8424
writer1

Ayxan Ayvaz

Məqalə sayı : 47

11:38 03 Dekabr 2019

Elçibəy demiş, mənim taleyimdir

Xaçmazın Çarxı kəndinə hələ təzə-təzə alışdığım bir vaxtlarda dəhşətli xəbərlə qarşılaşdım. Diqqət növbəti abzasa.

- Bilirsən, nə olub? – yoldaşımın səsidir, məktəbdən gələn kimi həyəcanla soruşur.

- Yox, nə?

- Sinifimdəki uşağın qohumu özünü qatarın altına atıb.

- Niyə?

- Deyirlər, “Balina” oyunu oynayıbmış.

Hara gedirəmsə, intihar mənim yaxamdan yapışır. Deyəsən, bu da, Elçibəy demiş, mənim taleyimdir.

Bu intihar olayına hərə bir cür şərh verirdi, hərə bir versiya irəli sürürdü. Amma bircə gerçək var idi: intihar baş tutub və artıq Ağacan adlı o oğlan dünyada yoxdur.

Yazıq uşağın bədəni ikiyə bölünübmüş. Sən demə, qatara atmadan əvvəl əynindəki paltarları da çıxarıbmış. Son dəfə nə düşünüb, ürəyi nə istəyib?

Kənd camaatının dedikləri:

“Ağacan atasıyla gedirmiş evə. Deyib, mən bir az internet klubda oynayım, geciksəm, məni götürməyə gələrsən”.

“Əsəb xəstəsi idi, müalicə alırdı.”

“Fikrində var idi, özünü öldürmək. Bir neçə dəfə qatar tərəfə gedibmiş.”

“Axırıncı dəfə pirə aparmışdılar. Sağalacağına ümidliydilər”.

Ən qəribəsi isə bu idi ki, yas yerində Ağacanın evindən oğurluq olub: anasının qızıllarını götürüb aradan çıxıblar. Kim edib? Kənd camaatı hadisəni bilsə də, bunu bilmir, ağızlarına su alıb dururlar.

Göz yaşlarıyla yasa gələnləri qarşılayan anasının qızılları o gün ilim-ilim itib. Hara baxıblar, yoxdur. Elə Ağacan kimi.

20 yaşlı Ağacan...

O gün çox fikirliymiş. Atası onu sevindirmək üçün maşınla gəzməyə çıxardıb. Oğlanın ürəyi internet klubda oyun oynamaq istəyib. Ata razılaşıb. Nə bilsin, ata?

- Əmi, Ağacan...

İnternet klubdakı uşaqlar dəhşətli hadisəni görən kimi atasına çatdırıblar.

Ata Ağacanın ikiyə bölünmüş cansız bədəni ilə qarşılaşıb. Onun bədəninin bəzi əzalarını qatar relslərinin üstündə tapıblar.

Hər nişanəsi bir yana dağılmış 20 yaşlı ömrün...

İndi heç kim o qatar tərəfə gedə bilmir. Elə bil Ağacanın başqa hissələri ilə qarşılacağından qorxurlar.

Ailəsi ilə görüşmək istədim, kənd camaatı dedi ki, lazım deyil. Həqiqətən də lazım deyildi. Nə danışacaqdıq ki? Üzündə göz yaşlarının bir-birini qovalaya-qovalaya qoynuna düşdüyü anaya nə deyə bilərsən ki?

Neçə gündür görmədiyim Ağacanı düşünürəm. Niyə intihar etdiyini yox, niyə qatarı seçdiyini? Özü də meydan oxurcasına. Qatarın fitini vecinə almadan.

Əynindəki paltarları niyə çıxarıb bəs? Eləcə gözləyib. Gözləyib ki, qatar onu əbədiyyətə qovuşdursun. Qatarsa onu hissələrə ayırıb.

Görəsən, axırıncı dəfə gülümsünmüşdümü? Maraqlıdır e, görən, təbəssümü qatar relslərinin harasına düşüb?

Yaxınları indi bəlkə də Ağacanı hissə-hissə xatırlayır. Xatirələri belə hissələrə bölünüb Ağacanın...

Kaş onun heç olmasa yarıya bölünən bir hissəsi, İtalo Kalvinonun məşhur əsərindəki kimi öz evlərinə qayıdardı.

Heç olmasa anası Ağacanın o hissəsini qucaqlayıb təsəlli tapardı. Nə qədər ağır və amansız olsa da...