Şəhərə kimlər nəzarət edə bilər? - Qanunsuz kamera qalmaqalı ilə bağlı AÇIQLAMALAR
10 yanvar 2020 11:57 (UTC +04:00)

Şəhərə kimlər nəzarət edə bilər? - Qanunsuz kamera qalmaqalı ilə bağlı AÇIQLAMALAR

“DYP-nin kameraları hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və mərkəzdən idarə olunur”.

Bu sözləri Lent.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun otağından tapılan qeyri-qanuni kameradan danışan idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov və müavininin otağında yoxlamalar zamanı şəhərə nəzarət edən qeyri-qanuni kameralar aşkar edilməsi ilə bağlı mediada müxtəlif məlumatlar yayılıb. Kameralardan hansı məqsədlə istifadə edildiyi isə müəyyən edilməyib. Maraqlıdır, DYP-nin nəzarət kameraları mərkəzdən idarə olunmur? Ümumiyyətlə müvafiq qurumlardan əlavə, fərdi şəxslər də istədikləri yerdə nəzarət-təhlükəsizlik kameraları yerləşdirə bilərmi?

Məsələ ilə bağlı Vaqif Əsədov Lent.az-a münasibət bildirərkən sözügedən qanunsuz kameradan məlumatsız olduğunu və nəzarət kameralarının mərkəzdən idarə edildiyini deyib:

“Mənim Nuşirəvan Səfərovun otağından qeyri-qanuni kamera tapılmasından xəbərim yoxdur. 21-ci əsrdə yaşayırıq, dünyanın 6 inkişaf etmiş ölkəsində yaradılan İ-patrul sistemi Azərbaycanda da tətbiq edilib. Həmin kameralar hərəkətin təhlükəsizliyini təmin etmək, asayişi qorumaq üçün nəzərdə tutulub və mərkəzdən idarə olunur. Kameranı istənilən şəxs evinin qabağına qoya bilir. Burada qeyri-qanuni nə var ki? Mən özüm də evimin giriş qapısına kamera qoymuşam ki, nəsə olsa kimin gəlib getdiyini bilim. Kameraların da özlərinin ayrı-ayrı təyinatları var. Şəhərə nəzarət etmək üçün kabinetdə kamera ola bilməz ki?!”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru İlham Babayev Təhlükəsiz Şəhər Xidməti ilə paytaxtda asayişə nəzarət olunduğunu bildirib. O, vətəndaşların kamera quraşdırarkən heç bir icazə almasına ehtiyac olmadığını vurğulayıb:

“Bütün kameralar bir mərkəzdən idarə olunur. Bakı şəhərində Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti kameralarından əlavə, Dövlət Yol Polisinin, Bakı Nəqliyyat Agentliyinin də nəzarət-təhlükəsizlik kameraları var. Nəinki dövlət qurumları, hətta fərdi şəxslərin də öz evləri və ya obyektlərinin ətrafına kamera qoymağına icazə var. Kameralar sərbəst şəkildə satılır və quraşdırılır. Bunun üçün həmin şəxslər Daxili İşlər Nazirliyindən icazə almırlar. Belə bir qayda yoxdur”.

Məsələnin digər tərəfi isə elə məhz kamera quraşdırılarkən icazə alınmamasıdır. Sual yaranır, hər hansı cinayətkar qrup bu azadlıqdan cinayət məqsədilə istifadə edə bilərmi? Bir sözlə, cinayətkarların terror, sui-qəsd və.s digər əməllər üçün kameralardan istifadə etməsinə imkanlar yaranırmı?

Hüquqşünas Anar Bayramov öz əmlaklarına kamera ilə nəzarət etməkdə insanların sərbəst olduğunu qeyd edib. O bildirib ki, fərdi şəxslər kameranı yalnız öz evləri və obyektləri ətrafına quraşdıra bilər:

“Təbii ki, hər hansı cinayət əməli məqsədilə kimisə izləmək qadağandır. Buna görə də fərdi şəxslər sərbəst şəkildə yalnız evlərinin və ya obyektlərinin ətrafına kamera qoyub təhlükəsizliyə nəzarət edə bilərlər. Bunun üçün hansısa qurumdan icazə alınmır. Kameralar yalnız şəxsin özünə məxsus əmlaka nəzarət etdiyi təqdirdə bir qədər kənarda da quraşdırıla bilər. İctimai yerlərdə, məsələn, obyektlərin olduğu sırada kameranın hansı obyekti daha çox çəkməsinə, kim tərəfindən quraşdırılmasına önəm verilmir. Ancaq yaşayış yerlərində evin qarşısına qoyulan kamera qonşunun da həyətini çəkirsə, müraciət əsasında polis məsələyə müdaxilə edə bilər. Müraciət edilmədiyi təqdirdə hər hansı müdaxilədən söhbət gedə bilməz. Bundan əlavə, bilirik ki, Bakıda Dövlət Yol Polisi, Bakı Nəqliyyat Agentliyinin nəzarət kameraları və Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinə məxsus kameralar var. Fərdi şəxslər DİN Təhlükəsiz Şəhər Xidmətinin kamerasının yanında əlavə kamera quraşdıra bilməz. Həmçinin dövlətin balansında olan dirəklərdə, DYP və BNA-nın kamerası olan yerlərdə də fərdi şəxsin əlavə kamera qoymasına icazə verilmir. Bunun üçün həmin qurumlardan rəsmi surətdə icazə alınmalıdır”.

# 4515
avatar

Mehman Nəbiyev

Oxşar yazılar