İlk romans müəllifinin yubileyi keçirilib
23 dekabr 2019 15:07 (UTC +04:00)

İlk romans müəllifinin yubileyi keçirilib

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 33 saylı uşaq musiqi məktəbində görkəmli bəstəkar Asəf Zeynallının 110 illik yubileyi qeyd olunub.

İdarədən Lent.az-a bildirilib ki, tədbirdə məktəbin müəllimi Aynur Məmmədova bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən məruzə ilə çıxış edib.

Yubiley tədbirində məktəbin şagirdlərinin ifasında “Ölkəm” romansı, fortepiano üçün “Uşaq süitasından” - “Kuklaların yürüşü”, “Deyişmə”, “Uşaq və buz” pyesləri, bəstəkar tərəfindən nota köçürülmüş “Bülbüllər oxur”, “Evləri var xana-xana” xalq mahnıları və “Araz” pyesi səslənib.

 Qeyd edək ki, Asəf  Zeynallı 1909-cu ildə Dərbənddə doğulub. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

# 1774
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar