299
11:56
15 Yanvar 2020

Yeni radio kanalı üçün müsabiqə nə vaxt elan olunacaq?

“Zərurət yaranarsa gələcəkdə Milli Televiziya və Radio Şurası (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün yeni bir müsabiqə elan edər. Amma bu məsələ hələ ki müzakirə mövzusu deyil”.

Bunu Lent.az -a açıqlamasında MTRŞ-nın şöbə müdiri Nemət Cavadov deyib: “Ola bilsin ki, bundan əvvəl elan olunan tezliyə, yaxud başqa bir tezliyə müsabiqə elan olunacaq. Amma nə vaxt olunacağı ilə bağlı dəqiq vaxt demək mümkün deyil”.

N.Cavadov bildirib ki, 100-dən 108-ə kimi bir neçə boş tezlik var. Eyni zamanda, 88-dən 100-ə qədər yetəri qədər tezlik olduğunu deyən şöbə müdiri bundan əvvəlki müsabiqədə 102 tezliyinin seçilməsinin səbəblərini izah edib: “Boş tezliklər var, amma 102 tam rəqəm olduğu, efirə daha yararlı olduğu üçün bundan əvvəlki müsabiqə üçün həmin tezlik seçilmişdi”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə ötən il noyabrın 12-dən dekabrın 12-dək müsabiqə elan olunmuşdu.

Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim etsə də (“Real Təhlil İnformasiya Mərkəzi” MMC; “TV-Media Azerbaijan” MMC; “Balans Studiyası” MMC; “İNS ÇM” MMC; “OMD Azerbaijan” MMC.

Üç iddiaçı - “TV-Media Azerbaijan” MMC, “OMD Azerbaijan” MMC və “Real Təhlil İnformasiya Mərkəzi” MMC) 3 iddiaçı sonradan müsabiqədə iştirak etməkdən imtina etdiyindən müsabiqə ləğv olunub.