650
11:47
02 Dekabr 2019

Küləkli hava ilə bağlı XÜSUSİ REJİM - İşçilər təxliyyə olundu

“Küləkli hava ilə bağlı bütün xidmətlər xüsusi iş rejiminə keçib”.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Lent.az -a bildirib ki, icra hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ağacların budanması və sınan ağacların yığışdırılması ilə bağlı səfərbər edilib:

“Hələlik bununla bağlı bir problem yaranmayıb”.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə bildirib ki, qurum hava şəraitinin kəskinləşməsi ilə bağlı dənizdə təxliyə tədbirləri həyata keçirib:

“Təxliyə tədbirlərinə dünən səhər saatlarından başlanılıb və 420 nəfərə yaxın əməkdaşımız təxliyə olunub. Onlar hava şəraiti normallaşdıqdan sonra iş yerlərinə qaytarılacaq”.

İ.Əhmədov qeyd edib ki, hava ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri gücləndirilib və mümkün fövqəladə vəziyyətin qarşısının alınması üçün növbətçilik keçirilir.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi (BNA) də bu gün müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına müraciət edib. Sərnişinlərdən xahiş edilib ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar:

"Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər".

Qeyd edək ki, BNA tərəfindən hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.