Tramp-Ərdoğan görüşü: ABŞ-Türkiyə münasibətlərində nə dəyişəcək? - TƏHLİL
14 noyabr 2019 17:01 (UTC +04:00)

Tramp-Ərdoğan görüşü: ABŞ-Türkiyə münasibətlərində nə dəyişəcək? - TƏHLİL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərinin baş tuta biləcəyi son ana qədər sual altında idi. Amma Türkiyə lideri Birləşmiş Ştatlara səfər elədi və amerikalı həmkarı ilə görüşdü.

Ərdoğan və Donald Tramp  arasında keçirilən ikitərəfli görüş 1 saat 15 dəqiqə davam edib. Görüşə prezidentlərin xanımı və digər rəsmilər də qatılıb. Görüşdən əvvəl ABŞ prezidenti bildirib ki, Türkiyə prezidenti ilə şəxsi dostluq münasibətləri var və onu Ağ Evdə xanımı Əminə Ərdoğanla qarşılamaqdan şərəf duyur. 

R.T. Ərdoğan isə oktyabrın 29-da ABŞ Nümayəndələr Palatasının “qondarma erməni soyqırımı” ilə bağlı verdiyi qərardan Türkiyə tərəfinin qəzəbli olduğunu və bunun iki ölkə arasında mövcud əlaqələrə olduqca mənfi təsir göstərə biləcəyini deyib: “Türkiyə bu mövzuda ortaq dialoqun, arxivlərin açılmasının tərəfdarıdır".

Xatırladaq ki, “erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində demokrat Robert Menendez tərəfindən təklif edilmişdi.

Görüşdən sonra mətbuat konfransında çıxış edən D. Tramp bildirib ki, Suriya ərazisindən ABŞ qoşunlarının geri çəkilməsini doğru qərar hesab edir. O deyib ki, Ərdoğanla görüşdə 100 milyard dollarlıq ticarət həcmindən, F-35 və S-400 mövzularında müzakirələr aparılıb. Həmçinin Türkiyə ilə birgə İŞİD-ə qarşı mübarizədə uğurlu nəticələr əldə edildiyini vurğulayıb: “Türkiyə ABŞ-ın NATO-dakı müttəfiqi və strateji tərəfdaşıdır. Ərdoğan ilə məhsuldar görüş keçirdik. Türkiyə və Amerika rəsmiləri “F-35” məsələsinin həlli üçün çox çalışırlar”.

Ərdoğan isə gündəlikdə duran məsələlərlə bağlı səmimi danışıqlar apardığını bildirib: “Terror təşkilatı olan İŞİD ilə mübarizənin əhəmiyyətini vurğuladıq. Hər ikimiz milli  təhlükəsizliyimizi təhdid edən terror təşkilatları ilə mübarizə mövzusunda qarşılıqlı iradəmizi təsdiq etdik. “S-400” hava hücumundan müdafiə sistemləri və “F-35” proqramı ilə bağlı qarşılaşdığımız problemləri isə yalnız dialoq vasitəsilə həll edə bilərik”.

Ərdoğan, həmçinin, bildirib ki, bu gün Türkiyədəki həbsxanalarda, eləcə də Suriyanın Türkiyə tərəfindən nəzarətdə olan bölgələrdəki saxlama təcridxanalarında təxminən 2200 İŞİD silahlısı saxlanılır: “Türkiyə ABŞ-la münasibətlərdə yeni bir səhifə açmaq əzmindədir. Ankara ilə Vaşinqton yaxın tərəfdaşdır. PKK terrorçularına rəğbət bəsləyən bəzi dairələr Suriyanın şimal-şərqindəki vəziyyətə dair Türkiyə-ABŞ razılaşmalarından narahatdır. Biz Suriya böhranının uzunmüddətli həlli naminə ABŞ-la razılaşmalara sadiqik. Odur ki, hər iki ölkə İŞİD təhlükəsini tamamilə məhv etmək üçün birgə səy göstərə bilər. Ölkələrimiz Suriyada sülhə və sabitliyə töhfə verir”.

Beləliklə, Ərdoğan-Tramp görüşündə Türkiyənin Suriyada PYD/YPG-ya qarşı hərbi əməliyyatlarının əsas diqqət mərkəzində olduğunu görürük. Vurğulayaq ki, Ankara  PYD/YPG döyüşçülərini terrorçular hesab edir, ABŞ Konqresi isə terrorçu kürd qruplaşmasına qarşı hərbi əməliyyatlarına görə Türkiyəni geniş sanksiyaların tətbiq edilə biləcəyi ilə hədələyir. Bu sanksiyaların bəzisi birbaşa Ərdoğanın özünü hədəf alır.

Bununla belə, Ərdoğan Vaşinqton və Moskva ilə PYD/YPG-yə qarşı hərbi əməliyyatların dayandırılmasına dair razılaşmaların risk altında olduğu ilə bağlı xəbərdarlıq edib.  Ərdoğan PYD/YPG-ni Türkiyə sərhədindən geri çəkilməməkdə günahlandırır. Bu isə o anlama gəlir ki, Ankara hərbi əməliyyatları bərpa edə bilər. Bəzi təhlilçilər Ərdoğanın Suriyada əməliyyatların bərpa edilməsinə Trampın ən azı sükutla dəstəyini təmin etməyə çalışdığını düşünür. Lakin iki ölkə arasında bir sıra digər problemlər də mövcuddur və onları çözmədən Ankara və Vaşinqtonun kompromis əldə edəcəyi inandırıcı görünmür. Türkiyə və ABŞ münasibətləri heç vaxt indiki kimi gərgin olmayıb. Türkiyənin Suriyaya məcburi müdaxiləsi və ABŞ-ın buna sərt etirazı kimi davam edən problemlər hələ də mövcuddur. Lakin münasibətlərdə gərginliklərə baxmayaraq, belə görünür, iki prezident öz arasında yaxşı əlaqələr qurub və Ankara bunun münasibətlərin bərpasına imkan verə biləcəyinə inanır.

Ərdoğan anlayır ki, Ankaranın fikir ayrılıqlarını yoluna qoymaq üçün yalnız Trampa  inanması risklidir. Bununla belə, Ərdoğan Trampın ABŞ-dan qırıcı təyyarələrinin alınmasına qoyulmuş embarqonu aradan qaldıracağına ümid edir.

Xatırladaq ki, Vaşinqton sözügedən embarqonu Türkiyənin Rusiyadan “S-400” raket müdafiə sistemləri almasından sonra tətbiq edib. Vaşinqton və onun müttəfiqləri “S-400” sisteminin NATO sistemləri ilə bir araya gəlmədiyini, “F-35” tipli döyüş təyyarələri üçün təhlükə yaratdığını və Rusiya kəşfiyyatına yardım edəcəyini hesab edir. Tramp  Administrasiyası Türkiyəni “F-35” proqramından hələ iyul ayında çıxarıb.

Vaşinqton Ankaranın Moskva ilə münasibətləri dərinləşdirməsindən narahatdır, lakin təhlilçilər Trampın manevr etmək üçün imkanlarının az olmadığını qeyd edirlər.

Burada bir məsələni də unutmaq olmaz. Tramp impiçment proseduruna görə siyasi təzyiq altındadır. Konqresdə anti-Türkiyə əhval ruhiyyəsinə görə o, Ankara ilə isti münasibətlər qurmağa ehtiyat edir. Tramp özü istəməsə belə, Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini reallaşdırmağa məcburdur.

Lakin Türkiyə mətbuatı Trampın Ərdoğana kompromis əldə etmək xahişi ilə müraciət etdiyini yazır. Məlumatlara əsasən, Tramp Ankaranın Rusiya raketlərini aktivləşdirməməsi və gələcəkdə raket almaması müqabilində sanksiyaları aradan qaldıra biləcəyini bildirib.

Onu da vurğulayaq ki, bu ilin əvvəlində ABŞ senatoru Lindsi Qraham da eyni təkliflə çıxış etmiş, Ərdoğan isə bu təklifi rədd etmişdi.

Onu da qeyd edək ki, hər iki liderin bəyanatına baxmayaraq, Tramp-Ərdoğan  görüşünün konkret detalları barədə informasiya hələlik çox məhduddur. Bu baxımdan, adıçəkilən görüşü bir başlanğıc hesab etmək olar. Bu görüşü tərəflərin bir-birinin mövqeyini öyrənmək, eyni zamanda bu mövqeləri uyğunlaşdırmaq baxımından mühüm hesab etmək olar. Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşdən sonra verdiyi ilkin açıqlamalardan isə belə qənaətə gəlmək olar ki, Türkiyə lideri görüşdən razı qalıb. Belə ki, o, Türkiyə-Amerika münasibətlərini qlobal sabitlik üçün yüksək qiymətləndirdiyini, eyni zamanda PYD/YPG-nin tərəf müqabili kimi görülməsinin razılaşmaya uyğun olmadığını bildirdi.

Tramp-Ərdoğan  görüşündə qlobal və regional məsələlərdə “çərçivə sazişinin” əldə olunduğu ehtimalı yüksəkdir. Lakin yenə də bir sıra məsələlərdə, əsas da PYD/YPG məsələsində fikir ayrılıqları hələ davam edir. Məsələ ondadır ki, ABŞ-ın hədəflərindən biri Yaxın Şərqdəki böyük dövlətləri parçalayaraq, etnik kiçik ölkələr yaratmaqdır. ABŞ bu  baxımdan öz siyasətini qurur və ardıcıl həyata keçirir. Amerika bölgədə özünə itaətdən boyun qaçıran, onun iradəsinə qarşı çıxan böyük və qüdrətli dövlətin olmasını istəmir. ABŞ Türkiyə ilə münasibətdə də öz hədəfinə çatmaq siyasəti yürüdür. Sonu parçalanma ilə nəticələnə biləcək bu planın qarşısını almaq üçün Türkiyə insan haqları, milli-mədəni haqlara önəm verməkdədir.

Türkiyə çalışır ki, Suriyanın şimalında kürd dövləti qurulmasın. Digər tərəfdən, Rusiya da  çalışır ki, Suriyanın ərazi bütövlüyü qorunsun. Çünki bu, Moskvanın maraqlarına uyğundur. Bəzi məqamlarda Rusiya ilə Türkiyənin, bəzi hallarda isə Türkiyə ilə ABŞ-ın maraqları üst-üstə düşür. Bu səbəbdən Ərdoğan çoxvektorlu diplomatiya yürütməyə məcburdur. Ölkənin maraqlarının qorunması baxımından Ərdoğan-Tramp görüşünün böyük önəm kəsb etdiyini söyləmək olar.  

APA Analytics

# 995
avatar

Oxşar yazılar