588
writer1

Günel Natiq

Məqalə sayı

12
12:16 16 Oktyabr 2019

Cəmiyyət qadınları gözəl gəlincik kimi görmək istəyir

Axmaqdır, çünki qadındır

“Feminizm” termini kişilərin əksəriyyətini qıcıqlandırır. Feministlər haqqında alçaldıcı fikirlər söyləyirlər və s.

Bəs feminizm, bərabərlik hüquqları haqqında diskussiya aparmaq vacibdirmi? Nə qədər qəribə görünsə də, vacibdir. Kişilərin çoxu belə hesab edir ki, “qadınların kişilərə çatmağına çox var”, qadın beyni toyuq beynidir və s. Bütün bunlar topluma zərərli vərdişlər aşılayır.

Qadın bir az uşaqdır, bir az kişi.

“Mizoginya” termini qadınsevməzliyi ifadə edir. Dahilər də mizogenik düşüncədən uzağa getməyiblər, məsələn, məşhur filosof Şopenhauer qadını uşaqla kişi arasındakı mərhələ adlandırıb, filosof və psixoloq Otto Verninger isə məsələni kökündən “həll edərək” deyib ki, qadın heç kimdir. Hətta Avropada “qadın insandan nə ilə fərqlənir” başlıqlı kitabları görəndə bunu artıq ədəbsizlik kimi qəbul etmirlər.

Cəmiyyət qadınları gözəl gəlincik kimi görmək istəyir. Daim xarici görünüşüylə bağlı qadına təzyiq edir, gözəlliyinə şübhəylə yanaşır, onu gözəllik etalonlarıyla müqayisə edir. Qadına belə bir alçaldıcı düşüncə aşılanır ki, o istəsə də heç vaxt hansısa maneken qadın ya Hollivud ulduzu kimi ola bilməyəcək, çünki gözəllik ölçüləri tələb olunan səviyyədə deyil.

Kişilər öz “mizogenik” baxış bucaqlarından çıxış edərək fikir söyləyirlər. Məsələn, onların fikrincə, əgər kişi maşın alıbsa, deməli, onu qazanıb. Əgər qadın maşın alıbsa, deməli düzgün olmayan yollarla əldə edib.

Belə stereotiplər insanları iki yerə ayırır: əla dərəcəli və ondan aşağı sort.

“Qadınlar ağıl, məntiqli fikir yürütmək cəhətdən kişilərdən çox geri qalır.”

Çoxlarının aksiom kimi qəbul etdiyi bu patriarxal tezis cinsi ayrı-seçkilik platformasını meydana gətirir.

Qadınlar bir-birini niyə sevmir?

Amma mizoginya heç də yalnız kişilərə məxsus deyil. Bir də “daxili mizoginya” anlayışı var. Yəni qadınlar öz aralarında bir-birlərinə nifrətlə yanaşırlar. Tutaq ki, hansısa qadın “bütün qadınlar ləçərdir”, “qadınlar məntiqli düşünə bilmir” kimi stereotipləri dəstəkləyir. Bəs daxili mizoginya hansı hallarda ortaya çıxır?

“Daxili mizoginya” anlayışını və onun fəsadları problemini feminizm ortaya atıb. Feminizmin fikrincə praktikada onu müəyyən etmək və ortadan qaldırılmasına çalışmaq lazımdır. Axı niyə cinsi ayrı-seçkiliyə düçar oluruq? Bununla necə mübarizə edək?

Əvvəla qadının həmcinslərinə şübhəylə yanaşmasının səbəbini aydınlaşdırmaq lazımdır. Əksəriyyətin fikrincə, belə bir mövqe qadına patriarxal cəmiyyətə, yəni imtiyazlı cəmiyyətə mənsubiyyət hissi verir. Qadın öz statusunun yüksəldiyini hiss edir və patriarxal şərtlərdə daha rahat mövqe seçmiş olur.

Sən axmaqsan, çünki qadınsan

Məşhur aktrisa Faina Ranevskaya deyirdi ki, axmaq adamları sevmirəm, xüsusilə qadınları, heç vaxt bilmirəm onların səviyyəsinə enmədən onlarla necə ünsiyyət qurum.

“Sən axmaqsan, çünki qadınsan” və s. bu kimi sözlər qadınların öz həmcinslərinə nifrət duymasının əsasını təşkil edir. Ta keçmişdən üzü bəri ailədə bu sözlərin şahidi olmuşuq:

“Arvadsan, otur arvad yerində.”

“Sən arvadsan, belə mürəkkəb işlər sənlik deyil” və s.

Ailədə önəmli qərarları qadın verə bilməz, bu nüfuzlu yer kişiyə məxsusdur. Hətta qadın ictimai həyatda müəyyən rola malik olub ailəyə qazanc gətirsə belə, qərar vermə statusundan məhrumdur. Bəzi qadınlar isə diplomat kimi hərəkət etməyə məcburdurlar; əslində ailəni qadın idarə edir, amma hadisələri elə təqdim edir ki, kişi elə bilir, bütün bunlar onun beyninin məhsuludur. Belə ağıllı qadınlar bu məsəli çəkməyi çox xoşlayırlar: “Kişi başdır, qadın isə boyun, onu istədiyi yerə çevirə bilir”.

Mən kişi kimi qadınam

Bu ifadə də qadına alçaldıcı münasibətdən, daxili mizoginyadan xəbər verir. “Kişi kimi qadın olmaq” zərif cinsə xas xüsusiyyətlərdən məhrum olmaq deməkdir. Mizoginyaya uğramış qadınlar belə düşünür ki, patriarxal cəmiyyətə yaxın olmaqla özünün digər “axmaq” qızlar kimi olmadığını sübut etmiş olacaq.

Əgər qadında kişilərə xas xüsusiyyətlər varsa, bu yüksək qiymətləndirilir, əgər bu xüsusiyyətlər sırf qadına aiddirsə, amortizasiya olunur. Bəzi şirkətlərdə qadınlar belə hesab edirlər ki, qəbul edilmək üçün kişiləri təqlid etmək lazımdır.

“Kişi kimi qadın” ifadəsi namuslu qadını ifadə edir. Guya “qadın kimi” qadın olmaq namus göstəriciləri üçün kifayət deyil.

“Filankəs kişi kimi qızdır”. Yəni düzgün adamdır. Halbuki düzgünlük, doğruluq kimi keyfiyyətlər hər qadında olmadığı kimi hər kişidə də olmur. Belə çıxır, qadınlar riyakar və yalançıdır.

Qadınlarla işləmək mümkün deyil

Daxili mizoginya niyə baş verir? Səbəblərdən biri qadınlarda özgüvən hissinin kifayət qədər olmamasıdır. Məsələn, qadınlar adətən sözə belə başlayır: “Mənə elə gəlir ki...” “Mən əmin deyiləm, amma... “ Bu cür danışıq tərzi fikrə kölgə salır, fikir söyləyən isə qərarsız insan təsiri bağışlayır.

Kişilərdən fərqli olaraq qadınlarda öz xidmətlərinin dəyərini azaltmaq hissi daha çoxdur. Qadın tərif qarşısında özünü itirir və tutaq ki, “bəli, mən bu layihə üzərində çox işləmişəm,” demək əvəzinə “bu önəmsiz bir şeydi”, deyir.

Bəlkə də qadınlar zahirən güclü görünmək üçün kişilərin tərəfini seçir və “qadınlarla işləmək mümkün deyil, onlar ancaq problem gətirir”, deməkdən çəkinmirlər.

Həmcinslərini sevməyən zərif cinsin nümayəndələri zorakılıq hallarında da qarşı tərəfə haqq qazandırırlar. “Qadınlar aktiv şəkildə müdafiə oluna bilməz, bu həbs cəzasına gətirib çıxarar” kimi fikirlər daxili mizoginyaya rəvac verir. Əgər qadın belə bir vəziyyətə düşübsə, deməli nəyisə düzgün etməyib. Və əgər qadın vəziyyətdən çıxa bilməyibsə, deməli zəifdir, axmaqdır və deməli, güclünün tərəfində olmaq lazımdır.

Digər qadınlara nifrət və inamsızlıq

- O qız çox çirkindir! - həmsöhbətim olan qadın fikrindən dönmürdü.

- Çirkindir? - məni təəccübləndim - Maneken qızlara bənzəyir. Ucaboy, zərif. Əri də onun gözəlliyilə fəxr edir.

- Necə? Fəxr edir? Qoy etsin! – həmsöhbətim incidi.

O gündən sonra isə mənə açıq-aşkar düşmənçilik hissləri bəsləməyə başladı.

Deyəsən bir qadının yanında onun həmcinsini tərifləməklə böyük “qəbahət” etmişdim. Halbuki bir başqa insanda gözəlliyi görə bilməkdən gözəl nə ola bilər?

Daxili mizoginya ilə bağlı iştirakçısı olduğum daha bir nümunə. İşlədiyim özəl şirkətdə məndən təxminən on-on beş yaş böyük bir qadının qəzəbli baxışlarına tuş gəlirdim. Bir gün saçımı, bir gün paltarımı, o biri gün tuflilərimi bəyənmədiyini bildirirdi.

- Sənə belə deyil, başqa cür saç düzümü yaraşır! - nədənsə hirslə deyirdi.

Məni “məhz o cür” saç formasında görəndə isə yenə məmnun qalmırdı. Xüsusilə ətrafdakılar mənə kompliment deyəndə münasibəti daha da qırıcı olurdu. Bu qadınla hər hansı problemim olmadığı üçün əhəmiyyət vermirdim. Hətta replikaları mənə gülməli gəlirdi. Bu qadın elə bil mənim xarici görünüşümə savaş elan etmişdi və işdən çıxana qədər mənimlə “mübarizə apardı”.

Daha bir nümunə. Bir neçə il öncə orta yaşlı bir qadının idarə etdiyi redaksiyada çalışmalı oldum. Proqramlarımıza nəzarət edən komissiyanın tərkibində artıq təqaüd yaşına çatmış, televiziya jurnalistləri arasında müəyyən qədər tanınan bir qadın da vardı. Bu qadın bizim redaksiyanın proqramını iqnor edir, görməzlikdən gəlir, ya da səbəbsiz tənqid edirdi. Yəni başqa bir xanımın baş redaktor olması fikriylə barışa bilmir və nifrətini istər-istəməz büruzə verirdi. Hətta dəxilsiz vaxtlarda laqeydlik nümayiş etdirir, ya da hisslərini idarə edə bilməyib səbəbsiz qəhqəhə çəkirdi. Hiss edirdik ki, onun hərəkətləri hətta fikirlərini təsdiqləmək üçün başına yığdığı kişilərə də pis təsir edir.

Bu qadın da “daxili mizoginyanın” qurbanı idi.

 

Qızın ən böyük düşməni onun rəfiqəsidir

Bəzən belə bir fikrin şahidi oluruq:

“Qızın ən birinci düşməni onun rəfiqəsidir!”

Kişilər bir-biriylə illərlə dostluq elədikləri halda qadınlar arasında rəfiqəlik uzun ömürlü olmur. Çünki vaxt keçdikcə qadınlar arasında rəqabət hissi daha da dərinləşir. Gənclik illərində bir-birlərinin çantasına, paltarına qibtə edən rəfiqələrin zaman keçdikcə rəqabət hədəfləri daha ciddi hal alır. “Rəfiqəmin əri yaraşıqlıdır, niyə mənimki deyil?” “Rəfiqəmin şəxsi maşını var, niyə məndə yoxdur?” “Rəfiqəmin mənzili gözəldir, mən isə kiçik otaqlara sığışmışam” və s. Tədricən bu fərqlər baryerə çevrilir. Qarşıdurma yaranır. Kiçik bir qığılcım yetərli olur ki, bu qığılcım alova çevrilsin.

Başqa bir nüans. Rəfiqələrin bir-birlərinin sirlərinə bələd olması onlarda təbii olaraq narahatlıq yaradır. Hər bir qadın ayrı-ayrılıqda komplekslər yaşamağa başlayır: “əgər rəfiqəm gənclik illərinin xətalarını birdən ağzından qaçırsa? Gənclik illərinin xətaları bir yana dursun, elə ailə qurduqdan sonra yaşanan kiçik xətalar necə olsun?” Bütün bunlar ailə qurmuş qadının öz rəfiqəsinə qarşı istər-istəməz düşmənçilik hissləri bəsləməyinə səbəb olur.

Bundan başqa, rəfiqə ailənin içindəki münasibətlərdən xəbərdar olan adamdır. “Şahidi olduqlarını sabah kollektivdə danışsa necə olacaq?” Bir dəfə belə rəfiqələrdən biri qapı pusduğu yerdə yaxalanmışdı.

Sən demə, rəfiqəsigilə qonaq gələn qadın evdən dava-dalaş səslərini eşidir və içəridə baş verənlərdən xəbərdar olmaq üçün başını qapıya söykəyib qulaq asmağa başlayır. Qəfil öz qapısından çıxan qonşunu görən rəfiqənin halını yəqin ki, təsəvvür edə bilərsiniz. O hadisədən sonra rəfiqələr ömürlük düşmənə çevrilmişdilər.

Qadınlar bir-birinə kompliment demir


Qadınlar heç də həmişə bir-birlərinə xoş söz söyləmir. Əgər ideal görünsəniz belə nəsə bir qüsur tapıb deyəcəklər. Ya da komplimenti elə deyəcəklər ki, xarici görünüşünüzlə bağlı ümidləriniz alt-üst olacaq. Bir dəfə bir qız haqqında “istedadlıdır” dediyim üçün həmcinsimin qınağına tuş gəlmişdim. “Heç vaxt heç kimi tərifləmə” “tövsiyə”sinin səbəbini hələ də anlamış deyiləm.

Qadınlar özlərindən gözəl olanları sevmirlər

Qadınlar çox vaxt özlərindən çirkin olan (ya da çirkin sandıqları) qızlarla dostluq edirlər ki, özləri tez nəzərə çarpsınlar və gözə xoş görünsünlər. Bir gənc qızdan tez-tez bu sözləri eşidirdim:

“Əgər rəfiqəm özümdən gözəl olsa, ürəyim partlayar”.

Rəfiqəsini yaxşı geyimdə görəndə isə onunla yol getməkdən imtina edirdi.

Psixoloqlar deyir, əgər digər qadınların xarici görünüşü, uğurları sizi qıcıqlandırırsa, bu siqnaldır. Deməli, sizin həyatınızda nə isə qaydasında deyil. Əgər bir başqasına verilən gül dəstəsi sizin əsəblərinizə toxunursa, deməli problem sizin tərəf-müqabilinizdədir. Yəqin ki o sizə qarşı yetərincə diqqətli deyil.

Bir xanımın dediklərindən:

“İşə yeni gələn qadın öz fərqliliyi ilə mənim əsəblərimə toxunurdu. Yaşına uyğun olmayan tərzdə geyinir, sahibindən icazə almadan bütün gözlükləri taxıb baxır, şəkil çəkdirməkdən zövq alır, hay-küylə danışırdı. Mən özüm qaraqabağam. Həyatımda o qədər problem var ki, üzüm gülmür. Bu qadının nəşəsi mənə pis təsir edirdi...”

Nəyə görəsə biz düşünürük ki, əgər insan deyib-gülürsə, deməli onun problemləri yoxdur, yaşamaq onun üçün asandır. Bu belə deyil. Sadəcə pozitiv adamlar həyata çəhrayı eynəklə baxırlar. Həyatı qəlizləşdirmir, kiçik sevinclərlə xoşbəxt ola bilirlər. Nikbin insanlar hətta ölüm haqqında da pozitiv düşünürlər, məsələn, Aqata Kristi “ölüm başa gələn ən böyük macəradır” deyirdi.

Psixoloqlar deyir ki, qadınlara nifrət hissindən sizi rəngli həyat xilas edə bilər. Bu həyat arzu etdiyimiz qədər gözəl olmaya da bilər, məsələ bundadır ki, biz onu gözəl görməli, adi sevinclərlə xoşbəxt ola bilməliyik.

“Daxili mizoginya” zərərlidir

“Daxili mizoginya” termini “feminizm” kimi kişilərdə ikrah doğurur. Onlar daxili mizoginyanı uydurulmuş problem kimi görürlər. Və nəticədə qadın problemlərinə işıq salmaq yerinə, bu terminlərin özünün mövcudluğunu çılğınlıqla müzakirə edirlər.

Bütün bunlar isə ona gətirib çıxarır ki, xurafat, stereotiplər, klişe, nifrət və qəzəb pərdəsi patriarxal cəmiyyəti bürüyür, qadınları özünə tabe edir, davranış normalarımızı dəyişir.