8308
writer1

Azər Qaraçənli

Məqalə sayı : 1

11:16 21 Yanvar 2020

Aynurla ayrılıq - Azər Qaraçənli yazır

Bir gün bir Allah bəndəsi Süleyman peyğəmbərin yanına gəlib deyir: Ey peyğəmbər, kömək elə! Əzrayılı gördüm, mənə çox mənalı-mənalı baxırdı. Canımı alacaq. Məni bu ölüm mələyinin cəngindən qurtar, yalvarıram sənə.

Peyğəmbər soruşur mən neyləyə bilərəm, kişi deyir Tanrı sənə külli-ixtiyar verib, küləklərə əmr elə məni götürüb Hindistana aparsınlar, Əzrayılın gözündən uzaq olum.

Peyğəmbər küləklərə əmr eləyir, kişini bir göz qırpımında götürüb Hindistana aparırlar.

Səhərisi peyğəmbər Əzrayılla rastlaşanda soruşur: O gün o kişiyə niyə elə baxırmışsan? Əzrayıl deyir: Məəttəl qalmışdım. Tanrı məni çağırıb demişdi get onun canını Hindistanda al. Gəldim gördüm kişi burda – yəhudi torpağındadı. Fikirləşə-fikirləşə qalmışdım ki, mən Tanrının buyruğunu necə yerinə yetirəcəm. Burda canını ala bilməzdim axı. Tanrının buyruğu olduğu kimi yerinə yetirilməlidi. Deyib Hindistanda, deməli, Hindistanda almalıydım canını. Dərd məni götürmüşdü ki, necə eləyəcəm. Amma axşam eşitdim ki, kişi Hindistandadı. Tez özümü yetirib Tanrının buyruğunu yerinə yetirdim.

Bu dərin mənalı hekayət yadıma tez-tez düşür. Onu bu gün – Aynurun ölüm xəbərini eşitdiyim Qara Yanvar havalı bu 19 yanvar günü yenə xatırlamalı oldum.

Aynurla tanışlığımızın 20 ildən çox tarixçəsi var. İki redaksiyada – “Yeni Müsavat” qəzetində, bir də Mediaforum.az saytında bir yerdə işləmişik. “Yeni Müsavat”a Bakı Dövlət Universitetinin jurnalistika dərslərindən çıxıb gələn Aynur “Mediaforum”a daha bir neçə qəzetdə topladığı təcrübəni gətirmişdi, “Mediaforum”dansa jurnalistikadan dərs deyəcək bir təcrübəylə ayrılmışdı.

Ayrılıq – bu, insan tarixinin, insan taleyinin ən dərin mövzusudu, elə Aynurun taleyinin də. Mən burda bu mövzunun Aynura bağlı bütün qatlarının üstündən keçməli olacam, yalnız son ayrılıqdan – Aynurla ömürlük ayrılıqdan, ölüm ayrılığından başqa.

Bu gün Aynurla son ayrılıq günüdü – Qara Yanvarın 30-cu ildönümü ərəfəsi, 19 yanvar günü.

O məni özünə qardaş sayırdı, mən də onu bacı. Umu-küsümüz də az olmayıb. Amma… Amma ölüm belə şeyləri yuyub aparır.

Aynur son illər Türkiyədə yaşayırdı. Dünənəcən onu ora həyat apardı deyərdim, bu günsə əcəl aparıbmış deyirəm. Süleyman peyğəmbərin rəvayətindəki əcəl. Küləkli əcəl. Aynurun əcəli Türkiyəyə yazılıbmış. Kim bilir bizim əcəlimiz hara yazılıb. Atalar deyir yıxıldığım yeri bilsəm, pambıq döşəyərdim. Amma yıxıldığımız yeri bilsək, daha əcəldən bir sirr qalmazdı. Əcəlin sirri qalxsaydı, heç nəyin sirri qalmazdı.

Aynurla incikliyimiz bacı-qardaş incikliyiydi. Yəni… Yəni incikliyə baxmayın, yıxıldığı yeri bilsəm, pambıq döşəyərdim! İnanıram, o da bu cür eləyərdi.

Bir dəfə redaksiyada sinəmə döyüb demişdim: “Qardaşın ölməyib!” Onun da sinəsinə döyüb “Bacın ölməyib ki…” dediyi olmuşdu.

Bir neçə ay qabaq Bakıda Aynurgilin qapısında yasda olduq. Qardaşı ölmüşdü. O qapıya yenə yasa gedəcəyik. Bacı ölüb.

Torpağın yumşaq olsun, Aynur!