7422
writer1

Səhər Əhməd

Məqalə sayı : 12

12:12 03 Fevral 2020

Qucaqlaşıb ağlayarsınız

Heç böyük ayaqqabısı geymiş uşaq gördünüzmü? Gülməli görünürlər, eləmi?!

Bir az gülməli, bir az şirin, bir az anormal... “Eləmə”,- deyərsən,-“mənim balam, çıxar onları, özününküləri geyin, yıxılacaqsan”.

Baxmazlar sözünə, qaçıb uzaqlaşmaq istəyərlər, heç ikicə addım atmamış büdrəyib yıxılarlar, həqiqətən.

Hirslənib acıqlanarsan əvvəl, “sənə demişdim”,- deyərsən, sonra acıyarsan, yerdən qaldırıb başını sığallayarsan, kövrələrsən, qucaqlaşıb ağlayarsız ikiniz də.

Lap sonralar sadəcə xoş xatirə kimi yadına salıb gülümsəyərsən. Nə günahı vardı ki tifillərin, sadəcə böyümək, sən boyda olmaq istəyirdilər...

Bax böyük görünmək istəyən balaca adamlar da belədirlər, bir az komik görünərlər; bir az komik, bir az şirin, bir az anormal. Büdrəyib yıxılarlar tez-tez.

Qışqırmayın onların üstünə, qışqırsanız da, sonradan təbəssüm və nəvazişlərini əskik eləməyin, tez-tez səhvlərini bağışlayın, eynən anaları kimi...

Nə günahı var ki tifillərin, sadəcə böyük olmaq istəyirlər. Xətirlərinə dəyməyin böyüklüyün nə olduğunu anlayan balaca adamların. Onlar heç vaxt böyüməyəcək uşaqlardı.

İncitməyin onları...