Qəssab qatillər, sovet qəhrəmanının cinayəti, dağılan tifaq... – <span style="color:red;">İstintaq davam edir
14 oktyabr 2019 20:15 (UTC +04:00)

Qəssab qatillər, sovet qəhrəmanının cinayəti, dağılan tifaq... – İstintaq davam edir

İlham Tumas

 

(Etik prinsiplərə görə, araşdırmada adlar və soyadlar dəyişdirilib)

 

Bu hadisə baş verəndə sovetlər birliyinin, deməli, həm də Azərbaycanın sakit illəri idi. Belə ağır cinayətlər haqda xəbərlər sosial şəbəkələrin düzgün, ya yanlış xəbər mənbəyi olduğu indiki zamandan fərqli olaraq, çox da geniş yayılmırdı. Ancaq bu cinayət özünün qeyri-adi qəddarlığı ilə nəinki adi vətəndaşları, hətta təcrübəli əməliyyatçıları, hüquq-mühafizə orqanları əməkdaşlarını belə şoka salmışdı. İstintaqımız davam edir!

Naməlum qadın meyiti

1982-ci il aprelin 14-də Bakının 4-cü mikrorayonunda, Suvorov ilə Pişəvəri küçələrinin kəsişdiyi yerdə yerləşən telefon qovşağının çuxurunda parça-parça edilərək, başı bədənindən ayrılmış naməlum qadın meyiti tapıldı. Nəsimi Rayon prokurorluğunda Azərbaycan SSR CM-nin 94-cü maddəsinin 6-cı bəndinin əlamətləri ilə cinayət işi başladı. Elə həmin gün prokurorun, prokuror-kriminalistin, müstəntiqlərin, tibb ekspertlərinin iştirakı ilə saat 12.15-də hadisə yerinə keçirilən baxış 2 saat yarım davam elədi və naməlum meyitin bir sıra əlamətləri məlum oldu. Meyitin sol, sağ qolu, ayaqları və başı bədənindən ayrılmışdı. Bədən hissələri tapılsa da, baş meyitin tapıldığı yerdə yox idi. Meyitin müayinəsi zamanı müəyyən edildi ki, sol kürək nahiyəsində iki xal, sol çiyin nahiyəsində və sol ayağının dizindən yuxarı hissəsində kəsilmiş yara izləri var. Bundan başqa, meyitin sağ qarın nahiyəsində kor bağırsaq cərrahiyyə əməliyyatının izi və həmin izin üzərində yeni kəsilmiş yaralar müşahidə edilmişdi. Meyitin bədən hissələri polietilen torbaya bükülmüşdü.

Elə həmin gün bədən hissələri ölüxanaya göndərilir. Məhkəmə tibb ekspertizası müəyyən edir ki, qətl 3-4 gün əvvəl törədilib, qurbanın təxminən 20-25 yaşı var. Vəssalam, bundan savayı heç bir məlum əlamət olmur. Bakının bütün rayon prokurorluqlarına itkin düşmüş qadın haqda məlumatın olub-olmaması ilə bağlı sorğular göndərilir. Ancaq bu sorğulardan da bir nəticə hasil olmur.

Yoxa çıxan bacıqızı

Nəhayət, may ayının 5-də Bakı Şəhər prokuroru Əliyev yoldaşa Bakı şəhər sakini Cəfərova Minayə tərəfindən ərizə daxil olur. Ərizədən məlum olur ki, bacısı qızı Zeynəbin 10 aprel 1982-ci il tarixdə evdən çıxıb, bir daha geri qayıtmaması haqda əvvəlcə onun keçmiş həyat yoldaşına deyib. Keçmiş ər milisə müraciət etməyi məsləhət görüb. Müraciətdən sonra ona ölüxanada naməlum qadın meyitinin olduğunu deyiblər. Minayə bu haqda bacısı qızının keçmiş ərinə deyib və onlar birlikdə ölüxanaya meyitə, daha doğrusu, meyitin hissələrinə baxmağa gediblər. Xala xarici əlamətlərindən, həmçinin ayağında olan kəsilmiş yaranın izindən meyitin bacısı qızına məxsus olduğunu təxmin etsə də, keçmiş ər ona adlarının biabır olmaması üçün bu təxminini heç kimə deməməyi tapşırır...

Ancaq üstündən bir müddət keçdikdən sonra qadın istintaqda verdiyi ifadələrdə şübhələrini dilə gətirir. İstintaq yoxa çıxan bacıqızı ilə bağlı davam edir... Cəfərovanın ifadəsi ilə əlaqədar itkin düşmüş Zeynəbin mənzilindən bir neçə yerdən əl-barmaq izləri götürülür. Aparılmış məhkəmə daktiloskopik ekspertizasının rəyi ilə sübuta yetirilir ki, yoxa çıxmış Zeynəbin mənzilindən götürülmüş əl-barmaq izləri tapılmış naməlum qadın meyitinin əl-barmaq izləri ilə uyğundur.

Beləliklə, istintaq yolu ilə müəyyən edilir ki, 14 aprel 1982-ci il tarixdə Suvorov və Pişəvəri küçələrinin kəsişdiyi yerdə tapılmış naməlum qadın meyiti Zeynəb Muradovaya məxsusdur.

Zeynəb Muradova 1956-cı ildə Bakıda anadan olub. Müxtəlif tibb müəssisələrində - əczaxanada, apteklərdə, sanatoriyada xadimə kimi çalışıb. Bütün çalışdığı yerlərdə qısamüddətli işləyib, 15 mart 1982-ci ildə yazdığı sonuncu tərcümeyi-halında qeyd elədiyi kimi, hər yerdən öz arzusu ilə çıxıb. 11 may 1978-ci ildə vətəndaş Vəliyev Vəli ilə nikaha girib, 8 oktyabr 1978-ci ildə ondan ayrılıb.

Kimdir bu Vəli?

Bu həmin Vəlidir ki, Zeynəbin xalası Minayə ilə ölüxanaya getmiş, xalasının “deyəsən, Zeynəbin meyitidir” şübhəsinə, “o deyil, adımızı biabır eləmə” demişdi. Bəs, bu Vəliyev Vəli kimdir?

Vəliyev Vəli 1929-cu ildə anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 170-ci maddəsinin 2-ci hissəsi ilə müqəssir bilinərək, 8 il müddətinə azadlıqdan mərhum edilib. Xatırladaq ki, bu, rüşvətxorluqda vasitəçilik maddəsiydi və iki ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı. Vəliyev Vəli 1977-ci ildən heç yerdə işləmir.

Keçmiş ərin nə tərcümeyi-halı, nə də Minayəyə Zeynəblə bağlı söylədiyi fikirlər onun şübhəli şəxs kimi istintaqa cəlb olunması üçün ciddi əsas deyildi, həm də əldə sanballı fakt yox idi. Müstəntiqlər onun həyat tərzi və digər əməllərinə diqqət yetirirlər...

Oğraşlıq maddəsi

Sumqayıt şəhər Daxili İşlər Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, milis kapitanı Verdiyevin 26 iyul 1982-ci ildə verdiyi qərardan oxuyuruq:

“Sumqayıt şəhər Daxili İşlər Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, milis kapitanı Verdiyev vətəndaş Vəliyev Vəli haqqında Azərbaycan SSR CM-nin 229-cu maddəsi ilə olan 42506 nömrəli cinayət işinə baxaraq və nəzərə alaraq ki, vətəndaş Vəliyev Vəli istintaq materialları ilə kifayət qədər müqəssir olur ondan ötrü ki, o, uzun müddət  ictimai faydalı əməklə məşğul olmayaraq tüfeyli həyat sürüb, əxlaqsızlıq yuvaları saxlayaraq oğraşlıqla məşğul olmuşdur.

Belə ki, Vəliyev Vəli 1981-ci ilin may ayında gələcəkdə əxlaqsızlıq yoluna salmaq məqsədi ilə yaşadığı Bakı şəhərindəki mənzilində Güləliyeva Esmiranı əxlaqsız hərəkətlər etmək üçün istintaqa məlum olmayan şəxslə tanış edərək bunun üçün şərait yaratmış, özü ilə həmin şəxsdən 100 manat pul almışdır.

Müqəssir sifətində cəlb olunması üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq qərar verdim:

Vəliyev Vəli müqəssir sifətində cəlb edilsin və ona Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 229-cu maddəsində nəzərdə tutulan müqəssirçilik elan edilsin!”

Xatırladaq ki, Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 229-cu maddəsinə əsasən əxlaqsızlıq yuvaları saxlama, habelə əxlaqsızlıq üçün oğraşlıq etmə və ya həmin məqsədlə qadınları cəlb etmə - köçürməklə və ya köçürmədən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı.

Sumqayıtdan başlanan istintaq

Əməliyyat işi belədir. Hər bir detala diqqət eləməlisən. Belə ki, ilk baxışdan aparılan işlə heç bir əlaqəsi olmayan incə bir nüans, səni baş vermiş olayın üstünə gətirib çıxara bilər. Bizim budəfəki istintaqda da belə olacaq. Çünki Vəliyev Vəlinin yarıtmaz əməlləri ilə bağlı Sumqayıtda başlanan cinayət işi ilə Bakıda tapılmış sabiq həyat yoldaşı Zeynəbin meyitinin əlaqəsi var.

İstintaq materialından məlum olur ki, həbsdən azad olunduqdan sonra Vəliyev Vəlinin əsas peşəsi yüngül təbiətli qadınları cəlb edərək kişilərlə tanış eləmək və buna görə onlardan pul almaq olub. Müstəntiqlər onun növbəti qurbanlarının izinə düşürlər. Qurbanların ifadələrindən aydın olur ki, Vəli onların iştirakı ilə tez-tez Məmməd adlı imkanlı bir şəxslə eyş-işrət məclislərində görüşürmüş.

Beləliklə, növbəti aradüzəltmə əməliyyatının detallarına diqqət edək.

Məlum olur ki, Vəliyev Vəli 1980-1982-ci illərdə Güləliyeva Esmira, Əyyubova Simuzər, Balayeva Zümrüd, Zeynalova Adilə, Rəhimova Nəsibə, İsakova Svetanı Məmməd adlı bir şəxslə tanış edib. Şahidlərdən Esmira ifadəsində göstərir ki, 1981-ci ildə Vəliyev Vəli ilə tanış olub, Vəli isə onu Məmməd adlı bir nəfərlə tanış edib.  Bundan sonra o, Məmmədov Məmmədlə görüşüb, ondan intim xidmətə görə 100 manat pul alıb.

Digər şahid Zeynalova Adilə 30 iyul 1982-ci il tarixli ifadəsində göstərir ki, 1980-ci ilin axırlarında Vəli onu Məmməd adlı biri ilə tanış edib, o, Məmmədlə öz mənzilində bir neçə dəfə görüşüb və hər dəfə bu adam ona 75-100 manat pul verib.

Şahid Balayeva Zümrüd isə ifadəsində yazır ki, Adiləni Məmməd adlı bir şəxslə tanış etdiyinə görə Məmməd Vəliyə 300 manat verib.

Digər şahid Rəhimova Nəsibə isə Vəlinin onu Məmmədlə 1980-ci ilin yay aylarında tanış etdiyini, Məmmədlə bir neçə dəfə görüşdüyünü, “sevgili”nin ona hər dəfə 50-100 manat pul verdiyini, bir dəfə plaş və üzərində beş manatlıq qızıl pul olan qızıl zəncir aldığını deyir.

Yeri gəlmişkən, onu da unutmadan qeyd edək. Şahidlər deyirlər ki, Vəliyev Vəli mərhum arvadından boşansa da, onunla da vaxtaşırı görüşürmüş. Məclislərin birində isə o, keçmiş arvadı Zeynəbi də Məmmədlə tanış edib. Bəs Məmməd kimdi?

Qəhrəman Məmməd

Vəliyev Vəlinin Məmmədlə tanış elədiyi, təbii ki, parça-parça olunmuş halda meyit tapılan Muradova Zeynəbdən başqa, bütün qadınlar ifadələrində bir kolxoz sədrindən, yəni Məmməddən danışırlar. Onlar həm də rayona getdiklərini, orada həmin Məmmədlə ayrı-ayrı vaxtlarda görüşdüklərini etiraf edirlər. Məmmədin kolxoz sədri olduğu rayonda şahidlər tapılır, onun qadınlarla görüşdüyü evin yeri bilinir və nəhayət, Məmmədin kimliyi istintaqa məlum olur... Bəli, Məmmədov Məmməd Azərbaycanın iri rayonlarından birində respublikada tanınmış kolxoz sədri, dövlətin ən ali mükafatlarını, təltiflərini almış bir əmək qəhrəmanı idi!

Vəlinin qadın vasitəçiliyi

Beləliklə, istintaq Vəli ilə qadınların üzləşməsini təşkil eləyir. Vəli əvvəlcə hər şeyi inkar eləsə də, qadınlar dediklərinin üstündə dururlar. Nəhayət, Vəliyev Vəli hər şeyi etiraf eləməli olur...

Vəli etiraf edir ki, həqiqətən Azərbaycanda məşhur adam olan əmək qəhrəmanı Məmmədov Məmmədlə tanışdır və onunla tez-tez həm rayonda, həm də Bakıda dəfələrlə görüşüb.

Bundan sonra Məmmədov Məmmədin ifadəsi alınır. O, qadınların və Vəlinin dediklərinin hamısının yalan olduğunu, ona böhtan atıldığını deyir. Növbədə üzləşdirmədir. Burda Məmmədov Məmməd Vəlini ağır söyüşlərlə təhqir edir, onu şərə saldığını deyir.

Bu üzləşdirmədə biz həm də 1982-ci il aprel ayının 14-də Bakının 4-cü mikrorayonunda, Suvorov ilə Pişəvəri küçələrinin kəsişdiyi yerdəki telefon qovşağının çuxurunda tapılmış qadın meyitinin oraya necə atıldığını biləcəyik.

Üzləşdirmədə dindirmə protokolu

10 avqust 1982-ci il.

Bakı şəhəri.

Bakı şəhər prokurorluğunun mühüm işlər müstəntiqi Qasımov

Azərbaycan SSRİ CPM-nin 161-ci maddəsinin tələblərinə riayət etməklə on gün Bakı şəhər prokurorunun iş otağında şübhəli şəxs kimi həbsə alınmış vətəndaş Məmmədov Məmməd və müqəssir Vəliyev Vəli arasında üzləşdirmə keçirtdim.

Müstəntiq: 

  • Qarşınızda oturan vətəndaşı tanıyırsınızmı, onunla münasibətiniz necədir?

Vəliyevin cavabı:

  • Qarşımda oturan Məmmədov Məmmədi 1972-ci ildən tanıyıram, onunla  münasibətim yaxşı olmuşdur.

Məmmədovun cavabı:

  • Qarşımda oturan Vəliyev Vəlini tanıyıram, nə vaxtdan tanımağım fikrimdə deyil. Əvvəllər onunla münasibətim yaxşı idi. Lakin sonralar onun pis əməllərinin şahidi oldum, ona görə də münasibətimiz pisləşmişdir.

Müstəntiq: 

  • Sabiq həyat yoldaşınız Muradova Zeynəbin öldürülməsi haqqında verdiyiniz ifadənizi təsdiq edirsinizmi, əgər təsdiq edirsinizsə, həmin ifadəni bir də vətəndaş Məmmədovun üzünə söyləməyinizi təklif edirəm.

 

Bu cinayətin necə törədilməsi haqda deyilənləri sonraya saxlayıb, qəhrəman sədrin verdiyi əvvəlki ifadəyə baxaq.

Məmmədov Məmməd əvvəllər onunla tanış olan qadınları, həmçinin Muradova Zeynəbi tanımadığını desə də, sonradan Vəlinin həqiqətən digər qadınları və Zeynəbi onunla tanış elədiyini, həmçinin mərhumla bir neçə dəfə görüşdüyünü etiraf edir. Ancaq özünün dediyinə görə, o, 10-13 aprel 1982-ci il tarixdə rayonda, kolxozda olmuşdur. Onun bu tarixdə həqiqətən rayonda olması isə işçilərinin ərizəsində də yer almışdı. Ancaq istintaqın xırdaca araşdırması yazılanların saxta olduğunu aşkara çıxarır. Və məlum olur ki, ərizəni işçilərə onun oğlu imza elətdirib. Bundan başqa, "Bakı" mehmanxanasından götürülmüş qəbzdən də aydın olur ki, Məmmədov Məmməd qətl törədilən gün, yəni aprelin 10-u Bakıda olub.

İndisə bu ağır cinayətin necə törədildiyini həm sabiq ərin, həm də Məmmədov Məmmədin dilindən eşitmək vaxtıdır.

Vəliyev Vəli hadisəni qısaca belə nəql edir:

“Zeynəblə Məmməd uzun müddət idi ki, görüşürdülər. Məmməd ona az pul verdiyindən Zeynəb ona hədə-qorxu gəlir, onun əməlləri haqda rayon partiya komitəsinin birinci katibinə məlumat verəcəyini deyirdi. Ona görə də Məmməd onu Vaqif küçəsində yerləşən qarajda başından dəmirlə vurub öldürdü, sonra hissələrə böldü. Mən də qorxumdan ona kömək elədim, meyiti aparıb, telefon lyukuna atdıq”. 

Məmmədov Məmməd isə deyir:

“Zeynəb qarajda yox, Vəlinin mənzilində öldürüldü. Biz axşam Vəlinin evində yemək zamanı araq da içdik. Zeynəb daha içmək istəməyəndə Vəli onu zorla içirtmək istədi, onu söydü. Zeynəb ona cavab verəndə Vəli içərisində araq olan rumkanı Zeynəbin üzünə çırpdı. Zeynəb yerindən qalxıb Vəlinin saçından tutub silkələdi. Vəli də stolun üstündə olan ütü ilə onun başından iki dəfə vurdu, Zeynəb yerə yıxıldı”.

Qadın doğranır

Artıq sonrası məlumdur: hələ diri olmasına baxmayaraq, qadının əvvəlcə başı kəsilir, sonra da bıçaq və balta ilə bədəni hissələrə bölünür. Vəli meyitin əlamətinə görə tanınmaması üçün sabiq arvadının kor bağırsaqdan əməliyyat olunduğu qarın hissəsini də bıçaqla yenidən yarır.

Qadının bədən hissələri 4-cü mikrorayonda Suvorovla Pişəvəri küçələrinin kəsişdiyi yerdə yerləşən telefon qovşağının çuxuruna atılır, başı isə sonradan Vəlinin göstərdiyi yerdə - zeytunluq adlanan ərazidə torpağa basdırılır...

 

Daha çox kimdir suçlu?

 

Etiraf olunmalıdır ki, Məmməd Məmmədovun bu cinayət işində Vəliyə nisbətən az günahkar olduğu ilə bağlı şübhələr də yox deyil. Məsələ bundadı ki, Məmməd Məmmədovun dedikləri sonradan ekspertiza nəticəsində təsdiqini tapır. Belə ki, Zeynəbin Vəlinin mənzilində qətlə yetirilməsi, onun keçmiş əri ilə əlbəyaxa olması, orada spirtli içki içməsi cinayət işinin digər istintaq materialları ilə də sübuta yetirilir. Bir də meyit tapıldıqda onun əlində bir neçə baş tükü müşahidə edilmişdi. Məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən, bu tüklər Vəliyev Vəlinin başının tükü ilə uyğun olur.

Həmçinin Vəlinin mənzilinə hadisə yerinə baxış keçirilən zaman bir neçə yerdə qan izləri tapılıb götürülür. Məhkəmə bioloji ekspertizasının rəyindən aydın olur ki, qan izləri qadın qanıdır və Muradova Zeynəbin qan qrupuna uyğundur. Deməli, hadisənin necə baş verməsi məsələsində daha çox Məmməd Məmmədovun dediklərinə inanmaq qalır.

Bu da hökm!

Qətldən düz 1 il 11 gün sonra Azərbaycan SSRİ Ali Məhkəməsinin hökmü ilə 10629 nömrəli cinayət işi üzrə təqsirləndirilən hər iki şəxsə ən ağır cəza – ölüm cəzası kəsilir.

Ancaq istintaq burada da bitmir. Hökmə qədər və hökmdən sonra, əsasən də Məmmədov Məmmədin ailəsi Moskvaya - müxtəlif dövlət qurumlarına onlarla teleqram və əfv xahişi ilə ərizə göndərirlər. Baş Katib Leonid İliç Brejnevin adına yazılan ərizələr, SSRİ Baş Prokurorluğuna, SSRİ Ali Məhkəməsinə vurulan teleqramlar axır ki, nəticə verir. 1985-ci il aprel ayının 16-da, nəhayət, son qərar çıxır. Bu iki sənəd iki insan taleyini əks etdirir.

“SSRİ Ali Soveti Rəyasət Heyətinin məhbus Məmmədov Məmmədin əfv olunması haqda əmrindən oxuyuruq: “SSRİ Ali Məhkəməsinin və SSRİ Prokurorluğunun təklifləri ilə işin konkret şəraiti nəzərə alınaraq, Azərbaycan SSRİ Ali Məhkəməsi tərəfindən barəsində ölüm hökmü çıxarılmış Məmmədov Məmmədin əfv olunması ilə bağlı vəsatətə baxan SSRİ Ali Soveti Rəyasət Heyəti qərara alır:

Məmmədov Məmməd əfv edilsin və barəsində çıxarılmış ölüm hökmü 15 il azadlıqdan məhrum etmə ilə əvəzlənsin.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədr müavini: Kuznetsov

SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi: Menteşaşvili

16 aprel 1985-ci il”

 

“SSRİ Ali Soveti Rəyasət Heyətinin barəsində ölüm hökmü kəsilmiş məhbus Vəliyev Vəlinin əfv olunması ilə bağlı vəsatətin rədd edilməsi haqda qərarında isə yazılıb: “Azərbaycan SSRİ Ali Məhkəməsi tərəfindən barəsində ölüm hökmü çıxarılmış Vəliyev Vəlinin əfv olunması ilə bağlı SSRİ Ali Məhkəməsinin və SSRİ Prokurorluğunun təkliflərinə baxıldıqdan sonra törədilən cinayətin əlahiddə ağırlığı, məhbusun yüksək dərəcəli ictimai təhlükəli olduğunu nəzərə alan SSRİ Ali Soveti Rəyasət Heyəti qərara alır:

Vəliyev Vəlinin əfv olunması ilə bağlı vəsatət rədd edilsin!

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədr müavini: Kuznetsov

SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi: Menteşaşvili

16 aprel 1985-ci il”

Bədəni parçalanan Zeynəbin taleyindən xəbərdar olduq. İki şəxsin sonrakı taleyindən də xəbərdar olaq.

Məmməd Məmmədov, deyilənə görə, 15 il həbsxana həyatından sonra xəstəlikdən vəfat edir. Zeynəbin keçmiş əri – Vəliyev Vəli barəsində kəsilmiş ölüm hökmü, yəni güllələnmə cəzası SSRİ Ali Sovetinin son qərarından 15 gün sonra yerinə yetirilir. Hər ikisinin günahlarının bağışlanması üçün dua edirik...

İstintaq davam edir!

P.S.

İctimai Televiziyanın efirində yayımlanan “İstintaq davam edir” layihəsi çərçivəsində Ali Məhkəmənin, Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Prokurorluğun arxiv materialları əsasında hazırlanmış filmlərin ssenari mətnini hər həftənin 1-ci günü Lent.az-dan oxuyun! 

 

Filmi bu linkdən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=CPvYB1zCVis

 

 

 

# 4134
avatar

İlham Tumas

Oxşar yazılar