6047
writer1

Ramilə Qurbanlı

Məqalə sayı : 631

12:33 10 Yanvar 2020

Pərişanın göz yaşları

Heç kim Pərişanın nə yaşadığını bilə bilməz - onu yaşamayınca... Ayıbdır, ağzınıza gələni danışmayın, qoyun müqəddəs nə isə qalsın. Tapınmağa bircə yerimiz qalsın. Biz nə vaxt bu qədər murdarlaşdıq, nə vaxt?..

 

Heç onun nə yaşadığı ilə, necə yaşadığı ilə maraqlandıqmı bu 4 ildə? Hər şeyi də dövlət etməlidir? Bizim vəzifəmiz, borcumuz nədir bəs, bir şəhid ailəsinin qarşısında, bir şəhidin ruhu qarşısında?

 

Bəli, yalnız pulla bütün ehtiyaclar ödənmir. Mənəvi ehtiyaclar da var, ruhi rahatlıq, hüzur deyilən nəsnə var. Onu biz verməliyik, təmin etməliyik, biz - sən, mən, biz-cəmiyyət deyilən məfhum. Bircə dəfə qapısını açıb, dərdini dinləyib, uşaqlarına atalarının kimliyi barədə danışdıqmı? Kimin övladı olduqlarını bir də biz dedikmi onlara?

 

Demədik... Biz yalnız, maşallah deməyim, qoy göz dəysin, bircə ittiham etməyi, zurnaya qoyub çalmağı bilirik.

 

Bu murdar görkəmimizlə cəmiyyət olaraq özümüzü süddən çıxmış qaşıq zənn edirik. 

 

Yadımdadır, 90-ların sonlarında oxşar olaylar əri Qarabağda şəhid olmuş Aybəniz xanımın da başına gəlmişdi. O vaxt sosial şəbəkələr yox idi, ona görə bu qədər həyasızcasına vüsət almadı söz-söhbət, qəzetlərdə yazıb bir-iki yolunu azmışı oturtduq yerinə. Zaman keçdi, bütün bulandırılmış sular duruldu...

 

Yenə elə olacaq, bu bulanıqlar durulacaq, dibdəkilər şəffaflıqdan görünəcək.

Amma ona qədər şəhidin ailəsində böyüyən iki uşağın psixologiyası pozulmasın. İki şəhid övladını itirməyək cəmiyyətdə. Onlar gələcəkdir, bizim gələcəyimiz, hamımızın, korlamayın gələcəyimizi.

 

Ona qədər bir insan, qadın intihara sürüklənməsin. Aprel hadisələrindən sonra gözümüzün yaşı qurumurdu onlar üçün, nə tez unutdunuz. Ailələri ailəmiz idi. Əllərimizdə başımız üstünə qaldırmışdıq şəhid ailələrini. Nooldu? Nə dəyişdi? Kim dəyişdi? Hələ Qarabağı geri almamışıq, hələ qarşıda döyüşümüz də var, şəhidimiz də olacaq.  

 

Özünüzə baxmayın, o şəhid xanımlarının göz yaşları hələ qurumayıb, heç qurumayacaq da. Onların şad günləri də göz yaşlarının içində keçir. Onların həyatı sən yaşadığın həyata oxşamır, heç oxşamır. Öz nöqteyi-nəzərindən oturub kimisə qınamağı, ittiham etməyi burax, Allah xatirinə.

 

Heç o düz etməyən, ailəsinin mübhəm söhbətlərini ictimaiyyətə çıxaran ananı da qınamayın. Oğul itirən ananın psixologiyası əvvəlki olmur, dəyişir, yanlış qərarlar verib, səhv addımlar ata bilər.

 

Heç bir qadın iki uşaqla, dilimizdə bunun bir yaxşı ifadəsi var, başsız qalmaq istəməz. Bəli, məhz başsız. Başsız qalan qadının qarşısına düşüb düz yolu göstərən yoxdur cəmiyyətimizdə. Yanlış yol göstərən isə çox olur. 

 

Özünü oda-közə vurur, çabalayır, balalarını bu cəngəllikdə bir tərəfə çıxartmaq üçün, bəlkə, haqqı olan xoşbəxtliyə qovuşmaq üçün çalışır. Bəlkə o yolda yanlışları da var – olsun, bu da onun haqqıdır, hamımız kimi. İnsanın səhv etmək haqqı var. 

 

İnsan mənəviyyatındakı boşluq cəmiyyətdəki aşınmadan yaranır, yaxud əksinə, bir-biri ilə bağlıdır bu məsələlər. Mərdi qova-qova namərd etmək bilirsinizmi necə olur? Biz onu yaxşı bacarırıq, bilərsiniz. Deyə-deyə o xanımı özünün də rəva bilmədiyi hadisələrə düçar edirik... Bəsdir!

 

Müqəddəsliyə toxunmağımız ata, ana, övlad qatilliyinə, qızına, anasına təcavüzə, insan oğurluğuna gətirib çıxarıb. Dayanın!

 

Bir də özümüzü biləndər hesab etməyimiz var ha, o da təhsilsizlikdəndir. Nə qədər oxumurdum, elə bilirdim hər şeyi bilirəm, oxudum gördüm bir bildiyim yoxmuş. Sokratsayağı mənim də bir bildiyim yoxdur – onu bilirəm ki, bu sərsəm gedişə dur deməliyik. Müqəddəs olan məqamlara toxunmağı dayandıraq, onlar toxunulmaz qalmalıdır. Məsələn, şəhid ailəsinə, şəhid anasına, şəhid xanımına söz deyilməz, çamır atılmaz, qəbahəti varsa belə, biz günahkarıq, onu qabartmadan həll etməliyik... Onun, adı taleyinə yansımış Pərişanın sel kimi axan göz yaşlarının xatirinə, göylərdə rahatlığı pozulan şəhid ruhunun xatirinə... Bəsdirin! Dayanın!