1553
writer1

Rəşad Sultan

Məqalə sayı

3
12:51 02 Oktyabr 2019

Əsas həkimlik diplomu deyil, zəng edəndə "dzanım" deməkdir - Rəşad Sultan

Sürücülük vəsiqəsi olmadan maşın sürməyə ixtiyarımız var? Lap əla sürə bilsək də...

Bəs həkimlik diplomu olmadan həkimlik etməyə?

Lap əla cərrah olsaq da. Yoxsa, bacarana can qurban?

"Filankəsin əli çox yüngüldür". Budur həkimliyin meyarı, yoxsa Azərbaycan Dövlət Tibb Universitetinin verdiyi diplom?

"O qədər diplomlu həkimlər var ki, elə savadsızdılar, elədilər, belədirlər" deyənlərə: Yaxşı, nə deyirsiz? Necə olsun bu iş? Yola vəsiqəsiz sürücülər, xəstəxanalara da diplomsuz, təhsilsiz həkimlər doluşsun?

Deyəsən doluşmuş kimidir elə. Hamı sürür, amma dönərkən zolağını itirməyən çox azdır.

Hamı əməliyyat edir e, amma Ampisillin+Sulbaktam preparatlarında sulbaktamın vəzifəsinin stafilokoklar tərəfindən ifraz olunan Betta-laktamaza fermentini blokada etmək olduğunu hamı bilmir.

Bəlkə də xəstə üçün bunun çox da əhəmiyyəti yoxdur, əsas odur “burnumu qəşəng düzəltsin”, müayinədən əvvəl salavat çevirsin, zəng edəndə "dzanım" desin, instagramda qəşəng səhnəcikləri olsun.

Belə baxanda xəstə hardan bilsin ki, diaqnostik meyar nədir, tibbi protokol nədir, göstərişə görə instrumental müayinə, göstərişə görə əməliyyat nədir, göstərişlə dərman təyinatı nədir? Bunları bilmək, nəzarət etmək rəsmi orqanların işidir.

Elə tibb universiteti təhsili bunun üçündür də. Orda öyrədilir bunlar.

Necə deyərlər, diplom hər bir həkimin sürücülük vəsiqəsidir. Xəstələri müayinə və müalicə etməyə dövlət tərəfindən verilən rəsmi icazədir.

Bəs sizin həkiminizin diplomu varmı?

Bəs sizi və yaxınlarınızı müayinə və müalicə edən doğrudan da həkimdirmi?

"Nömrə 1" kimi tanıdığınız həkimlərin tibb universiteti təhsili varmı?

Yoxsa bu, çox da önəmli deyil artıq?

Və son olaraq, gördüyünüz bu fotolar həkim kimi çalışmağıma icazə verən sənədlərin surətidir. Özünü “1 nömrəli həkim” və s. adlandıranların belə sənədləri var? Varsa, onlar da həmin sənədləri ictimaiyyətə açıqlasınlar...

Cərrah-ginekoloq, uzman həkim Rəşad Sultan xüsusi olaraq e-tibb.az üçün