1674
writer1

Aydın Talıbzadə

Məqalə sayı

2
14:17 30 Sentyabr 2019

Sevda Ələkbərzadə oxumur...

(caz qravürləri)

... əvvəlcə təəccüblənirsən: köhnə tanışı tanımadığına təəccüblənirsən, sözün yeni səs formasında “pərvazlanmasına”, sözlə səsin “hörüklənməsinə”, sözün səs dekonstruksiyasına təəccüblənirsən, hərflərə səpələnən intonasiyalara təəccüblənirsən, Azərbaycan xalq mahnılarının Afrika aborigenlərinin etnik musiqisilə “rənglənməsinə”, milli bəstəkarların klassik əsərlərində caz imrovizlərinin tüğyan etməsinə təəccüblənirsən...

Təəccüblənirsən və Sevda Ələkbərzadənin qaltanlı səsinin hamar, ovsunlayıcı bəminə heyrətlənirsən... Ona heyrətlənirsən ki, bu səs sanki ilan kimi sürünür, qıvrılır isti səhra qumsallığında; qabıq qoymağa, qabığından qurtulmağa bir daş, bir kölgəlik axtarır...

Sevda Ələkbərzadə oxumur, ayin qurur, törən düzəldir, musiqini duaya çevirir, əfsun söyləyir, mahnının mistik kosmosunu yaradır.

Bir az da dinləyirsən Sevda Ələkbərzadəni və aram-aram xoşhallanırsan, duyursan ki, sənin ruhun Sevdanın gəzişmələrini ləpir-ləpir tapdalayır, onun səsinə qoşulub göyərçin kimi asimana atılmağa hazırlaşır. Çünki müğənni mahnısını zikr, təlqin ovqatına kökləyir.

Azərbaycan cazının qadın dərvişi məhz bu xanımdır, gündüz-gecə sufi təlqinlərinin ritmilə yaşayan bir xanım...

Sonra daha biraz dinləyirsən, sonra daha biraz, daha biraz və qəfildən görürsən ki, sən məkanda deyilsən, sən yoxsan, Sevdanın nəfəsi ilə ovsunlanmısan, sehrə düşmüsən: elə bir sehrə ki, bir səs-şaman, bir zəngulə-cadugər sənin əlindən yapışıb çəkir arxasıyca...

Çəkir səmaya doğru...

Çəkir tanrıya doğru...

Salam, Allah: səsi, duyğusal yanaşmanı, ilahi eşqdə dünyaya baxıb heyran-heyran oxumağı, improvizi, vəcd ovqatını Sən ona ərmağan etmisən. O da səsiylə Sənə sarı yol gəlir, Allahım, gündüz-gecə...

Mən heç nə bilmirəm, bildiklərim su olur, torpaq olur, əriyir, itir Sevdanın avazı qarşısında.

İbn Ərabi, islam aləminin dinşünas-filosoflarından biri, deyib ki, “Allahın ən kamil təcəllası qadındır”.

Sevdanın səsinə bürünəndə varlığın ölçüləri dəyişir mənim üçün: birdən-birə inanıram ki, paralel kainatlar həqiqətən mövcuddur; birdən-birə inanıram ki, insan dalğadır, səslə əl-ələ tutub fəzanı dolaşa bilər.

Şəbi-hicran yanar canım...

Burada yaddaş silinir: keçmiş və gələcək indinin içində öpüşüb ölür.

Caz XX əsrin ağ və qara “şaman”larının musiqisidir.

Sevda oxumur, səs performansı göstərir.

Onu dinlərkən xəyalımda əli qavallı Sibir şamanlarının obrazı peyda olur.

Onu dinlərkən cənnət quşlarının əlvan lələklərilə bəzənmiş Afrika qəbilələri gəlir gözlərim önünə. Lakin nədənsə bu adamları yorğun, hüznlü, qəmgin görürəm...

Onu dinlərkən Misir ehramlarında fironların sarkofaqlarından tapılmış ləl-cəvahirat, qızıl sinəbəndlər fırlanır təsəvvürümdə...

Onu dinlərkən İçəri Şəhər, karvansara, dəvələr şəkillənir buludlarda...

Onu dinlərkən Pəri Cadunun gerçəkliyinə şübhə eləmirəm...

Çox qəribədir, Sevdanın səsi elə bil infernal dünya ilə əlaqədədir. Onun avazında iki cahan sanki bir-birilə pıçıldaşıb söhbət edir, hərdən nalə qoparıb bir-birindən uzaqlaşır, hərdən isə qol-boyun olub yuxuya gedir.

Sevda nə oxuyursa, oxusun, orada mütləq bir yanğı, gizli bir fəryad, itirilmiş sevgi və ya itirilmiş cənnət üçün bir həsrət özünü büruzə verir.

Görəsən, xoşbəxtliyin dərdi ola bilər?

Sevda öz improvizlərində arxetipləri mahnıya çevirir, arxetiplərin səs ekvivalentlərini aşkarlamağa çalışır. Ona görə Sevdanın oxumaları magiya, erotizm, sirr və gizli ehtiraslarla doludur. Səsi Sevdanı danışır: çünki bütün bədəni, canı, ekzistensiyası ilə oxuyur, ruhu ilə oxuyur, barmaqlarının ucu, gözlərinin içi ilə oxuyur.

Sevda Ələkbərzadənin yaradıcılığı bir küll halında Azərbaycan folkloruna, Azərbaycan ədəbiyyatına bir refleksiyadır, onun caz yozumudur, müasir musiqi təfsiridir.

Mən musiqişünas deyiləm. Odur ki, bayaqdan fikirləşirəm, Ella Fitsceraldla Tina Työrner arasında olan bir məsafədə Sevda Ələkbərzadə hansı mövqedə qərarlaşır? Dəqiq söyləyə bilməyəcəyəm. Amma onu dəqiq bilirəm ki, Sevda respublikanın sərvətidir, bizim hamımızın sərvətidir, musiqi mədəniyyətimizin özünəməxsus Rəbiyə əl-Ədəviyyəsidir, səsiylə sufi şeirləri yazan müğənnidir.