524
19:55
01 Oktyabr 2019

Süni zəka ilk dəfə gördüyü insanın səsilə danışdı - TEXNOLOGİYA

Böyük texnoloji şirkətlər kompüter səsinin təbii səslənməsinə böyük diqqət ayırırlar. Bu yolda IBM şirkəti süni zəka texnologiyası əsasında yaradılmış yeni alqoritmlə növbəti uğura imza atıb.
Lent.az "technote"a istinadən xəbər verir ki, şirkətin yaratdığı yeni alqoritm hansısa şəxsin səsi ilə tanış olduqdan 5 dəqiqə sonra həmin şəxsin səsi ilə danışa bilir.
Şirkətin verdiyi məlumata əasən bu yeni alqoritm real zaman ərzində dialoqlar qura, müxtəlif növ danışıq və səs tembri tərzinə adaptasiya ola bilir. Şirkət mütəxəssisləri qeyd ediblər ki, modul arxitekturası əsasında neyron nitqinin sintez olunması sayəsində onlar təbii səslənən kompüter səsi yarada biliblər. Sözügedən sistem 3 hissədən ibarətdir: Prosodiya (nitqin vurğu, intonasiya, intensivlik, temp və tembr kimi fonetik vahidləri çoxluğudur) funksiyasının prediktoru (proqnozlaşdırma üsulu), akustik özəlliklərin prediktoru və neyron vokoder (voice coder - nitq sintezi cihazı).
Bu 3 komponent birlikdə danışan şəxsin danışıq tərzini təyin etməkdə yardımçı olur və akustik təhrifləri nəzərə almaqla nitqin təqdim etmə enerjisini və yüksəkliyini ayarlayır. Şirkətin verdiyi məlumata əsasən hansısa şəxsin səsi ilə danışmaq üçün bu alqoritmə təyin edilmiş şəxsin səsi ilə 5 dəqiqəlik tanışlıq bəs edir. Yeni səs sintezi tenxologiyasının səslənmə nümunələri ilə IBM Watson saytında tanış olmaq olar.