3430
writer1

Ayxan Ayvaz

Məqalə sayı : 21

12:26 10 Fevral 2020

Məşhur atalarını qoruyan övladların böyük səhvi

Bu yaxınlarda Ahmet Kaya haqda çəkilməkdə olan Türkiyə, Almaniya və İsveçrənin birgə istehsalı “Ahmedo, iki gözüm” adlı filmə Kaya ailəsi bəri başdan etiraz edib. Müğənninin həyat yoldaşı Gültən Kaya, qızları Çidem və Melis açıqlama veriblər ki, bəs deməzsənmi, filmi çəkməzdən öncə qanuni varis olan ailədən icazə alınmalıdır. Bu izn yoxsa Ahmet Kaya mövzusuna Türkiyədə və dünyada toxunmaq olmaz.

Təbii, istehsalçılar Kaya ailəsini ciddiyə almayıb və çəkilişlərə başlayıb. Bu dəfə Kaya ailəsi daha da əsəbiləşib və filmi məhkəməyə verəcəklərini açıqlayıblar.

Buna bənzər hadisə Maykl Cekson haqda çəkilən sənədli filmdə ortaya çıxıb. Film qalmaqala səbəb olub. Sənədli filmdə iki kişinin cinsi istismar söhbəti qalmaqal yaradıb. Həmin kişilər uşaq vaxtı pop-ulduzla dost olduqlarını, daha sonra isə cinsi istismara məruz qaldıqlarını bildiriblər. Ceksonun ailəsi sənədli filmin məşhur ifaçının kariyerasını zədələyəcəyini düşünüblər.

Başqa bir hadisə: İsa peyğəmbərin homoseksual kimi göstərildiyi üçün mənfi reaksiyalara səbəb olan “Məsihin ilk günahı” adlı komediya serialı da Netflix-də yayımdan qaldırılıb.

Aydındır, insanların hisləri, toxunulmaz gördükləri mövzular var. Din, hansısa önəmli bir şəxsiyyət və s. və i.

Mən bunları çox gözəl anlayıram.

Ancaq məsələnin bir başqa tərəfi var: insanların məşhurları özününküləşdirməsi...

Sanki o məşhuru hansısa səydərəş rejissor başqa cür göstərsə, dünya dağılacaq, həmin məşhur gözdən düşəcək.

Bəlkə də metamodernist dünyagörüşü məhz bu üzdən ortaya çıxdı. Postmodernistlər bütün dəyərləri alt-üst etmiş, bütün inancları gülüş obyektinə çevirmişdi. Amma axı dünyada İsa peyğəmbəri sevənlər var və ona hələ də inanan nə qədər insan yaşayır. Onlara haqsızlıq etmək olmaz.

Dəyərləri anladıq. Bəs ailə? Ailənin məşhur doğmasını qoruması nədir? Maykl Ceksonu anladıq. Ahmet Kayanın ailəsinin dərdi nədir? Problem nədədir? Niyə israrla onlardan icazə alınmasını tələb edirlər?

Ümumiyyətlə, bizdə də, çox güman elə dünyanın özündə də ailədəki məşhura sahiblənmək hissi var. Təbii ki, bunun da səbəbləri var; genetik bağ, öz yaxınının publikaya səhv təqdim olunması qayğısı və s.

Ancaq bəzən ailə işlərə qarışır, hər yerdə özlərinin barmaqlarının olmasını istəyirlər. Nəticədə çəkilən film, yaxud yazılan kitab, yazı yalnız o adamın “gözəl, savadlı, möhtəşəm” kimi bər-bəzəkli epitetlərlə dolu olduğu mənasız söz yığınına dönür.

Ailəni, doğmanı qorumağı anlayıram, istəyirsən, məşhur olmuş atanın imici hansısa filmdə zədələnməyin. Okey. Burda sorun yoxdur. Ancaq niyə hansısa rejissorun azad müdaxiləsinə qarşı çıxasan? Axı nəhayətdə sənin atan və yaxud anan bu xalqın, bu ölkənin dəyəridir, sənətçisidir və biz onu bütün tərəfləri ilə görmək istəyirik.

Belə faktlara dünyada çox rast gəlinir, bizdə isə vəziyyət lap bərbaddır. Misal üçün bu yaxınlarda tanınmış aktyor Səməndər Rzayevin içki içməsi ilə bağlı Kulis.az -da gedən materiala görə aktyorun qızı sayt haqqında təhqirlər və söyüşlər yağdırırdı. Ondan əvvəl mərhum bəstəkarımız Elza İbrahimovanın boşanması faktına görə onun qardaşının xanımı üsyana qalxmışdı. Bir dəfə isə Əliağa Vahidin qohumları şairin ümumiyyətlə içkidən və meyxana məclislərindən uzaq olduğu barədə açıqlama vermişdilər.

Xatırlayıram ki, Kulisdə "Atamın xatirəsi" layihəsinə görə neçə dəfə problem yaşanmışdı. Məşhur atanın övladı atası haqqında dediyi fikirləri dəyişdirmiş, ya da ümumiyyətlə müsahibənin saytdan çıxardılmasını tələb etmişdi.

Hələ bir dəfə məşhur bir şairin oğlu atası haqda verdiyimiz və hər yerdə tanış olan əhvalata görə bizi məhkəməylə hədələmişdi.

Biz biryolluq bilməyik ki, ictimai çəkisi olan insanlar həm də cəmiyyətin, xalqın övladıdır. Onlarla bağlı müxtəlif fikirlər, mübahisəli məqamlar, iddialar, həyatları ilə bağlı improvizələr ola bilər.

Şəxsən mən atam haqda çəkiləcək filmə heç vaxt qarışmaram. Əksinə, atamın görünməyən tərəflərini də ssenaristə danışmağa hazıram. Təki atam haqda bütöv bir film olsun. Onun yaxşı və pis tərəfləri ilə bir yerdə. Çünki mən atama inanıram. Daha doğrusu, atamın kim olduğunu yaxşı bilirəm. Filmdə çılpaqlığıyla atamın həyatının ən qaranlıq nöqtələrinin belə görünməsinə razı olardım.

Hətta bəzən fantaziyaya yer verilməsinə də!

Üstəlik, məndən icazə alınması da önəmli deyil. Əgər atam bu ölkənin yazıçısı, sənət adamıdırsa, vəssalam, istənilən adam onun haqqında fikrini yaza, yaxud da film çəkə bilər.

Heç vaxt əlimizdə balta doğma məşhurumuzu qorumağa çalışmayaq.

Sənət bütün tərəfləri ilə azaddır.

O azadlığa heç kim mane ola bilməz.

Heç kim!