229
10:30
16 Oktyabr 2019

® Azərbaycan Beynəlxalq Bankının IBA Tech Akademiyası fəaliyyətə başladı

Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasında sosial layihə kimi nəzərdə tutulmuş ilk intensiv bootcamp kurslarına start verilib. Tələbələr sentyabrın 9-dan 30-a qədər davam edən qəbul prosesi zamanı onlayn ərizə göndərmiş namizədlər arasından seçilib. Qəbul prosedurunun bütün mərhələlərini uğurla keçən namizədlər kurslarda iştirak hüququ qazanıb.
Qəbul prosesində fiziki məhdudiyyətli şəxslərə də bərabər imkanlar mühiti yaradılıb. Müraciət edən 15 fiziki məhdudiyyətli gəncdən 3 nəfəri qəbul mərhələlərində göstərdiyi yüksək nəticələrə uyğun olaraq Akademiyaya qəbul edilib. Beləliklə, IBA Tech Akademiyası inklüziv təhsil mühitində fəaliyyətə başlayıb. Akademiya tələbələrinin orta yaş həddi 24 yaşdır. Tələbələrin 21 faizi xanımlardan ibarətdir.
Azərbaycan Beynəlxalq Bankı belə bir Akademiyanı Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Ölkəmizin biznes mühitində ilk dəfə reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyada təhsil ödənişsizdir.
IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp kursları ölkəmizin əmək bazarında proqramlaşdırma üzrə xüsusilə böyük tələbat olan FrontEnd və BackEnd istiqamətlərini əhatə edir. IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Dəqiq elmlər sahəsində fəaliyyət göstərmiş görkəmli alimlərimiz Lütfizadə və Azad Mirzəcanzadənin xatirəsinə hörmət əlaməti olaraq Akademiyanın 2 auditoriyasına “Lütfizadə” və “Mirzəcanzadə” adları verilib.
Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparırlar. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına kömək göstəriləcək.
Qeyd edək ki, yaxın vaxtlarda IBA Tech Akademiyasına yeni proqramlar üzrə də qəbul nəzərdə tutulur. Bu barədə ictimaiyyətə müntəzəm məlumatlar veriləcək. Proqramlara qoşulmaq istəyən şəxslər yenilikləri www.ibatech.az saytından və Akademiyanın sosial şəbəkələrdəki korporativ səhifələri üzərindən izləyə bilərlər.