1597
19:25
08 Dekabr 2019

Xalq təbabəti: "Bunlar tibbdə xoş qarşılanmır" - AÇIQLAMA

Qədim dövrlərdən bu günə qədər gəlib çıxan xalq təbabəti (Türkəçarə) müalicə üsullarına hələ də müraciət edənlər az deyil. Bu müalicə üsulundan xəstəliklərin müalicəsi zamanı bitki mənşəli dərmanlara, uzunmüddətli təcrübəyə əsaslanan qaydalara geniş yer verilir.

Xalq təbabəti, təbii müalicə üsulları ilə məşğul olan təbiblərimiz indi də az deyil. Bundan başqa, qədim ənənələrə malik Çin təbabətində iynə ilə müalicə üsullarından geniş istifadə olunur. Deyilənə görə, iynə ilə bədəndə müəyyən bir nöqtəyə düzgün təsir etməklə, insanı hər hansı bədbəxt hadisədən, hətta iflicdən belə xilas etmək mümkündür. Lakin bəziləri bu müalicə üsulunun doğru olmadığını və insanların inamından sui-istifadə edildiyini deyir.

Terapevt Ramil Həsənlinin Lent.az -a bildirdiyinə görə, həkim diaqnozu olmadan xalq təbabətindən istifadə etmək məsləhət deyil:

“Heç bir ədəbiyyatda və ya Ümumdünya Səhiyyə Təşkilatında "Türkəçarə" deyilən bir anlayış yoxdur. Bunlar tibbdə xoş qarşılanmır. Sağlamlıqda hər hansı bir problem yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır. Əgər bir insanda ciddi xəstəlik baş veribsə, həkim diaqnozu olmadan bitkilərdən istifadə edilirsə, bu xəstəliyin müalicəsini, sadəcə gecikdirə bilər. Nəticədə daha ağır fəsadlar yaranar. Buna görə də səhhətdə yaranan narahatlıq zamanı həkimə müraciət etmək məsləhətdir”.

Həkim bildirib ki, elmi təbabətdən fərqli olaraq, xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə əsaslanmır:

“Həmin məlumatlar nəsildən-nəslə yalnız şifahi yollarla keçib. Məsələn, iflic olan insanın barmağından qan çıxarırlar. Bu, əslində düzgün üsul deyil. Çünki biz bilmirik ki, həmin insanın qan səviyyəsi nə qədərdir. Bundan başqa, bədənin müxtəlif nahiyələrinə zəli qoyurlar, Halbuki, həmin insanın dərisindəki problemlər səbəbindən prosesdən sonra narahatlıqlar yarana bilər. Buna görə həkim kimi bu müalicə üsulunu düzgün hesab etmirəm".