120 yaşlı “Köhnə hamam” tarixə qovuşur - VİDEO
22 yanvar 2020 12:57 (UTC +04:00)

120 yaşlı “Köhnə hamam” tarixə qovuşur - VİDEO

120 yaşlı tarixi hamamın belə getsə, yaxın vaxtlarda ancaq adı qalacaq. 

APA TV-nin məlumatına görə, “Köhnə hamam” adı ilə məşhur olan və tarixi-memarlıq abidəsi kimi qorunan hamam Sabirabad şəhərindəki Füzuli küçəsi-27-də yerləşir.

1900-cü ildə Seyid Mirmusa Tağıyev tərəfindən inşa olunan hamamın hazırda təmirə ehtiyacı var. Mirmusa Tağıyevin nəticəsi Mirismayıl Tağıyev rayonda barmaqla sayılacaq abidələrdən biri olan bu hamamın bərpasına çalışır ki, tarixi yaddaşımız itməsin. Hamam 15 ilə öncəyə qədər fəaliyyət göstərsə də, indi baxımsızlıq üzündən ərazisi zibilxanaya çevrilib: “Dəfələrlə aidiyyəti orqanlara tarixi hamamın təmir olunması üçün müraciət etsəm də, hər dəfə məni başlarından ediblər. Bu tarixi abidənin təmir olunması üçün yerli icra hakimiyyətindən xahiş edirəm ki, göstəriş versinlər. Hamam mənim babamın atası tərəfindən inşa olunub. 2005-ci ilə kimi atam buranı qoruyub saxlayıb, hamam kimi fəaliyyətdə olub. Rayon sakinləri burada istirahət ediblər. 2005-ci ildən sonra baxımsız vəziyyətə düşüb. Təmirə ehtiyacı var”.
 
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Sabirabad şöbəsinin müdiri İntiqam Ağamalıyev deyir ki, tarixi hamamın bərbad vəziyyətdə olmasından xəbərdardırlar. Lakin yaxın zamanlarda tarixi abidənin bərpa olunması gözlənilmir: “Sabirabad rayonu ərazisində yerləşən “Köhnə hamam” kimi tanınan tarixi memarlıq abidəsi Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli abidə kimi qeydiyyata götürülüb. Qeyd etmək istəyirəm ki, abidə hazırda qəzalı vəziyyətdə olduğu üçün təmir-bərpa işlərinə ehtiyacı var. Abidənin bu yaxınlarda təmir-bərpa işləri üçün vəsait ayrılması nəzərdə tutulmayıb”.

Deməli, “Köhnə hamam” elə yaddaşlardan da köhnələrək silinəcək, yerli əhəmiyyətli abidələrimizdən biri də tarixə qovuşacaq.

# 1448
avatar

Oxşar yazılar