758
11:53
11 Fevral 2020

İcbari tibbi sığorta ilə bağlı növbə sistemi necə tənzimlənir?

İcbari tibbi sığorta tətbiq olunan xəstəxanalarda terminallar quraşdırılır. Bu sistem xəstələr üçün hansı yenilikləri təmin edəcək və növbə sistemi təxirəsalınmaz vəziyyətlər olduqda necə tənzimlənəcək?

Mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Lent.az -ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 1-dən icbari tibbi sığorta respublikanın 23 regionunda tətbiq edilir: “Artıq icbari tibbi sığorta tətbiq edilən 10 ərazidə - Quba, Qusar, Ağsu, Şamaxı, Şəki, Kürdəmir, Ucar, Göyçay, Qəbələ və Zaqatala rayon mərkəzi xəstəxanalarında növbə sistemini tənzimləyən terminallar quraşdırılıb. İlin sonuna kimi digər xəstəxanalarda da sözügedən terminalların quraşdırılması nəzərdə tutulub. Növbə terminallarının quraşdırılması tibb müəssisələrində sıxlığı azaltmaq və növbə sistemini tənzimləmək məqsədi daşıyır”.

Agentlikdən bildirilib ki, vətəndaş növbə terminalında quraşdırılan oxuyucu vasitəsilə şəxsiyyət vəsiqəsini oxutmaqla sıra nömrəsi əldə edir: “Monitorda sıra nömrəsi yazıldıqda qeydiyyatçıya yaxınlaşır. Qeydiyyat masalarında daha operativ qeydiyyat aparılır. Belə ki, artıq terminaldakı oxuyucu tərəfindən qeydiyyatçıya vətəndaşın şəxsiyyət vəsiqəsindəki məlumatlar ötürüldüyü üçün təkrar informasiyanın daxil edilməsinə ehtiyac olmur və vətəndaş lazımi tibbi xidməti əldə etmək üçün müvafiq həkimə yönləndirilir. Təcili və təxirəsalınmaz hallarda isə sığortaolunana tibbi yardım təcili tibbi yardım briqadaları və tibbi göstərişə əsasən təcili və təxirəsalınmaz tibbi yardım xidməti tərəfindən dərhal göstərilir. Bu zaman vətəndaşın qeydiyyatı tibb müəssisəsinin girişindəki əsas qeydiyyatçılar tərəfindən deyil, bu kimi hallar üçün nəzərdə tutulan şöbələrin daxilində qeydiyyat masalarında aparılır”.