500
16:10
10 Noyabr 2019

Dövlət müəssisələrindən büdcəyə daxil olacaq dividendlərin həcmi

Gələn il dövlət büdcəsinin səhmlərində dövlətin payı olan müəssisələrdən alınacaq dividendlər üzrə proqnozlaşdırılan gəliri 5 milyon 560 min manat olacaq.

APA -nın məlumatına görə, bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən daxilolmaların 2020-ci il üçün nəzərdə tutulmuş məbləği 2019-cu ilin müvafiq proqnozu ilə müqayisədə “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı üzrə 10 min manat və ya 5,9% çox, “Azər-Türk Bank” ASC üzrə isə 550,0 min manat və ya 26,8% və “Azərlotereya” ASC üzrə 700,0 min manat və ya 41,2% az olmaqla nəzərdə tutulub. 2019-cu ildə İqtisadiyyat Nazirliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC üzrə dövlət büdcəsinə daxilolmalar nəzərdə tutulmasa da, 2020-ci il üzrə 100,0 min manat daxilolma proqnozlaşdırılıb.

Ümumiyyətlə, 2019-cu ilin 8 aylıq icra göstəricilərinə əsasən səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə 869 min manat daxil olub ki, bundan 500 min manat “Azərlotereya” ASC, 225 min manat “Azər-Türk Bank” ASC və 144 min manat isə Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən 2018-ci ildəki fəaliyyətinin nəticələri üzrə ödənilib. Bu mənbədən 2019-cu ilin yanvar-avqust ayları üzrə daxilolmalar əvvəlki ilin 8 ayının (1,8 mln. manat məbləğində) icra göstəricisi ilə müqayisədə 962 min manat və ya 2,1 dəfə az icra olunub. Cari il üzrə illik (3,9 mln. manat məbləğində) və 8 aylıq (2,4 mln. manta məbləğində) proqnozlarına nisbətdə isə icra səviyyəsi müvafiq olaraq 22,2% və 35,6% təşkil edib.

Qeyd olunan icra göstəricilərinin nəzərdə tutulmuş proqnoz məbləğlərdən əhəmiyyətli dərəcədə az olunduğunu nəzərə alaraq, Hesablama Palatası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 27 dekabr tarixli 446 nömrəli fərmanının tələblərinə uyğun olaraq nazirliyin tabeliyində olan qurumların, o cümlədən “Azərlotereya” ASC və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin sərəncamlarında qalan sərbəst vəsaitlərin növbəti ilə dövlət büdcəsinə dividendlər üzrə daxilolmaların proqnozlaşdırılması zamanı nəzərə alınmasını məqsədəuyğun hesab edib.

Xatırladaq ki, Azərbaycanda nizamnamə fondunda (kapitalında) dövlətin payı olan iki mindən çox kommersiya hüquqi şəxslər mövcuddur. Bunlardan 14-ü gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətləridir. Bu şirkətlər üzrə dövlət büdcəsi və dövlət zəmanətli kreditlər hesabına həyata keçirilən və sonradan nizamnamə fonduna aid edilməli olan böyük məbləğdə investisiyalar həyata keçirildiyi halda, həmin müəssisələr üzrə dövlət büdcəsinə dividendlər nəzərdə tutulmur, hesablanmır və ödənilmir. Eyni zamanda nəzarət zərfi dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2018-ci ilin yekunlarına görə fəaliyyətini 298 mln. manat mənfəətlə başa vurmasına baxmayaraq, 2020-ci ilin dövlət büdcəsinin layihəsində hər hansı bir daxilolma nəzərdə tutulmayıb.