8836
writer1

Rəvan Cavid

Məqalə sayı : 2

12:07 16 Yanvar 2020

Pilləkənləri qalxana qədər ümidlər köhnələcək

Kafedəyəm. Bayırda yanvar ayının üçüncü günüdür. Mənim masamda fevral qarışıq noyabr, yan masalarda mart, qarşımdakı masada sentyabr. Payız asta-asta öz sarı ayrılığını iki sevgilinin önünə sərir. Çaylarından buxar qalxmır, soyuyub. Qəndlərin səliqəli paketləri cırılmayıb. Kafenin müştərilərə xoş niyyətinin şirəli işarəsi olan ağ gilas mürəbbəsi necə var eləcə qalıb. Tez-tez gözləri qaçır. Hesabı istəməyə ərinirlər. Bilirlər ki, küçəyə çıxan kimi yollar qollarından tutub atacaq başqa səmtlərə. Onlar isə ayrılığı gecikdirmək üçün bir küçə daha yan-yana gəzəcəklər. Təqvimdə rəqəmlərin yeri dəyişdikcə Bakıda fəsillər də, iqlim də harasa can atır. Özünü zamanın iradəsindən kənarda tapmaq istəyir. Yaz tez keçir, yay üç ay dözür, payız yubanır, qış yerində sayır.

Evdəyəm. Fəsillər əhvalını, əhvalın yanındakı adamları dəyişir. Sənə, bizə qalan yenə özümüz, otağımızdakı rok qrupunun posteri, dəqiqələr əvvəl süzdüyümüz çay. Yağışı pəncərəni döyən iri damcıların səsindən tanıyırsan. Həyətdəki ağacın yuxudan oyandığını budaqlarının narazı yellənməsindən hiss eləyirsən. Ötən ilin bu ayında, iki il əvvəlin bu ayında, üç-dörd il əvvəlin bu ayında tanış olduğun adamlar, getdiyin yerlər gözünün önündə durur. Onlar sənin ağlında, mindiyin taksilərdə, kitablarda, dinlədiyin mahnının sözlərində, ən pisi isə yenidən yaşaya bilməyəcəyin keçmişində var. Bəlkə də şəhəri tərk edə bilərsən, kafeləri, marşurutu, kitabları, mahnıları dəyişə bilərsən, ancaq keçmişin paltarına hopan qoxu kimi sənin taleyinə hopub. Nə qədər yusan, ətir vursan da, ondan qurtula bilməyəcəksən. O qədər çox arzulayırsan ki, gərəksiz sonsuzluğu ilə səni yoran səhrada manqurt olmağı. Səhra qoy səni yorsun, canını sıxsın, gözlərini uzaqlara, lap yaxınlıqdakı, amma qaçıb çata bilmədiyin uzaqlara öyrəşdirsin, dözərsən. Yorğunluğu unudarsan. Karvanlara baxıb hələ də adamların xoşbəxt olmaq üçün çoxlu şeylər uydurduğunu düşünərsən, sən də xoşbəxt olarsan. Bircə keçmişi, orda olan adamları, səndən nə isə gözləyən kimsələri yadından çıxarasan. Əsl azadlıq. Budur azadlıq. Belə olur azadlıq. Hamının yadından çıxanda, hamı yadından çıxanda başlayır azadlığın bənövşəyi üfüqləri. Kimisə gözləmədən, kimisə axtarmadan. Adamlar bizi bizdən oğurlayır. Oğurlayıb aparırlar öz içlərinə. Onların içində heç nə bizimki kimi deyil. Hər şey sicilləmə. Əvvəldən axıra qədər. Qaçmaq, uzağa tullanmaq, çayı gözüyumulu keçib öz rütubətli bataqlığımıza çatmaq ən gözəli deyilmi?! Heç olmasa orada hər şey bizim istədiyimiz kimidir. Günlərlə gərəksiz xəbər blütenlərindən, uduzmuş adamların uğurlu hekayələrini anladan mahnılardan, sərsəm şeirlərdən can qurtarıb içimizdəki bayatını eşitmək üçün nə qədər darıxmışıq.

Taksidəyəm. Azca duman olan kimi şəhər bürünür öz şərq mistikasına. Ancaq başları görünən adamlar, havadan asılı qalan qəzetlər, gövdəsi olmayan ağaclar, bir-iki kəlmədən ibarət olan mağazalar. Şüşə binaları buludlar gizlədə bilir, daş divarlar isə yenə uzaq keçmişin göz yaşını üstünə hopdurur. Zaman məni də, sürücünü də içinə alıb harasa aparır...

Sahildəyəm. Nələrisə axtarmağa gəlmişəm. Günümün sərgərdanlığına haqq qazandırmağa. Vicdanımda həll etməyə bütün vecsiz qərarlarımı. İncikliklərimi, ağırlığımı, içimə sürüşən güzgü qırıntılarını dənizə atıb qayıdacağam evə. Yolda ümidlənəcəyəm. Yeni şeylər fikirləşib İçəri şəhərdən Yasamala piyada, üzümə külək yağışı çırpa-çırpa qalxacağam. Mən pilləkənləri qalxana qədər ümidlər köhnələcək. Qapının dəstəyinə ilişdirilmiş reklam kağızındakı bəyaz dişli, sarışın qızdan başqa evdə heç kim gülməyəcək. Yanvarın sis yorğunluğu bir otaqlı evdə var-gəl edəcək. Saatlar Dalinin rəsmlərindəki kimi əriyib töküləcək divanın arxasına. Uzun zamandır yazmadığım gündəliyə beş-altı sətir atıb pəncərədən yenə ağacı, yağışı, yanvarı izləyəcəm.

Evdəyəm. Qapı döyülür.