135
14:02
03 Oktyabr 2019

Beynəlxalq təşkilatlar erməni vəhşiliklərinə niyə susur? - RƏY

“Dünən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuz düşmən tərəfindən atəşə tutulması, nəticədə ekskavatorun sürücüsü, mülki şəxs Abışov Səfərəli Ələkbər oğlunun həyatını itirməsi Ermənistanın növbəti vəhşiliyinin təzahürüdür”.
Bunu APA -ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli bildirib.
Bundan əvvəl iyulun 28-də Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində düşmən snayperləri tərəfindən üzərində “Hərbi tibbi yardım” sözləri yazılan “UAZ” markalı avtomobilin atəşə tutulduğunu xatırladan Ü. Cəfərli deyib ki, Ermənistan silahlı bölmələri dəfələrlə belə əməllər törədib, təkcə hərbçilərə deyil, mülki əhaliyə qarşı da amansızlıq ediblər: “Füzuli istiqamətində azyaşlı Zəhra və nənəsinin qətlə yetirilməsi, daha sonra Tərtərdə, indi isə Qazaxda belə vəhşiliklər törədiblər. Beynəlxalq qurumların mülki şəxslərə atəş açılması, belə vəhşiliklər törədilməsi qarşısında susqunluq göstərməsi, biganəliyi qəbuledilməzdir”.
Ü.Cəfərli ötən həftə Qazaxda həmin ərazilərdə olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, Dövlət Sərhəd Xidməti (DSX) ictimaiyyət nümayəndələrinin vəziyyətlə yerində tanış olması üçün səfər təşkil edib: “Həmin ərazinin Ermənistanın heç bir aidiyyəti yoxdur. Həmin ekskavatorun sürücüsü də öz ərazimizdə müəyyən işlər həyata keçirirdi. Yayılan şəkillərdən də görünür ki, çox vicdansızcasına mülki şəxsə atəş açılıb, yaralayıblar. Sonra da həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məndə olan məlumata görə, DSX komandanlığı düşmənə layiqli cavab verilməsi barədə tapşırıq verib və düşmənə layiqli cavab verilib. Bu cavabın nədən ibarət olduğunu DSX özü açıqlasa, daha yaxşı olar. Bildiyim qədər, ekskavator sürücüsünə atəş açıldığı istiqamətdə ermənilərin də itkisi var. Həmin ərazidə daimi olaraq DSX-nın general rütbəsi daşıyan rəhbər şəxslərindən biri ön xətdə, əsgərlərin yanındadır”.
Ü.Cəfərli hesab edir ki, Ermənistan baş nazir Nikol Paşinyanın son dövrlər üzləşdiyi çətinliklər onu belə təxribatlara əl atmağa sövq edir. Həm də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri öncəsi belə bir hadisənin baş verməsi Ermənistan tərəfinin növbəti bir həyasızlığıdır: “Ermənistan dəfələrlə sübut edib ki, onlar üçün hər hansı beynəlxalq hüquq və norma anlayışı mövcud deyil. ATƏT-in Minsk Qrupunun monitorinqlər də mənasızdır. Görəcəksiniz ki, yaxın günlərdə də bir monitorinq keçirəcəklər. O monitorinqlərin heç birinin praktiki bir nəticəsi olmur. Atəşkəsin pozulması eyni qaydada davam edir”.
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov APA -ya açıqlamasında bildirib ki, Ermənistan müharibə dövrünün qaydalarına uyğun olmayan əməllərlə məşğuldur: “Füzuli istiqamətində nəvə və nənənin qətlə yetirilməsi, uşaq oyuncaqlarının içərisinə partlayıcı maddələrin qoyularaq çaylarla axıdılması, Qazax, Tovuz və digər bölgələrdə təsərrüfatla məşğul olan insanların mütəmadi atəşə tutulması faktları mövcuddur. Bütün bunlar müharibə qaydalarına tamamilə ziddir. Atəşkəs elan olunduğunu da nəzərə alsaq, belə hallar qətiyyən yolverilməzdir. Bu hadisəyə də ATƏT-in Minsk Qrupu dərhal reaksiya verməlidir. Minsk Qrupu bəyanat verməlidir ki, dinc sakinlərə atəş açmaq yolverilməzdir. Heç bir müharibədə, heç bir dövrdə dinc sakinlərə atəş açılmayıb, bunu ancaq Ermənistan silahlı bölmələri edə bilər. Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavator sürücüsünə atəş açılması ermənilərin növbəti cinayətidir. Onlar həmişə belə cinayətlərlə, terrorla, məsələn, metro partladılması, dinc sakinləri qətlə yetirmək, onlara işgəncə verməklə məşğul olublar. Xocalıda törədilən soyqırımı, vəhşilikləri yada salmaq kifayətdir. Hazırda Azərbaycanın işğal altındakı ərazilərdə girov götürülmüş iki mülki vətəndaşımız var. Onlara verilən işgəncələri üzlərinə baxanda hiss etmək olur. Ona görə də ATƏT-in Minsk Qrupu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu, İnsan Hüquqları üzrə Ali Komissarlığı Ermənistanın mülki şəxsləri hədəf seçməsinə ciddi reaksiya verməli, Ermənistanı bu cinayətləri törətməkdən çəkindirməlidirlər”.