395
12:28
30 Sentyabr 2019

Dilqəm Əsgərov 6 ildir ad gününü Şuşa həbsxanasında keçirir: "Atam ..."

Bu gün Dağlıq Qarabağda girov götürülən Dilqəm Əsgərovun ad günüdür.
Bununla bağlı Lent.az -a danışan D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib ki, 1960-cı ilin bu günü Kəlbəcər rayonunun Şaplar kəndində anadan olan atası artıq 6 ildir doğum gününü erməni girovluğunda, Şuşa türməsində qeyd edir:
“Ona dəfələrlə ermənilər bildiriblər ki, Dağlıq Qarabağın prezidentindən əfv istəsin və azadlığa çıxsın, ancaq atam bunu qəbul etməyib. Həmçinin məhkəmədə də deyib ki, məni buraxsanız da, yenə Kəlbəcərə gələcəm, çünki ora vətənimdir.
Mənim atam heç vaxt Kəlbəcərin işğalı ilə barışa bilməyib. Ona arzum tezlikdə azadlığa çıxmasıdır”.
K.Əsgərov qeyd edib ki, bu ay Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları atası ilə bağlı məlumat verib:
“Mənə dedilər ki, atamın vəziyyəti yaxşıdır. Ancaq yenə də video, məktub, foto mənə gəlib çatmadı. Bununla bağlı yenə də deyirlər ki, atamın özü istəmir. Artıq 2 ilə yaxındır ondan nə məktub, nə də video, foto ala bilmirəm”.
Dilqəm Əsgərovun oğlu son olaraq deyib ki, artıq atasının adını daşıdığı oğlunun gələn ay 4 ayı olacaq:
“Arzularımdan biri də onun babası ilə qovuşmasıdır”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.