Ötən il 369 çoxmənzilli bina yanğından mühafizə edilib - RƏSMİ
30 yanvar 2020 18:01 (UTC +04:00)

Ötən il 369 çoxmənzilli bina yanğından mühafizə edilib - RƏSMİ

Yanvarın 30-da Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2019-cu ildə görülmüş işlərin və cari ildə qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, müşavirədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak edib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2019-cu ildə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələrinin  ümumi çıxışlarının sayı 92362 olub, yanğın hadisələri ilə bağlı 16303 çıxış qeydiyyata alınıb, yanğınların söndürülməsinə ümumilikdə 163030 əməkdaş, 35931 yanğınsöndürmə texnikası cəlb olunub. Yanğınların söndürülməsi zamanı 98-i dövlət, 346-sı özəl olmaqla, 2218 obyekt, habelə, 369 çoxmənzilli bina, 590 fərdi ev, 513 yardımçı tikili, 296 ədəd müxtəlif təyinatlı texnika yanğınsöndürənlər tərəfindən mühafizə edilib.

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşavirədə çıxış edərək  Dövlət Yanğından Mühafizə Xidmətinin 2019-cu ildəki fəaliyyətini bütövlükdə müsbət dəyərləndirib. Xidməti fəaliyyətdən danışan nazir müavini şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının daha da artırılması, intizamın gücləndirilməsi, yanğın texnikalarının təmiri və istismarının təşkili, kadr məsələləri, müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə profilaktik tədbirlərin keçirilməsi və yanğından mühafizə işinin daha da səmərəli təşkili və s. istiqamətlərlə əlaqədar tapşırıqlar verib.

# 1089
avatar

Oxşar yazılar