9264
writer1

Günel Musa

Məqalə sayı : 9

12:21 23 Yanvar 2020

16 yaşda ərə verilən Əfsanə evdən niyə qaçdı?

Son illər cəmiyyətimiz qadın, uşaq cinayətləri ilə sarsılmaqdadır. Az qala, hər gün evdən qaçan, döyülən, zorakılığa məruz qalan qadınlar haqqında xəbərlər eşidirik. Ətrafımızda baş verən bu hadisələr bizə dəhşətli hisslər yaşadır. Bu günə qədər sırf ailədaxili problemlərdən qaynaqlanan faciələri yazmağa başlasaq, bəlkə də ortaya bir kitablıq material çıxar. Siyahı o dərəcədə uzun və dəhşətvericidir.

Bu günün qəhrəmanı isə 26 yaşlı 3 uşaq anası Əfsanədir. 16 yaşında ərə verilən Əfsanənin taleyinin qara yazısını həm öz ailəsi, həm gəlin düşdüyü ocaq, həm ailə məsələlərini tənzimləmək üçün yaradılan qurumların məsuliyyətsizliyi, laqeydliyi yazıb. Onun 26 yaşına uyğun olmayan görüntüsü məni dəhşətə gətirdi. Məndən 5 yaş kiçik olan gənc qadının üzündəki bir əsrlik əzab izləri ətimi ürpəşdirdi. Ürkəkliyi, bezginliyi, çarəsizliyi, yaşına uyğun olmayan dərdini götürüb hara gedəcəyini bilməməsi 21-ci əsr insanının təəssüf doğuran acı gerçəkliyidir.

Hər gün fiziki zorakılığa məruz qalan gənc qadının 3 körpəsini götürüb pənah apardığı ilk qapı isə məhz Xoşqədəmin verilişi oldu. Elə faciənin kulminasiya nöqtəsi də burdadır. Ölkədə sırf qadın və uşaqların hüquqlarını qoruyan, ailə problemlərini tənzimləyən institutlarının fəaliyyət göstərməsinə baxmayaraq, qadınlar Xoşqədəmə, Elgizə, Zaura ümid yeri kimi baxırlar və haqsız da deyillər.

Zaman-zaman Xoşqədəmi, Zauru, Elgizi qınayır, bu cür verilişlərin efirdən yığışdırılmasını tələb edirik. Amma qaça bilmədiyimiz bir reallıqla hesablaşmalıyıq: bu verilişlər bağlansa, mövcud olan və əndazəsindən çıxan ailə dramları azalmayacaq. Sadəcə, biz onlardan xəbərsiz qalacağıq.

Bu proqramlar əslində bir güzgü funksiyasını yerinə yetirir. Çox zaman insan talelərinin şou materialına çevrilməsindən, bəzən hətta hadisələrə qanunları pozacaq həddə müdaxiləsindən mən də ciddi şəkildə narahatam, amma mənim və mənim kimilərin narahatlığı və qınağı televiziyanın real hadisələrin, insan talelərinin, təzyiqlərə məruz qaldığı üçün evdən qaçan, uşaqları ilə tək qalan anaların varlığını inkar etməyə əsas vermir.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra strukturlarının nəzdində fəaliyyət göstərən müvafiq qurumlar öz işlərini yetərincə yerinə yetirsələr, bəlkə bu cür verilişlərə ehtiyac da qalmazdı.

Qadınların uşaqların bu cür davamlı zorakılığa məruz qalması ciddi sosial problemdir. Ailədaxili məsələlərə qarışmaq olmaz, valideynlərin bəzən “ər evindən ancaq meyitin çıxmalıdır” prinsipi ailədaxili faciələri qaçılmaz edir. Həmin ailələrdə böyüyən qız uşaqları gələcəyin potensial ruhi xəstəsinə, oğlanlar isə qadınların kabusuna çevrilir. Bu zəncirvari tragediyaların qarşısını almaq üçün dövlət səviyyəsində ciddi addımlar atılmır.

2008-ci ildə aparılan bir araşdırmaya görə, ailə cinayətlərinin 90 faizdən çoxunu atalar törədir. Qatil atalar özləri etiraf edirlər ki, ailələrini nəzarət altına aldıqları varlıq olaraq görürlər və ya şəxsiyyətləri, övladları və həyat yoldaşları arasında heç bir sərhəd görmürlər.

Vaxt var idi qonşu ölkələrdəki ailə faciələrinə baxıb özümüzə şükür edirdik. Gün gəldi, statistikasına baxıb təsəlli tapdığımız ölkələrin bərabərində dayandıq.

Hardasa hər gün gözümüzü ailə münaqişəsi zəminində ölən, öldürülən, atılan, döyülən, qovulan, təhqir olunan uşaqlar, qadınlarla açırıq. Bu, artıq SOS siqnalıdır.

Bəlkə, sivil ölkələrdəki kimi hər ailəyə xüsusi həkimlərlə yanaşı, psixoloqlar da ayrılmalı, onlar təkcə bir-biri ilə yola getməyən ər-arvada yox, qadın və kişinin valideynlərinə, o biri yaxın – ailəyə hər an müdaxilə edən qohumlara doğru yolu göstərməlidir. Qadınlara və kişilərə təməl hüquq və azadlıqlar izah edilməli və bu hüquq və azadlıqların dövlət tərəfindən qorunduğu başa salınmalı, məsuliyyət hissi aşılanmalıdır. Belə hallarda qadınlar və uşaqlar tək olmadıqlarını anlayacaqlar. Eyni zamanda onlara qarşı zorakılıq etməyə qalxanlar qarşıdakı cəzanı gözə alacaqlar.

Biz bu gün, inkişaf etməkdə olan modern bir respublika, hüquqi dövlət kimi qadınlarımıza bu güvəni niyə verə bilmirik?

Bu gün bölgələrdə hansı təlimlərə cəlb edilir qadınlar?

Qadın hüquqlarını müdafiə adı altında gündə bir mənasız QHT yaradılır. Nədir onların işi-gücü? Saytlara müsahibə və açıqlamalar verib qrant almaqmı?

Təhsilsiz və iqtisadi asılılığı olan qadınları cahil kişilərin caynağından xilas etmək üçün hansı işlər görülür?

Cavabsız suallarla birlikdə Əfsanələrin də sayı artır.