3837
writer1

Ramilə Qurbanlı

Məqalə sayı : 631

15:37 25 Noyabr 2019

Sözkəsənlik... – Ramilə Qurbanlıdan şillə kimi yazı

Tamaşanın başlanmasından 20 dəqiqə, 30... nəhayət, 45 dəqiqə keçib, tamaşaçı hələ gəlir. “Çarıqlı-patavalı”, yəni üst paltarlarını qarderoba vermədən birbaşa tamaşa gedən zala girirlər, həm də dəstə ilə, kütləvi surətdə. Özləri də təhsil ocaqlarının nümayəndələridir - müəllim və şagirdlər. Sözlərimdə aqressiya duyulursa, üzr istəyirəm, amma burda sevgiylə danışmaq mümkün deyil. Tamaşa başlayandan yarım saat sonra paltolu-papaqlı tamaşa gedən zala girib heç nə olmayıbmış kimi arxayın-arxayın tamaşaçıların gözünün qarşısını kəsib, diqqətlərini məcburən tamaşadan yayındırıb özümə, öz davranışlarıma cəlb edirəmsə, bütün aqressiyanızı tökün üstümə - razıyam. Nədənsə, Məmməd Arazın misraları düşdü yadıma

Yıxın məni söz atından,

Atın məni tank altına.

Əzin məni xıncım-xıncım,

Kəsmir əgər söz qılıncım,

Didin məni didim-didim,

Atın məni tank altına.

Vallah, atın məni tank altına, amma millətimin bu cür davranışları adamı hövsələdən çıxardır.

Müəllim, siz bilirsiniz ki, saat 14.00-da tamaşa başlayır, zəhmət çəkin bir az tez tərpənin yerinizdən, uşaqlara elə tapşırın ki, hər kəs vaxtında gəlsin. Təkcə “iki vur iki”ni öyrətmək azdır uşağa, belə məqamlarda nə öyrət(mə)diyiniz çıxır ortaya. Teatra aparırsınız şagirdi, xub. Lütfən, əvvəlcədən orda özün necə aparacağını, davranış qaydalarını əxz etdirin onlara, bilirsinizsə.

Nə isə. Gəldilər, vaxtında tamaşaya gəlib, hələ onun başlanmasını da bir 15-20 dəqiqə artıq gözləyən tamaşaçının da əsəbləri ilə oynayıb, oturdular, nəhayət. Təxminən, beş-on dəqiqə keçmiş selofan torbaların xışıltısının səsi zalı götürdü. Tamaşaçı həzrətləri teatra hərəsi bir yekə torba yeyib-içməklə təşrif buyurublar. Elə bil evdən deyil, Sibirin buzlaqlarından ac-yalavac tökülüblər tamaşa salonuna. Yemək başladı, nə başladı – çipsidən tutmuş buterbroda, pepsidən tutmuş enerji içkilərinə qədər. Xış-xış, xırt-xırt, qurt-qurt – hansı formada “könlün çəkir”, səs eşidə bilərsən, bircə səhnədəki binəva aktyorların səsindən qeyri – onları dinləmək imkanımız qalmadı. Qarınları doyandan sonra da başladılar selfi çəkməyə. Bir sözlə, bunlar teatra gəlməyiblər – piknik, ətraf aləmlə tanışlıq, ekskursiya... nə qoyursunuzsa qoyun bunun adını, teatra gəlmək deməyin.

Uşaq ora hara gəldiyindən bixəbər də gedəcək evinə. Uşaq deyəndə ki, bu əsərin yaş həddi 8-12 yaşlarında uşaqlardır.

Hə, söhbət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından və teatrın İsveç uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Astrid Lindqrenin "Uzuncorab Peppi" romanı əsasında hazırladığı eyniadlı tamaşadan gedir.

Adım kimi əminəm ki, o müəllimlər bileti alanda nə bu yazar haqqında, nə də onun tamaşasına baxacaqları əsər haqqında uşaqlara bəhs etməyiblər. Etsəydilər, uşaqlarda yeyib-içməyə, selfi  çəkməyə deyil tamaşaya maraq yaranardı.

Onu da deyim ki, tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç Krallığının Azərbaycandakı səfirliyi və Azərcell şirkətinin birgə layihəsi əsasında hazırlanıb. Eyniadlı romanın motivləri əsasında Stafan Qotestamın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (Danimarka), aranjmançı Rüfət Ramazanov, məsləhətçi görkəmli isveç rejissoru Ronni Danielsson, rejissor assistenti Sona Mustafayevadır. 

Bu qədər adam əziyyət çəkib bu tamaşanın üstündə. Hələ üstəlik obrazları əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Xəyalə Meydanova, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Aygün Fətullayeva, Güşvər Şərifova, İlqarə Tosova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Xalidə Əliməmmədova, Könül Əbilova, Eyvaz İbrahimov, Elgün Yəhyayev, Vahid Orucoğlu və Ramil Məmmədov ifa edirlər.

 

Tamaşanın bilmədim, amma əsərin məğzində mənəvi məsələlər aşılanır. Məsələn,  Peppinin anası yoxdur, atası isə dənizdədir. Uşaq tək-tənhadır. Belə bir vəziyyətdə ətrafdakı insanların uşağa münasibəti necədir və əslində necə olmalıdır? Yəni balaca oxucuya - tamaşaçıya insan mənəviyyatını, şəxsiyyətinin formalaşması amilləri detallı şəkildə izah olunur. Əgər bir uşaq evdə təkdirsə, bu o demək deyil ki, cəmiyyət də onu təkləməlidir. Əksinə, insanlar ona daha həlim, mehriban, dost olmalıdır ki, uşaq özünün həm  tənha hiss etməsin, həm də cəmiyyət üçün normal insan kimi yetişsin. Əsərdə Peppi dəcəl, amma tərbiyəli 9 yaşında bir qızdır. İnsanların onu düzgün qəbul etmədiklərinə, yanlış münasibətlərə görə Peppi dərsdən yayınır, insanlara, müəllimlərə qarşı onda yanlış fikir formalaşır. Əsər balaca oxucularda insana məhəbbət, dost münasibət formalaşdırır. Əsərdə belədir.

Tamaşada bir az fərqli oldu. Peppi müəllimin altına mismar qoydu, özündən böyüklərə qaba münasibət göstərdi... Ya mən əsərin mahiyyətini düzgün qavramamışam, ya da tamaşanın rejissoru. Yəqin mən olaram. Əsərə görə, qızın bütün hərəkətlərində, ata-anasızlığına rəğmən, bir düzən var. Ailədə yaşayan dostları onun hərəkətlərində məntiq görüb, onu haqlı hesab edir, ardınca gedirlər. Uşaqlar haqlıdırlar, yoxsa böyüklər? Oxucu-tamaşaçı bu qərarı özü verib, düzgün yolu seçməlidir, təbii ki, hər uşaq öz tərbiyəsinə və dünyagörüşünə görə.   

Kaş zaldakı uşaqlar səhnədəki Peppinin dünyasına qapılmağa imkan tapaydılar. Kaş müəllimlərinə elə tamaşadaca o qız, əsər, səhnədə baş verənlər haqqında suallar verəydilər - bu heç kimə mane olmazdı, çox sevinərdim.

Tamaşadan sonra da tamaşanın müzakirəsi olaydı. Hər uşaq öz fikrini deyəydi, əsaslandıraydı o fikri. Bu olardı iş.

Müəllimlər sadəcə bilet alıb tamaşaya getmək lazımdır deyə gətirmişdilər uşaqları. Sözkəsənlik yəni. Bizdə hər iş belədir – sözkəsənlik. Ona görə də səhnədəkilərlə zaldakılar bir-birini tamamlayır. Nə tamaşaya baxmağa gələn öz işinin öhdəsindən gəlir, nə səhnədə oynayan. Hər kəs öz işindədir. Bu gedişlə, bizim işimiz tamamlanmağa doğru gedir... Sözkəsənlik üçün demirəm...

Hə...unutdum sizə deyim ki, tamaşaya Banu ilə getmişdik. Dedi ki, əsəri oxumuşam, tamaşasına baxmaq istəyirəm. Tamaşadan çıxanda dediyi iki cümləni həmyaşıdları üçün maraqlı olar deyə-bölüşürəm. Birinci dedi ki, bu mənim son uşaq tamaşam oldu. Sonra da əlavə etdi ki, yaxşı ki, əvvəlcə əsəri oxumuşam...