12:07
02 Dekabr 2019

Bakıda kafedə silahlı insident olub: iki nəfər saxlanıldı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda kafedə baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA -ya verilən məlumatda qeyd olunub ki, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetiriblər. Xəsarət almış F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Suraxanı rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.Quliyev və E.Babayev saxlanılıblar.

E.Babayevdən cinayətdə istifadə etdiyi “Winchester” markalı tüfəng götürülüb.

***

11:44

Bakıda kafedə silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Günəşli” kafesində qeydə alınıb.

Polisə adıçəkilən kafedə silah təqbiq edilməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal əraziyə əməliyyat qrupu göndərilib. Araşdırmalar zamanı müəyyənləşdirilib ki, bir qrup şəxs ictimai qaydanı kobud sürətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edərək, silahla vətəndaşlar üzərində zor tətbiqi ilə xuliqanlıq ediblər.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, saxlanılanlar var.

Dİgər xəbərlər