronavirus səbəbilə bu ilin ilk rübü dünya iqtisadiyyatının 300 milyard dollarlıq itkisi olacağını bildirib. Ekspert Çindən Azərbaycana idxal olunan bəzi məhsulların ucuzlaşacağını, bəzilərinin isə bahalaşacağını bildirib. Pərviz Heydərov həmçinin yaxın zamanlarda Çindəki vəziyyətin bərpa ediləcəyini və ölkənin əvvəlki iqtisadi vəziyyətə qayıdacağını da dilə gətirib. O, artıq ikinci rübdən etibarən Çində mövcud proseslərin həllini tapacağını və bunun bütün makroiqtisadi qiymətlərə təsir edəcəyini vurğulayıb.

# 16242
avatar

Mehman Nəbiyev

Oxşar yazılar