1310
writer1

Cavi Dan

Məqalə sayı

17
16:25 04 Oktyabr 2019

Gilyotin tiyəsindəki desert

 
Aprelin 4-də özünü oxuduğu məktəbin üçüncü mərtəbəsinin pəncərəsindən ataraq intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ətrafında çevrə daraldıqca, bu prosesin nə ilə nəticələnəcəyini gözləyən auditoriyanın səbri də genişlənir.
Toplum bu cür şaxələnmiş və kölgədən bol olan prosesləri izləməyi çox sevir. Lakin bir şərtlə: cəza səhnəsini də görsün.
Cəza səhnəsi isə hələ də hazır deyil.
Çünki o səhnədə görünəcək sima bir deyil, iki deyil, üç də deyil...
 
Bəlkə də elə hamıdır, hamımızıq günahkar.
Bəlkə də bunu təhtəlşüurda da olsa hiss edib anladığımıza görə tələsmirik ortalığa gilyotin gətirməyə.
Özümüz özümüzümü edam edəcəyik?
Bir deyilik, iki deyilik, üç də deyilik.
 
Bəs sonuncu təqsirkarın baltasını endirənin aqibəti necə olacaq?
 
Edamdan qurtulacaqmı? Bəlkə onu bizim hamımızı baltalayandan sonra Elina kimi intihar etməyə razı salaq? Ya da əvvəldən çərlədək, daha doğrusu, dəbdəbə ilə "bullinq" edək, özü arzulasın intiharı? İşdir, bir az da güclü çıxsa, son çarə kimi Elinanın psixotrop dərmanlar aldığı adamlarla əlaqəsini təmin edək, alsın, atsın, sonra da özünü atsın. Yox, bu da alınmasa... o zaman Elinanı şantaj edən kişi qırığını və yekə kişini tapaq, onları məcbur edək ki, son sağ qalanımıza da təhdid mesajları yazsınlar, qarabaqara izləyib qorxutsunlar, haralarasa getməyə, nələrisə etməyə məcbur olub sınmayınca əl çəkməsinlər... Bu da alınmaz yəni? Alınmasa, o zaman Elinanın anasını, atasını dəvət edək, son sağ qalanımıza valideynlik etsinlər bir müddət. Biri evlənsin, digəri ərə getsin, son sağ qalanımız da başı başqa başlara qarışmış bu qadınla kişinin diqqətsizliyindən kənarda qalsın, ürəyinin dibinə qədər üşüsün sevgisizlikdən, beyninin son damarına qədər donsun biganəlikdən, ruhu darmadağın olsun.
 
Şantajların qorxusundan bir damcı vücudu ilə sözün həqiqi mənasında ortalıqda qalan, mənəviyyatı linc edilən 13 yaşlı balaca qızın sinif yoldaşlarını, məktəb dostlarını toplayaq, gəlsinlər, dəstəylə yallı getsinlər son sağ qalanımızın ətrafında, xorla təhqir etsinlər, xorla qəhqəhə çəksinlər, xorla da üfürüb pəncərə qarşısına itələsinlər... 
 
Sonra da...
 
Sonra da atsın o adam özünü o məktəbin o pəncərəsindən.
Atsa da ölməsin, halsız-hərəkətsiz gözləməli olsun, heç olmasa bu addımından sonra onu xilas edə biləcək insanları. Yaralı canıyla inildəsin, yaşamaq istədiyini, ölmək yox, sadəcə bir başqa variantda həyata davam etmək istədiyini deməyə çalışsın...amma bacarmasın. Çünki onu sürüsünlər 162 saylı məktəbin eks-direktorunun otağına, uzatsınlar quru yerdə, dindirsinlər, eşitmək və eşitdirmək istədikləri sözləri deməsinə çalışsınlar, yazsınlar telefonlarına, bir azını da vicdanlarının qara dəftərinə... Sonra çağırmasınlar təcili yardımı. Sonra polislər yada düşsün. Sonra daha nələr...və hər kəs öz xilasını və yaxın bildiyinin xilasını düşünsün, bircə nəfər də olsun ölümü ilə qucaq-qucağa inildəyən qurbanın xilasını düşünməsin....
Sizi bilmirəm, bu məsələ ilə bağlı keçirilən sonuncu məhkəmə prosesindən sonra üz-üzə gələn qarşı tərəf vəkillərinin mülahizələrini dinlədikcə, əslində 162 saylı məktəbin keçmiş direktorunun böyük bir lay divar olduğunu anladım. Bu qan ləkəsi hopmuş boz divarın o üzündə və kölgəsində nə qədər "gilyotin materialı olan" kəslər var və biz onları görə bilmirik, görə bilməyimizin də tək çarəsi bu divarı mərkəzdən kənara çəkməkdir, deyərdim. Mənə qalsa, Elinanın yazışdığı, onu təhdid edən 45 yaşlı o "yekə kişi"dən başlayardım hər şeyin izinə. Bəlkə də kələfin bir ucu elə Elinanın doğmalarında aşkara çıxacaqdı. Amma...onlar susurlar, bəlkə də təhdid edilirlər.
 
Boz divar isə gündən-günə böyüməkdədir və kimlərisə o tayında, kimlərisə kölgəsində gizlətməkdən başqa bir missiyası yoxdur. Günahı isə var: Elinanı ölüm təhlükəsi halındaykən təcili həkim yardımından məhrum etmək. Çox güman ki, özü də bunu anlayır və məhz buna görə də prosesdən 125-ci maddənin götürülməməsini istəyir...
 
Biz isə əsl təqsirkarların hamısının cəza səhnəsini tələb etməkdə davam edirik.
Səbrimiz genişlənir.
 
Gözümüz, könlümüz Elinanı söyən və öyən tərəflərin reaksiyalarına toxdur artıq.
Desert gözləyirik: gilyotin tiyəsində.